Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Cevdet Yılmaza Türkiyə Respublikasının Vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda Cevdet Yılmazın yüksək vəzifəyə təyinatı qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın ona olan böyük inam və etimadının aşkar təzahürü kimi qiymətləndirilib.
Vurğulanıb ki, son illər ərzində Türkiyə hərtərəfli inkişaf nümayiş etdirərək beynəlxalq aləmdə güc mərkəzinə çevrilib.
Məmnunluqla qeyd olunub ki, möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Türkiyə əməkdaşlıq münasibətləri bu müddət ərzində prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qətiyyətli səyləri ilə möhtəşəm yol keçərək sarsılmaz dostluq və qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib.
Azərbaycan və Türkiyənin birgə səyləri ilə həyata keçirilən nəhəng layihələrin iki ölkənin, eləcə də regionun dünya miqyasında əhəmiyyətini artırdığı, bölgədə sülhə, əməkdaşlığa və inkişafa xidmət etdiyi bildirilib.
***
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının sabiq Vitse-prezidenti Fuat Oktaya təşəkkür məktubu ünvanlayıb.
Məktubda Türkiyənin Vitse-prezidenti olduğu müddətdə Azərbaycan ilə münasibətlərin inkişafına yetirdiyi diqqətə görə F.Oktaya minnətdarlıq ifadə olunub.
F.Oktayın İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri kimi Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif sahələrdə genişləndirilməsinə verdiyi töhfə yüksək qiymətləndirilib.