Milli-mənəvi dəyərlərin təbliğində, dövlətçilik ideyaların aşılanmasında və gənclərin maariflənməsində xidmətlərinə görə 70 nəfər media nümayəndəsi "Hədəf -15 Döş Nişanı"na layiq görülüb.
“Xalq qəzeti” xəbər verir ki, Hədəf Şirkətlər Qrupu idarə heyətinin qərarı ilə təsis edilən döş nişanı elm, təhsil, mədəniyyət kimi sahələrin inkişafında xidmətlərinə görə Azərbaycan ziyalılarına təqdim edilir. Milli Mətbuat Günü münasibəti ilə şirkətin baş ofisində təşkil edilən tədbirdə Hədəf Şirkətlər Qrupunun qurucu-direktoru Şəmil Sadiq milli təhsil brendimiz olan şirkət haqqında geniş məlumat verdi, mətbuatla sıx əlaqələrindən danışdı, mükafatçıları təbrik edib Hədəfə göstərdikləri dost münasibətə görə təşəkkürünü bildirdi.
Tədbirdə mediamızın tanınmış nümayəndələri Rauf Arifoğlu, Aqil Ələsgər, Elnur Eltürk, Cavid Qədir, Anar Turan, Toğrul Allahverdi, Bəhruz Quliyev, İlqar Rəsul, Zaur İbrahimli, Günel Mönsümova, Rahil Kərimov, Şahin Nəcəfov və digərləri iştirak etdi. Çıxış edənlər Hədəf Şirkətlər Qrupunun Azərbaycan təhsilindəki yerindən, qazandığı uğurlardan, təhsilimizi verdiyi töhfələrdən və Hədəf Konseptindəki yeniliklərdən danışdılar. Qonaqlar baş ofis və əməkdaşlar ilə tanış oldular.
Anar ƏLİ,
“Xalq qəzeti”