Ölkəmizdə işgüzar səfərdə olan Avropa Şurası katibliyinin İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının insan hüquqları üzrə direktoru Kristof Puarelin başçılıq etdiyi nümayəndə heyəti ilə dünən Konstitusiya Məhkəməsində görüş keçirilib.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında səmərəli hüquq əməkdaşlığının davam etdirilməsinin vacibliyi qeyd edilib, məhkəmə-hüquq sahəsində aparılan islahatlar, insan hüquqlarının təmin olunmasında məhkəmələrin qarşısında duran vəzifələrə, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlığın əhəmiyyətinə toxunulub.
Qeyd edilib ki, Konstitusiya Məhkəməsi beynəlxalq məhkəmə-hüquq əməkdaşlığına xüsusi diqqət yetirir. Konstitusiya Məhkəməsi qəbul etdiyi bir çox qərarlarda hüquqi mövqeyini əsaslandırmaq məqsədilə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasını Plenumun qərarlarında geniş tətbiq etməklə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edir.
XQ

