İyunun 5-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən Gənc Diplomatlar üçün Xarici Siyasət Proqramının məzun günü keçirilib.
Məzun günündə xarici işlər naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, XİN-in struktur bölmə rəhbərləri və gənc diplomatlar iştirak ediblər.
Tədbirdə salamlama nitqi ilə çıxış edən ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə 8 ay müddətində baş tutan Xarici Siyasət Proqramının yekunlaşması münasibətilə proqram iştirakçılarını təbrik edib, onlara diplomatik fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra 2022-ci il oktyabrın 10-dan 2023-cü il mayın 20-dək həyata keçirilən Xarici Siyasət Proqramının məzmunu, müxtəlif sahələr üzrə təşkil olunmuş təlimlər və səfərlər haqqında ətraflı məlumat verilib.
Daha sonra Xarici Siyasət Proqramının hesabat videoçarxı nümayiş olunub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çoxmərhələli imtahan prosesi nəticəsində diplomatik xidmətə qəbul olunmuş gənc diplomatları Xarici Siyasət Proqramının məzunu olmaları münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Hazırkı dövrdə transformasiyaya uğrayan beynəlxalq münasibətlər sistemində ölkəmizin milli maraqlarına əsaslanan Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun irəlilədilməsində diplomatların üzərinə mühüm vəzifələrin düşdüyü qeyd olunub. Nazir Ceyhun Bayramov bu istiqamətdə çağırışların öhdəsindən gəlmək üçün diplomatların bilik və bacarıqlarının artırılmasının vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən və öz diplomatik təcrübəsini iştirakçılarla bölüşən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev gənc diplomatlara fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra gənc diplomatlar Xarici Siyasət Proqramı haqqında fikir və təəssüratlarını bölüşüb, təşkilatçılara təşəkkürlərini bildiriblər.
“Xalq qəzeti”