Liderlərin Heydər Əliyev irsinə ehtiramı

post-img

X Qlobal Bakı Forumu çərçivəsində martın 12-də Heydər Əliyev Mərkəzində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Qlobal liderlərin Heydər Əliyev irsinə ehtiramı” mövzusunda panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə X Qlobal Bakı Forumunun yüksək səviy­yəli iştirakçılarının, sabiq dövlət və hö­kumət başçılarının, yüksək səviyyəli di­gər qonaqların ulu öndər Heydər Əliyev ilə bağlı fikirlərini əks etdirən videoçarx nümayiş olunub.

İclasın moderatoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin müasir müstəqil Azərbay­can dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, onun xatirəsinin dərin ehtiram­la yad olunduğunu vurğulayıb. 

Albaniya Respublikasının Prezidenti Bayram Beqay iclasda çıxış edərək bil­dirib ki, liderlər cəmiyyət, ölkə və ya re­gion üçün önəmli ola bilər. Lakin Heydər Əliyev dünya miqyaslı lider idi. 

Ölkələrimizin oxşar tarixə malik ol­duqlarını vurğulayan Prezident Bay­ram Beqay Azərbaycanın və Albaniya­nın sovet dövründə totalitar rejimdən əziyyət çəkdiklərini qeyd edib. Etnik münaqişələr və iqtisadi çətinliklərlə üz­ləşən ölkələrimizin bu çətinliklərin öh­dəsindən uğurla gələrək bu gün sürətlə inkişaf etdiklərini deyən Albaniya Prezi­denti bildirib: “Ulu öndər Heydər Əliye­vin uzaqgörən siyasəti, əsasını qoydu­ğu strategiya nəticəsində Azərbaycan bütün çətinliklərin öhdəsindən bacarıqla gəlib, xoşbəxt gələcəyin əsası qoyulub.

Albaniyanın Azərbaycan ilə əmək­daşlığın inkişafına böyük önəm verdiyi­ni vurğulayan ali qonaq qeyd edib: “Biz Xəzər regionunda sülhün və sabitliyin davamlı olmasını istəyirik. Həmçinin biz Azərbaycan ilə əməkdaşlığı daha da möhkəmləndirmək niyyətindəyik. Ölkələrimiz Cənub Qaz Dəhlizi kimi mü­hüm layihələrlə regional və qlobal sülhə töhfə verirlər. Həm Azərbaycan, həm də Albaniya dini dözümlülüyü ilə tanınır. Ölkələrimiz dini və mədəni müxtəlifliyi fəal şəkildə təşviq edir”.

Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko diqqətə çatdırıb ki, SSRİ da­ğılandan sonra keçmiş müttəfiq respub­likaların gələcəyi tamamilə fərqli oldu: “Müstəqilliyin ilk illərində ölkələri idarə etmək böyük məsuliyyət tələb edir. Hey­dər Əliyevdən ölkəni idarə etməkdə ən çətin nə olduğu soruşulanda o, suveren dövlətin əsasını qoymaq olduğunu de­yib və buna da nail olub. Azərbaycan xalqı ucun belə bir liderə sahib olmaq böyük xoşbəxtlikdir. Heydər Əliyev çox mədəni, ədalətli insan idi. Naxçıvana səfər edəndə gördüm ki, Heydər Əliyev ölkəsi üçün yorulmadan çalışır”.

Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov çıxışında 1999-cu ildə Prezi­dent kimi ilk dəfə Azərbaycana səfər et­diyini xatırladıb. Bildirib ki, bu, ölkələri­mizin müstəqilliyinin bərpasından sonra Bolqarıstan Prezidentinin Azərbaycana ilk rəsmi səfəri idi. O, Prezident Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası ərəfəsində ölkəmizin üzləşdiyi çətinliklərlə mübarizədə rolundan, yü­rütdüyü uzaqgörən siyasət nəticəsində qazanılan uğurlardan danışıb. 

Ulu Öndərin ölkənin inkişafının bey­nəlxalq iqtisadi əməkdaşlıqla sıx bağlı olduğunu vurğuladığını qeyd edən Pe­tar Stoyanov diqqətə çatdırıb ki, Heydər Əliyev təkcə Azərbaycanın üzləşdiyi çətinliklərin həllində deyil, ölkəsinin qar­şıdakı bir neçə onillik ərzində iqtisadi baxımdan güclənməsi üçün də misilsiz xidmətlər göstərib: “Heydər Əliyevin Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin möhkəmləndirilməsində rolu əvəzedilməzdir. Məhz Heydər Əliyevin siyasi müdriklik, güclü liderlik və xalqa sadiqlik xüsusiyyətlərinə görə Azərbay­can xalqı onu ümummilli lider adlandı­rıb”.

Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo qeyd edib ki, Heydər Əliyev hər zaman Azərbaycan xalqı tərəfindən xatırlanır və sevilir: “Heydər Əliyev Çin xalqının yaxşı dostu olub. 1994-cü ildə ölkəmizə səfəri zamanı Çin liderləri ilə mühüm görüşlər keçirdi. Onun liderliyi dövründə Azərbaycan-Çin münasibətləri sürətlə inkişaf etdi, bir sıra sahələrdə əmək­daşlığın genişləndirilməsi istiqamətin­də mühüm addımlar atıldı. Hazırda Çin Azərbaycan ilə əlaqələrin daha da inki­şafında maraqlıdır”. 

İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Ekmələddin İhsanoğlu təd­birin yüksək səviyyədə təşkilinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlığını bildirib, Ulu Öndər Hey­dər Əliyev ilə görüşlərindən danışıb, dahi şəxsiyyətlə bağlı xatirələrini bölü­şüb: “Heydər Əliyev dahi şəxsiyyət və müdrik lider idi. O, müstəqil Azərbayca­nın Prezidenti olduqdan sonra ölkənin qüdrətinin daha da artırılması istiqamə­tində yorulmadan və fədakarlıqla çalı­şıb. Heydər Əliyev ikitərəfli və çoxtərəfli əməkdaşlıq vasitəsilə Azərbaycanın iq­tisadi rifahının möhkəmlənməsinə nail olub”.

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku çıxışında ümummil­li lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılma­sında, ölkəmizin inkişafında əvəzsiz xidmətlərindən söz açıb. Bildirib ki, ulu öndər Heydər Əliyev neft-qaz sahəsin­də fəaliyyət göstərən aparıcı şirkətləri əməkdaşlıq üçün ölkəyə dəvət edərək, Azərbaycanın iqtisadi qüdrətinin möh­kəmlənməsinə nail oldu. Sabiq Prezi­dent Rumıniya ilə Azərbaycan arasın­da ikitərəfli əlaqələrin inkişafında və möhkəmlənməsində Heydər Əliyevin töhfələrini xüsusi vurğulayıb.

Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa dahi şəxsiyyət Heydər Əliyevin siyasi müdrikliyindən, yüksək liderlik keyfiyyətlərindən danışıb. O, ulu öndər Heydər Əliyevin Azərbaycanın tərəqqisində, beynəlxalq əlaqələrinin genişlənməsində, o cümlədən ərəb dünyası ilə əməkdaşlığın inkişafında mühüm xidmətlərini qeyd edib. Bildirib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğur­la davam etdirilir.

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin çıxışında ulu öndər Hey­dər Əliyevin müstəqil Azərbaycanın inkişafı və güclənməsi yolunda tarixi xidmətlərindən, genişmiqyaslı fəaliyyə­tindən söz açıb. Ümummilli lider ilə gö­rüşlərindən söz açan Hikmət Çətin dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşərək qeyd edib: “Heydər Əliyev uzaqgörən, müdrik dövlət başçısı idi və ölkəsi ilə bağlı arzuları var idi. O, Azərbaycanın dünya birliyində önəmli yer tutmasını, regionda sülhün bərqərar olmasını ar­zulayırdı”.

Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze isə Heydər Əliyevin SSRİ zamanında və müstəqillik döv­ründə Gürcüstan ilə münasibətlərin in­kişafına mühüm töhfə verdiyini deyib: “Heydər Əliyev Gürcüstanın regional layihələrdə iştirak etməsinə və bu la­yihələr vasitəsilə əhalinin rifahının yax­şılaşdırılmasına töhfə verib”.

Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həm­sədri Vayra Vike-Freyberqa bildirib: “Heydər Əliyev sovet dövründə doğulsa da, bu rejimin qüsurları olduğunu bilir­di. Onunla görüşəndə mənə danışmışdı ki, İkinci Dünya müharibəsində Qələ­bə Bakı neftinin sayəsində qazanılıb. Təəssüf ki, sovet dövründə Bakının in­kişafına lazımi diqqət göstərilmədi. Bu ölkə bütün sovet imperiyasının döyünən ürəyi olmuşdu. Heydər Əliyev bildirdi ki, Bakının sovet rejimi dövründə töhfələri lazımi səviyyədə dəyərləndirilməyib”.

Ulu öndər Heydər Əliyevin Azərbay­canı müstəqilliyin əvvəllərində parçalan­maq təhlükəsi yaşayan ölkədən tərəqqi yolunda əmin addımlarla irəliləyən dövlətə çevirdiyini vurğulayan Vayra Vike-Freyberqa deyib: “Əgər o, olma­saydı, bu ölkədə nələrin baş verəcəyini təsəvvür edə bilmirəm. Çünki zəngin enerji yataqlarına sahib olan ölkələrin digər dövlətlərlə, qonşuları ilə əlaqələri çox vacibdir. Müasir Azərbaycan dövləti Heydər Əliyevin liderliyi ilə yaradılıb”.

BMT-nin Cenevrə Nümayəndəliyinin baş direktorunun şəxsi köməkçisi David Çixvaidze bu gün Azərbaycanın əsası ulu öndər Heydər Əliyev tərəfindən qo­yulmuş siyasətin uğurla həyata keçiril­məsi nəticəsində sürətlə inkişaf etdiyini vurğulayıb: “Mən 1990-cı illərdən bəri Azərbaycana gəlirəm. Bu illər ərzində ölkənin dinamik inkişafının şahidiyəm. Heydər Əliyevin müdrik siyasəti bu gün də uğurla davam etdirilir. Güclü, konst­ruktiv və balanslı siyasət yürüdən qon­şulara sahib olmaq çox mühümdür”.

“Heydər Əliyev görkəmli şəxsiyyət, müdrik dövlət xadimi, yüksək liderlik keyfiyyətlərinə malik dahi insan idi”, - deyən ICESCO-nun sabiq Baş direk­toru Əbdüləziz bin Osman əl-Tüveycri ümummilli liderin Azərbaycanın ICES­CO-ya üzv olması istiqamətində fəaliy­yətini xüsusi vurğulayıb: “Azərbaycan ilə ICESCO arasında sıx əməkdaşlıq əlaqələrinin yaranmasında Heydər Əliyevin böyük töhfələri olub. Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliye­vin rəhbərliyi ilə Azərbaycanın ICESCO ilə əməkdaşlığı daha da möhkəmlənib. Prezident İlham Əliyevin yürütdüyü si­yasət nəticəsində Azərbaycan bu gün inamla inkişaf edir”.

Çıxışlardan sonra müzakirələr apa­rılıb.



Son xəbərlər