Etirazlar genişləndikcə cəzalar da sərtləşir

post-img

İranda hakimiyyət əleyhinə etiraz aksiyalarında iştirak edənlərə qarşı işgəncələr davam edir. Dünən Gunaz.TV-nin verdiyi məlumata görə, Güney azərbaycanlı fəal Səccad Əlipura Təbriz həbsxanasında ağır işgəncə verilir. Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıblar.

Məlumatda bildirilir ki, 29 noyabr 2020-ci ildə etiraz aksiyalarında sax­lanılan Əlipur iki dəfə təhlükəsizlik təcridxanasına aparılıb və dindirmə za­manı ağır döyülüb. 28 yaşlı gənc fəala qarşı edam cəzasının verilməsi ilə nə­ticələnə biləcək “Allaha müxalif olma” (“müharib”) ittihamı irəli sürülüb. 

Başqa bir məlumata görə, həbsdə olan Güney azərbaycalı fəallar Mah­mud Ocaqlı və Məhəmməd Yusifi barə­də məlumat verilməməsi onların ailələ­rinin nigaranlığına səbəb olub. Hər iki məhbusun yaxınlarının hüquq-müha­fizə orqanlarına müraciətlərinə baxma­yaraq, Evin həbsxanasında saxlanılan fəallara qarşı hansı ittihamın irəli sürül­düyü barədə heç bir açıqlama verilmir.

Mahmud Ocaqlı 11 dekabr 2022-ci ildə Tehran şəhərindəki iş ye­rində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. O, ana dili hərəkatının fəal­larındandır və ana dili ilə bağlı mədəni fəaliyyətinə görə həbs edilib. Məhəm­məd Yusifi isə fevralın 20-də Ərdəbil şəhərində saxlanılıb və fevralın 21-də Tehranın Evin həbsxanasına köçürülüb.

Günaz.TV-nin başqa bir məlumatın­da isə bildirilir ki, Təbrizdən olan tələ­bə hərəkatı fəalları Hadi Heydəri Azad və İbrahim Əhmədpur hazırda Təbriz həbsxanasında saxlanılırlar. Mədəni Universitetinin Siyasi Elmlər İnstitutu­nun tələbəsi olan İbrahim Əhmədpur fevralın 27-də Şərqi Azərbaycan əyaləti polisinin təhlükəsizlik bölməsinə çağrıl­dıqdan sonra həbs edilib.

Onun telefonu tələbə hərəkatının fəalı Hadi Heydəri Azadda olduğu üçün onu da idarəyə çağırıblar və hər iki fəalı döydükdən sonra təcridxanaya salıblar. Tələbələr Təbriz Universitetinin Azər­baycanşünaslıq Mərkəzinin üzvüdür və adıçəkilən mərkəz Azərbaycanın Teh­randakı səfirliyinə terror hücumundan sonra təzyiqlərlə üzləşib.

Fəallar bundan öncə də dinc mədə­ni fəaliyyətlərinə görə dindiriliblər.

 

P.ƏMİRCANOV,
“Xalq qəzeti”

Son xəbərlər