Özbəkistanda keçirilmiş növbədənkənar prezident seçkilərində Azərbaycan Mərkəzi Seçki Komisiyasının nümayəndələri müşahidəçi qismində iştirak ediblər. Komisiyasının sədri Məzahir Pənahov Özbəkistan MSK-nın sədri Zayniddin Nizamxocayevlə görüşüb. Bu barədə qəzetimizə Azərbaycan MSK-dan məlumat verilib.
Məlumata görə, görüş zamanı Məzahir Pənahova prezident seçkilərinə hazırlıqlar, bu məqsədlə atılan addımlar, prosesə qatılan beynəlxalq və yerli müşahidəçilər, eləcə də səsvermə prosesi haqqında ətraflı məlumat verilib.
Azərbaycan Mərkəzi Seçki Komisiyasının nümayəndələri 3 xətt üzrə – Mərkəzi Seçki Komisiyasının, Türk Dövlətləri Təşkilatının və Müstəqil Dövlətlər Birliyinin dəvəti ilə seçkilərdə müşahidəçi kimi iştirak ediblər. Daşkənd ərazisində 30-dan çox məntəqədə müşahidə aparan nümayəndə heyətimiz seçkilərin nəticəsinə kölgə sala biləcək hər hansı bir neqativ halla rastlaşmayıb. Müşahidəçilərin rəylərinə əsasən, bütün səviyyələrdə seçkilərin hazırlanması və keçirilməsində seçki komissiyalarının peşəkarlığı hiss olunurdu və sakit atmosferdə keçən səsvermə prosesində seçicilər azad və sərbəst şəkildə öz seçki hüququnu gerçəkləşdirirdilər. Səsvermə huququ olan 19 445 258 vətəndaşdan təxminən 70 faizinın aktiv iştirak etdiyi seçkilər şəffaf keçirilib.
Özbəkistan MSK-nın verdiyi ilkin məlumata görə, hazırkı Prezident Şavkat Mirziyoyev 4 namizəd arasında 87.05 faiz səs toplayaraq yenidən dövlət başçısı seçilib.
Rüfət MƏHƏRRƏMOV