Nazir UNICEF-in ölkəmizdəki nümayəndəsi ilə görüşüb

post-img

Aprelin 28-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNICEF) ölkəmizdəki nümayəndəsi Aleks Haykensin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov FHN-in fəaliy­yət istiqamətləri, o cümlədən uşaq təh­lükəsizliyinin təmin edilməsi sahəsində görülən işlər barədə ətraflı danışıb. Nazir FHN tərəfindən uşaq təhlükəsiz­liyinin daim diqqət mərkəzində saxla­nıldığını qeyd edərək, uşaqlarda kiçik yaşlarından təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, o cümlədən mümkün fövqəladə hallarla bağlı zəruri davranış qaydaları barə­də biliklərin aşılanması, onların belə hallara mənəvi-psixoloji cəhətdən ha­zırlanması məqsədilə həyata keçirilən tədbirlərdən bəhs edib. Bu çərçivədə FHN ilə BMT-nin Uşaq Fondunun Azər­baycandakı Nümayəndəliyi arasında mövcud əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, müştərək tədbirlərin təşkilinin əhəmiyyəti diqqətə çatdırılıb, bu istiqamətdə birgə fəaliyyət planının hazırlanması təklif edilib.

UNICEF-in Azərbaycan Respubli­kasındakı nümayəndəsi Aleks Haykens səmimi görüşə görə təşəkkür edib, rəhbərlik etdiyi qurum tərəfindən uşaq təhlükəsizliyi ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verib. Qonaq hər iki qurum arasında əməkdaşlığın genişləndirilməsinin faydasını qeyd edərək, hazırlanacaq birgə fəaliyyət planının uşaqların təhlükəsizliyinin tə­min edilməsi, onların müxtəlif təbii və texnogen fövqəladə hallara hazırlıqlı ol­maları baxımından mühüm töhfə verə­cəyinə əminlik ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Qeyd edək ki, FHN-ə səfər çərçivə­sində Aleks Haykens nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin fəaliy­yəti ilə yerində tanış olub.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər