Tümən dəyərini hər gün itirir

post-img

1990-cı ilin əvvəllərində sərhəd açılanda özümüzü o taya verdik. Azərbaycanda pulun dəyəri elə də ölməmişdi. Bir rubla 10 tümən verirdilər. Üstündən cəmi bir il ötdü–vəziyyət dəyişdi, indi bir tümən 10 rubla bərabər idi. Bu gün isə İranda, güneylilər demiş, tümənin ata-anası ölüb ağlayanı yox. İslam Respublikasında 1 dollar 50 min tümənə xırdalanır, tezliklə həmin rəqəmin 60 mini ötəcəyi gözlənilir. 

Bəs nə oldu islam respublikasının dünyaya car çəkdiyi möhtəşəm nailiyyət­lərə, göz dəydimi? Xeyr, əslində, bir atım­lıq barıtı var idi, onu da xərclədilər. 

İranın informasiya agentliyinin yaydı­ğı hesabata görə, ölkədə bir yandan xə­bərlərin yaratdığı vahimə, digər tərəfdən, hökumətin yarıtmaz siyasəti nəticəsində pul kisələri elə şişib ki, maaş almağa daha irisini götürməli olurlar. Məsələn, ötən əsrin 90-cı illərində 20 min tümən pensiya alanın gözü ayağının altını seç­mirdi. Yəni, bu pul 200 min rubla bərabər idi ki, onunla bazarı əməlli-başlı silib-sü­pürmək olardı. İndi qocalar çox şəstlə getdikləri bu obyektlərə yaxın düşmürlər. Bu pula heç bazarın kənarından da ötə bilməzlər. 

Bilirsinizmi ki, on il ərzində minimum əməkhaqqı real dəyərini yarıya qədər iti­rib, son günlərdə isə 110 dollara düşüb?! Bu rəqəm dünyada ən aşağı minimum əmək haqlarından sayılır. Həmin göstə­rici ilə İran dünyanın ən yoxsul və ən az inkişaf etmiş ölkələrinin siyahısındadır.

Xatırladaq ki, İslam Respubliksı 2022-ci ildə işçilər üçün minimum əmək haqqını 4 milyon 180 min tümən həddin­də müəyyənlədirmişdi. Əksəriyyətin 5–6 milyon tümən maaş aldığı ölkədə 1 ABŞ dolları ötən il 39 min tümən idi, 2023-cü ilin birinci ayından sonra 46 min tümənə çatmışdı.

Onu da deyək ki, 2010-cu ilin əvvə­lində minimum əməkhaqqı 330 minə qalxmışdı. Qara bazarda 1 dolların orta qiyməti 1357 tümən idi. Bu o deməkdir ki, 2010-cu ildən günümüzədək minimum əməkhaqqı rəqəm hesabı ilə 13 dəfə ar­tıb, milli pul isə dəyərini 28 dəfədən çox itirib.

Bazarda valyutanın bahalaşması, istər-istəməz, dolanışığa da birbaşa təsir edir. Ötən il hökumət əsas mallara dövlət valyutası məzənnəsi verməklə qiymət­lərin artımını inflyasiya təsirlərindən qo­rumağa çalışıb. 13-cü hökumətdə əsas malların valyuta subsidiyası götürülüb. Əsas malların idxalı üçün lazım olan val­yuta sərbəst bazar qiymətlərinə yaxın sa­tılır. Bunun köməyi olacaqmı?!

 

Kamal NİKBİN

Son xəbərlər