İqtisadi sabitliyə nail olunsa da bank kreditləri faizlərinin yüksək olması vətəndaşlarımızın məhkəmə mübahisələrinə səbəb oldu

post-img

Problemli kreditlər termininin daha çox işləndiyi və onun xüsusi çəkisinin artdığı zaman intervalı-2017-2019-cu illərdə bank sektorunda kreditləşmənin həcmi 5 milyard manat, 2018-ci ildə 7,6 milyard manat, ümumilikdə, 2018-2019-cu illərdə 14,5 milyard manat təşkil edib ki, bunun da 8,1 milyard manata yaxını biznes kreditləri, 6,4 milyard manatı istehlak kreditləri olub.

Bu fikirləri  Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc “Bank mübahisələrinin uğurlu həlli yolları” adlı elmi-praktik konfransda çıxışı zamanı deyib.

O bildirib ki, ölkə rəhbərinin siyasi iradəsi və prosesə müdaxiləsi son nəticədə bank sektorunun tənzimlənməsinə dair mövcud qanunvericiliyə - “Bankın kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na və “Bir borcalan və ya bir-biri ilə bağlı borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi Qaydaları”na mühüm dəyişikliklərə, biznes kreditləri üzrə risk dərəcələrinin aşağı salınmasına, artan istehlak borclarının qarşısının alınmasına və hüquqlarının qorunmasına, klassik maliyyə alətləri ilə yanaşı, bazarda təklif olunan müxtəlif alternativ maliyyə alətlərinin meydana çıxmasına səbəb olub.

STM rəhbəri qeyd edib ki, kreditlərin verilməsində girov mühüm tələblərdən biridir. Daşınmaz əmlak kiçik və orta sahibkarlıq aktivlərinin 24%-ni təşkil etsə də, kreditlər üçün qoyulan girovun 80 %-ə qədəri daşınmaz əmlakın payına düşür. Belə bir şəraitdə sahibkarların kreditlərə çıxış imkanlarının artırılması və müvafiq infrastrukturun gücləndirilməsi məqsədilə Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri yaradıldı. Beləliklə, iqtisadi sabitliyə 2018-ci ildə nail olunsa da bank kreditlərinin faizlərinin yüksək olması qeyri-rəsmi olaraq, 200 minə çatan vətəndaşlarımızın məhkəmə mübahisələrinə səbəb oldu. Z. Oruc belə vəziyyətin istənilən ölkə üçün maliyyə və sosial sabitlik üçün böyük risk olduğunu bildirib.

Anar ƏLİ,
“Xalq qəzeti”

Son xəbərlər