Astana şəhərindəki Qumilyov adına Avrasiya Milli Universitetində ümummilli lider Heydər Əliyevin adını daşıyan auditoriyanın əsaslı təmirdən sonra açılışı olub.
Tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, universitetin rektoru Erlan Sıdıkov, ali məktəbin professor-müəllim heyəti, alimlər, tələbələr iştirak ediblər.
Səfir A.Atamoğlanov öz çıxışında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib. O, ulu öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi zaman əldə olunan uğurlardan danışıb. Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğunu diqqətə çatdıran səfir onu böyük siyasətçi kimi xarakterizə edib.
Diplomat Heydər Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib, Avrasiya Milli Universitetində belə bir auditoriyanın fəaliyyət göstərməsini Heydər Əliyevin şəxsiyyətinə olan ehtiramın parlaq nümunəsi kimi dəyərləndirib.
Xatırladaq ki, auditoriya 2011-ci ildə Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü ilə açılıb. Bu tədris məkanında Azərbaycan dili, ölkəmizin tarixi və mədəniyyəti üzrə məşğələlər aparılır.
Qulu KƏNGƏRLİ,
Astana

