Aprelin 7-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. Gündəliyə 20 məsələ daxil edildiyini bildirən parlamentin sədri birinci məsələnin Milli Məclisin bəyanatı olduğunu diqqətə çatdırdı. O, aprelin 5-də İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunması, saxta və uydurma ittihamlar üzərində qurulan bir bəyanat qəbul edilməsi barədə məlumat verdi. S. Qafarova təəssüflə bildirdi ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, xalqımızın əsrlər boyu yaratdığı sərvətləri vəhşicəsinə talan etmiş Ermənistana bir dəfə də etiraz etməyən, hətta ona müxtəlif vasitələrlə dəstək verən İran bu gün Azərbaycanın İsrail Dövlətində Səfirliyinin açılmasından narahat olur.
Sədr dedi ki, Azərbaycan müstəqil dövlətdir və hansı ölkə ilə necə münasibətlər qurması onun öz daxili işidir: “Azərbaycanın suveren hüquqlarına qarışmağa heç kəsin ixtiyarı yoxdur. Biz İran parlamenti tərəfindən ölkəmizə qarşı irəli sürülmüş əsassız ittihamları qətiyyətlə rədd edirik. İran parlamentini Azərbaycana qarşı bu cür təxribatlara son qoymağa və ikitərəfli münasibətlərə xələl gətirə bilən hərəkətlərdən çəkinməyə çağırırıq”.
Parlamentin sədri bildirdi ki, bu gün bəzi ölkələrdə müəyyən qüvvələr Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi, tarixi ədalətin bərpa olunması ilə heç cür barışa bilmirlər. Onlar ölkəmizə böhtanlar atır, bölgədə münaqişəni yenidən alovlandırmağa, Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh yaradılması səylərini pozmağa çalışırlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sözləri həmin qüvvələrə ən yaxşı cavabdır: “Erməni havadarları, Ermənistanın işğalçılıq siyasətinə şərik olan ölkələr bizə qarşı informasiya müharibəsi elan ediblər... Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir”.
Sonra deputatlar İran parlamentinin əsassız iddiaları barədə fikirlərini bildirdilər. Qeyd edildi ki, İran açıq şəkildə İslam dünyasına xəyanət edir. Azərbaycanın İsraildə və ya hər hansı bir ölkədə səfirlik açması daxili işidir. Bugünədək bir neçə müsəlman ölkəsi İsraildə səfirlik açıb. Görəsən, Azərbaycanın İsraildə səfirlik açması İranı niyə özündən çıxarır?! Bu da azmış kimi, ölkəmizə qarşı təhdid, şantaj xarakterli bəyanat yayır. Utanmaz kimi bəyanatda qeyd edirlər ki, guya, Azərbaycan hökuməti İslam dünyasının tələblərinə zidd hərəkət edərək Qüdsdə səfirlik açıb. Məgər İranın açdığı səfirliklər İslam dünyasına zidd deyil? İran Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı susdu. Azərbaycan öz əzəli torpaqlarını işğaldan azad edəndən sonra maska cırıldı.
Deputatlar Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin açılması ilə bağlı İran İslam Respublikası parlamentinin aprelin 5-də bəyanat qəbul etməsini Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirdilər. Azərbaycan Respublikasının suverenliyinə və müstəqilliyinə açıq hörmətsizliyin ifadəsi olan bu bəyanat İran tərəfinin ölkəmizə qarşı həyata keçirdiyi növbəti siyasi təxribatı hesab edildi.
Milli Məclis İran parlamentinin Azərbaycana qarşı qərəzli, saxta və yalan sənədi ilə bağlı bəyanat qəbul etdi.
Sonra S.Qafarova gündəlikdəki digər məsələni – “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “ Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim etdi.
Milli Məclis sədrinin müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verdi. Qeyd etdi ki, birinci oxunuşda deputatlar çıxış edərək qanun layihəsinin vacibliyini qeyd ediblər. Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edildi.
S.Qafarova gündəlikdəki digər məsələləri də təqdim etdikdən sonra deputatlar rəy və təkliflərini bildirdilər. Sonra qanun layihələri səsə qoyularaq qəbul edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”