Xarici diplomatların Qarabağa səfəri başa çatıb

post-img

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri başa çatıb.

Səfər işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri ilə tanış olmaq məqsədilə həyata keçirilib.

Nümayəndə heyətinə 33 ölkədən 60-a yaxın diplomat və hərbi attaşe, o cümlədən 10 təşkilatın nümayəndəsi daxildir.

Diplomatları müşayiət edən media nümayəndələri arasındakı “Xalq qəzeti”nin təmsilçisi Vaqif Bayramov bildirib ki, əvvəlcə xarici diplomatlar Azərbaycan və Ermənistan arasında Laçın sərhəd-keçid məntəqəsinin yerləşdiyi körpüyə gəliblər. Onlara Ermənistanın son təxribatları, nəticədə azərbaycanlı sərhədçinin yaralanması barədə məlumat verilib.

Sonra qonaqlar Laçında aparılan bərpa işləri ilə tanış olublar. 1 dekabr küçəsində tikilmiş birinci yaşayış məhəlləsinə baxış keçirilib. Qonaqlar doğma yurdlarına qayıdan sakinlərlə söhbət ediblər.

Diplomatik korpusun nümayəndələri tikilməkdə olan Aqrar-Sənaye Parkında və Laçın Bulvarında da olublar.

Səfərin sonunda xarici diplomatlar və hərbi attaşelər Zabux və Ağalı kəndlərində olublar.

Son xəbərlər