Fransada etirazlar pensiya islahatları çərçivəsindən çıxır

post-img

Fransada yüz minlərlə insan 1 may nümayişinə çıxıb və yenidən qeyri-populyar pensiya islahatlarına etiraz bildirib. Ölkənin ayrı-ayrı yerlərində etiraz nümayişinə mane olmağa çalışan 400-dən çox polis əməkdaşı və jandarm müxtəlif dərəcəli xəsarətlər alıb. Məlumatı “Euronews” verib. 

Fransanın daxili işlər naziri Jerald Dermanen bildirib ki, təkcə Parisdə ke­çirilmiş nümayişdə 20 asayiş keşikçisi yaralanıb. Bundan əlavə, bütün ölkə üzrə 540, təkcə Paris üzrə 300-dən ar­tıq nümayişçi saxlanılıb.

DİN-in məlumatında qeyd edilir ki, bütün ölkə üzrə nümayişlərdə 800 min insan iştirak edib. Müxtəlif şəhərlərdə keçirilmiş tədbirlərin təşkilatçıları isə bəyan ediblər ki, bu, ümümxalq etira­zı olub və iştirakçıların sayı hökumətin elan etdiyindən dəfələrlə artıq – azı 2 milyon nəfər olub.

Qeyd edək ki, bu ilin payızında pen­siya yaşının 62-dən 64-ə qaldırılma­sını və bir sıra pensiya güzəştlərinin ləğvini nəzərdə tutan pensiya islahat­ları ilə bağlı qanun qüvvəyə minəcək. Hökumətin bununla bağlı təşəbbüsü parlamentdə səsvermə olmadan qəbul etməsi bütün Fransada etirazların alov­lanmasına səbəb olub. 

Nümayişdə iştirak edən qadınlar­dan biri bildirib: “Biz deməkdən, təkrar etməkdən yorulmayacağıq ki, bununla razı deyilik. Bəli, pensiya islahatları ilə. Mən təslim olmayacağam”.

Qadın əlavə edib: “Bu, doğrudan da, qeyri-populyar islahatdır, onlar bunu güc yolu ilə qəbul etdilər. Bu isə de­mokratiyanın, eləcə də fransız xalqının təhqir olunması deməkdir”. 

Başqa bir qız da ona qoşulub: “Dü­şünürəm ki, hökumət bizimlə elə davra­nır ki, bundan hamı narazıdır”. 

Ölkənin həmkarlar təşkilatları isə fransızların 1 may nümayişini tarixi ha­disə kimi qiymətləndirib və bəyan edib ki, xalqın qəzəbi artıq pensiya islahat­larının çərçivəsini aşaraq siyasi haki­miyyətə etimadın olmadığını nümayiş etdirir.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər