Mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2023” keçiriləcək. Marafonda iştirak üçün qeydiyyat martın 10-dan mayın 1-dək aparılacaq.
Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Bunun üçün Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall”) qeydiyyat məntəqələrinə və ya www.marathon.az saytına müraciət etmək olar. Qeydiyyat zamanı müvafiq anket formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və müəyyən olunmuş vəsaiti ödəmək lazımdır. Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün ödəniş məbləği 20 AZN-dir. Korporativ olaraq qoşulanlar isə [email protected] elektron poçt ünvanına yazaraq müraciət edə bilərlər. Korporativ müraciətlərdə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödənilməlidir. Bakı Marafonunda tələbələrin iştirakı ilə bağlı vəsait Heydər Əliyev Fondu tərəfindən ödənildiyindən, onlar qeydiyyat zamanı ödəniş etməyəcəklər.
Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. “Küləyə qalib gəl” şüarı altında keçiriləcək yarımarafon 21 kilometr məsafəni əhatə edir. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olacaq.
“Bakı Marafonu 2023” ilə bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər barədə ətraflı məlumatlar layihənin sosial şəbəkələrdəki səhifələrində (facebook.com/bakumarathon, instagram.com/bakumarathon), eləcə də www.marathon.az saytında təqdim ediləcək. Əlavə məlumat üçün telefon nömrəsi: (012) 310 13 31.

