Bakıda ICCIA-nın 35-ci iclası çərçivəsində tərəflər arasında dörd memorandum imzalanıb

post-img

İyulun 17-də Bakıda İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası keçirilib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev 

bildirib ki,  Azərbaycan böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir və ölkəmizin inkişafı, regionda və dünyada söz sahibinə çevrilməsi Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsidir. 

M.Musayev vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 80-ə yaxın investisiya layihəsinin icrasına başlanılıb. Bunlar əsasən sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sektorlarını əhatə edir.

 Azərbaycanda qida təhlükəsizliyi sahəsi barədə məlumat verən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, Avropa İttifaqına yun, dəri, eləcə də balıq kürüləri ixracına icazələr əldə edilib.

Azərbaycanda həyata keçirilən iqtisadi layihələr barədə məlumat verən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, müsəlman ölkələrin potensialını nəzərə alaraq, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına (ICCIA) üzv olan ölkələrlə əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac var.

Kiçik Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov bildirib ki, bu günədək KOBİA-ya 1493 şirkətdən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya yatırmaq üçün müraciət daxil olub. Bunlardan 490-ı 37 ölkədən olan xarici investorlardır.

ICCIA-nın prezidenti Abdullah Saleh Kamel bildirib ki, İslam ölkələrinin Azərbaycanda investisiya layihələri həyata keçirmək potensialı və istəyi böyükdür: “Nəhayət ki, Azərbaycan illər sonra torpaqlarını işğaldan azad etdi. Həmin ərazilərdə də investisiya potensialını görürük və gələcəkdə bu imkanların dəyərləndirilməsi mümkündür”.

ICCIA-nın 35-ci iclası çərçivəsində tərəflər arasında dörd memorandum imzalanıb:

1. İslam Palatasının Halal Xidməti (ICHS) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında memorandum;

2. Mavritaniya Ticarət Palatası (CCIAM) və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası (ICCIA) arasında memorandum;

3. KOBİA və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası (ICCIA) arasında memorandum;

4. ICCIA, KOBİA, Beynəlxalq İslam Biznesi Assosiasiyası, Dövlət Turizm Agentliyi və “Caspian Event Organisers” MMC arasında memorandum.

Qeyd edək ki, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının üzv ölkələrinin ərazisi 31.8 milyon kvadrat kilometrdən çoxdur. Dünyanın quru sahəsinin 6.2 faizi bu dövlətlərin payına düşür. Üzv ölkələrin əhalisi 1 milyard 900 milyon nəfərdən çoxdur, bu isə dünya əhalisinin 23.8 faizi deməkdir. İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv ölkələrin ümumi daxili məhsulunun həcmi 9 trilyon dollardan çoxdur. Bu isə qlobal ümumi daxili məhsulun 9 faizini təşkil edir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 18 faizi və ya 9.3 milyard ABŞ dolları İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının üzv ölkələrinin payına düşür.

Son xəbərlər