Çin turizmi dərin böhran içindədir

post-img

COVID-ə qarşı təxminən üç illik “sıfır tolerantlıq” siyasətindən sonra 2023-cü ilin əvvəlində sərhədlərin açılmasına baxmayaraq, Çinin turizm sənayesi dərin böhran içindədir. Ölkəyə xarici turist axını hələ də bərpa olunmaqdan çox uzaqdır. Bu barədə The Wall Street Journal məlumat yayıb.

WSJ-nin məlumatına görə, 2023-cü ilin birinci rübündə Çinə cəmi 52 min əcnəbi səfər edib. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 98% azdır.

Ümumdünya Turizm Alyansı sənayenin "çarpıntı və depressiya vəziyyətində olduğunu" bəyan edib. Alyans hesab edir ki, turistlərin sayının kəskin azalmasına səbəb ölkənin 3 ildir turistlərin üzünə bağlanması, logistik zəncirlərin, eləcə də sadə turizm infrastrukturunun dəyişməsidir.

Vəziyyət Çinin Qərblə münasibətlərinin pisləşməsi ilə mürəkkəbləşib. İyul ayında ABŞ Dövlət Departamenti özbaşına həbslər riski səbəbindən Çinə səfər etməmək barədə xəbərdarlıq etmişdi.

Nəşrin müsahibə götürdüyü ekspertlər hesab edirlər ki, turist azlığı Çin iqtisadiyyatına ziyan vurur, baxmayaraq ki, ölkə turizmdən qonşuları ilə müqayisədə daha az asılıdır. Hələlik Çin hakimiyyəti sənayeni stimullaşdırmaq üçün tədbirlər görməyə tələsmir.

S.ELAY,

"Xalq qəzeti"

İqtisadiyyat