Hindistan buğda idxal rüsumunu ləğv edə bilər

post-img

Hindistan hökuməti ölkədə ərzaq inflyasiyası ilə mübarizə tədbirləri çərçivəsində buğdaya idxal rüsumunun götürülməsi imkanlarını öyrənir.  TASS xəbər verir ki, bu barədə ölkənin İstehlakçı Məsələləri və Ərzaq Paylanması Nazirliyinin nümayəndəsi Sanjeev Çopra bildirib.

“Bizim buğdaya idxal rüsumlarının azaldılması və ya ləğv edilməsi, eləcə də tədarükçülərin anbarlarında taxılın icazə verilən həcminin tənzimlənməsi kimi qiymətə nəzarət variantlarımız var. Biz bu variantları nəzərdən keçiririk”, - Çopra "Reuters"ə bildirib.

İyun ayında Hindistan hökuməti 2008-ci ildən bəri ilk dəfə istehsalçıların və tədarükçülərin anbarda saxlamasına icazə verilən buğdanın miqdarına məhdudiyyətlər qoyub. Ölkənin hakimiyyət orqanları inflyasiya ilə mübarizə aparmaq üçün belə bir addım atıblar.

Cümə axşamı Hindistanın Kənd Təsərrüfatı və Fermerlərin Rifahı Nazirliyinin yüksək rütbəli rəsmisi TASS-a adının açıqlanmaması şərti ilə bildirib ki, ölkə daxili qiymətlərin artması və 2023-cü ildə zəif məhsul yığımı üçün proqnozlar səbəbindən Rusiyadan bir neçə milyon ton buğda almağı nəzərdən keçirir. Eyni zamanda, o, qeyd edib ki, bu məsələ ilə bağlı danışıqlar hələ aparılmır. "Reuters"in məlumatına görə, Çopra cümə günü Hindistanın Rusiyadan taxıl idxal etmək və ya onunla müvafiq hökumət sazişi bağlamaq planlarının olmadığını təsdiqləyib.

"Xalq qəzeti"

İqtisadiyyat