Erməni təxribat-diversiya qrupunun işinə Ağır Cinayətlər Məhkəməsində baxılacaq

post-img

Mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktına dair Baş Prokurorluğun İstintaq idarəsində aparılan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla Ermənistan Respublikası­nın vətəndaşları olan erməni hərbi qul­luqçuları – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cari il mayın 26-sı saat 19 ra­dələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qa­nunsuz əldə etdikləri odlu silah və döyüş sursatları ilə Dövlət Sərhəd Xidmətinin Zəngilan sərhəd dəstəsinin xidmətdə olan hərbi qulluqçularına qarşı zor tətbiq etməklə qanunsuz keçərək, odlu silah və döyüş sursatlarını qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçı­lıq yolu ilə Zəngilan rayonunun Rəzdərə kəndinə keçirməklə ölkəmizdə terror aktı törədəcəkləri ilə hədələmələri, bu məqsədlə Azərbaycan Respublikasının Zəngilan rayonu Rəzdərə kəndi ərazisin­də yerləşən və dövlət sərhədini mühafizə edən Azərbaycan Respublikasının hərbi hissəsinin hərbi qulluqçularına silahla atəş açaraq hücum etmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.

İstintaqla, həmçinin, müəyyən edil­mişdir ki, ordumuzun hərbi qulluqçuları tərəfindən hücumlarının qarşısı qətiy­yətlə alınaraq qaçmağa çalışan erməni diversiya qrupunun adları qeyd olunan üzvləri saxlanılan zaman Ovagimyan Arutyun Yurikoviçdən cinayətin aləti olan 1 ədəd “Kalaşnikov” markalı “AKM” mo­delli odlu silah və içərisində 10 ədəd 5.45 mm kalibrli döyüş patronları olan 1 ədəd daraq götürülüb.

Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçə Azərbay­can Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sur­satının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifa­də etməklə törədildikdə), 228.2.1 (qabaq­cadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq et­məklə milli düşmənçiliyin salınmasına aş­kar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azər­baycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə yekun ittihamlar elan edilərək cinayət işi 21 iyun 2023-cü il tarixdə baxılması üçün Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Xalq qəzeti”

Son xəbərlər