Sambo ilə uşaqlar ən tez 9 yaşdan məşğul ola bilərlər

post-img

Samboçu Mehman Xəlilovun keçirdiyi məşqdə 7 yaşlı Fərid Bakarovun aldığı xəsarətlərdən faciəli şəkildə ölməsi faktı son günlər ölkə gündəmini zəbt edib. Eyni zamanda, Mehman Xəlilovun məşq zamanı azyaşlı uşaqlarla qəddarcasına davranmasını əks etdirən videogörüntülər yayılıb və ictimaiyyətdə haqlı narazılıq doğurub. 

Təbii ki, baş verən hadisələr birmə­nalı olaraq məşqçi məsuliyyətsizliyidir. Amma federasiya, ölüm hadisəsinin baş verdiyi Uşaq Gənclər İdman Məktəbi, müvafiq nazirliklər, eyni zamanda, va­lideynlər, o cümlədən cəmiyyət, elə biz KİV-in də baş verən dəhşətli hadisədə müəyyən məsuliyyəti var və onu inkar etməməliyik. Azyaşlının faciəvi ölümü ilə nəticələnən bu hadisədən hamı özü və gələcək nəsil üçün nəticə çıxarmalıdır. 

Azərbaycan Sambo Federasiyası­nın yeniyetmələrdən ibarət baş məşq­çisi, həyatının çox hissəsini məşq­çiliyə sərf etmiş Yaqub Abdullayev bütün cəmiyyəti sarsıdan hadisə ilə bağlı danışdı, suallarımızı cavablan­dırdı. 1995-ci ildən məşqçi kimi çalışan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının baş müəllimi, Əməkdar məşqçi 2016-cı il təvəllüdlü Fərid Bakarovun vəfatından çox məyus olduğunu bildirdi, onun ailəsinə hüznlə başsağlığı verdi. 

7 yaşlı uşaq döyüş növü ilə məşğul ola bilərmi? sualına Y.Abdullayev belə cavab verdi: “İdman növlərində seçmə prosesi var və müvafiq olaraq uşaqlar id­man bölmələrinə cəlb olunurlar. Uşaqlar 5-6-7 yaşlarından gimnastika, akroba­tika, üzgüçülük və bu kimi digər idman növləri ilə məşğul ola bilərlər. İlk illər uşaqlarda elastik hərəkətlərin icrasına üstünlük verilir. Məşqçi olaraq valideyn­lər mənə müraciət etdikdə bir mütəxəs­sis kimi məsləhət görürəm ki, bu yaş qrupunda uşaqları akrobatika, gimnas­tika, üzgüçülüyə qoysunlar. Uşaqlarda dayaq-hərəkət sistemi formalaşdıqdan sonra digər idman növlərinə vermək olar”. 

Baş məşqçi qeyd etdi ki, sambo güləşinə uşaqlar yalnız 9-10 yaşdan cəlb olunmalıdır. İbtidai hazırlıq qru­punda birinci il 9, ikinci il isə 10-11 yaşlı uşaqlar məşğul ola bilərlər. Onlara ilk illər baza texnikasının elementləri təlqin edilir. Özünü mühafizə hərəkətləri, üzü üstə, yana, arxası üstə yıxılmalar, du­ruşlar, ümumiyyətlə, baş verə biləcək zədələrdən qorunmaq öyrədilir. Sonra onlara yerdəyişmələr, məsafələr, tutma­lar, müxtəlif fiziki keyfiyyətlərin aşılan­ması, elastik hərəkətlər tətbiq olunur. Bu yaş qrupunda həddən artıq hərəkətlərin icrasına icazə verilmir. Artıq təlim pro­sesinin sonrakı illərində müəyyən fənd­lər mənimsənilir. Ümumiyyətlə, bu yaş qruplarında müəyyən fəndlərin icrasına məhdudiyyət qoyulur. Çünki bu uşaq­larda baza texnikası formalaşmalı, fiziki keyfiyyətlər möhkəmlənməlidir. Onların sürəti, cəldliyi, elastikliyi kifayət qədər ol­malı, akrobatik hərəkətlər öyrədilməlidir.

Yaqub Abdullayev onu da vurğuladı ki, məşqçilik çox ciddi və çətin peşədir. Hər idmançıdan məşqçi olmaz. Avropa, dünya, hətta Olimpiya çempionu olmaq yaxşı məşqçi olmaq demək deyil. Məşq­çilər bu məsələlərə xüsusilə diqqət yetir­məlidirlər. 

Əlbəttə, azyaşlının faciəvi ölümün­də günahkar cəzasını almalıdır. Biz isə üstəlik, valideynləri, mətbuatı da diqqətli olmağa səsləyirik. Bu sahədə təbliğat, maarifləndirmə işləri genişləndirilməli­dir. Uşaqlar bizim gələcəyimizdirlər. Öz gələcəyimizə biganə olmayaq. 

Leyla QURBANOVA, “Xalq qəzeti”

Sosial həyat