Şahsevən qızı Səriyyənin narahat ruhu

post-img

Ötən əsrin 70-ci illərində “Məşəl” ansamblı bütün Azərbaycanda məşhur idi. Bu bədii kollektiv Güney mühacirlərindən təşkil olunmuşdu. Rübabə, Mahrux və Tahirə Muradovalar, Novruz Feyzullayev, Rövşən Behcət, Ruhəngiz Musəvi və başqlarını dinləməkdən doymaq olmurdu. 

Təbrizdən Milli Hökumətin vaxtilə Bakıya zabitlər məktəbində oxumağa göndərdiyi Məmməd Salmanov inqi­labdan sonra silahını bir kənara ataraq müğənniliyə başlamışdı. Respublika­nın Əməkdar artisi adına layiq görülən sənətçi hər çıxışında “Səriyyə dayqızı laylay” mahnısını mühacir insanların önündə göz yaşı ilə oxuyurdu. Faciə­li taleyi kövrək bir nəğməyə dönən “Şahsevən qızı” ləqəbli Səriyyə Milli Hökumətin yolunda sonadək mübarizə aparmış Ərdəbil fədailərindən biri ol­muşdu.

Sonradan Səriyyənin kimliyi ilə ət­raflı maraqlandım. Səmərində (Ərdəbil) xalq azadlığının keşiyində mərdliklə dayanmış, öz inadçılığı ilə Məhəmməd Rza Pəhləvi qoşunlarını heyrətə salan azərbaycanlı qızın tarixçəsini öyrən­dim. O, həyat yoldaşı Əli və Səmərin fədailəri düşmən önünə çıxmışdılar, çiyin-çiyinə səngərdən atəş açmışdılar. Mühasirəyə alınmışdılar, güllələri qur­tarsa da, təslim olmaq niyyətində olma­mışdılar. 

Xain düşmən fədailərin, eləcə də Səriyyənin qarşısına Quran gətirib, əl basıb and içmişdi ki, şərəfimizə and ol­sun ki, sizə toxunmayacağıq. Bu, hakim təbəqənin yüz dəfələrlə əl atdığı hiylə və aldatma metodlarından biri olmuşdu. Az sonra Qurana basılmış əllər Səmə­rin fədailərinin, o cümlədən Səriyyənin qanına batmışdı. Qəhrəman qız öl­dürülməzdən əvvəl barmaqlarını əks-inqilabçıların gözünün içinə silkələyərək demişdi: “Bu sizin üçün hünər deyil, ta­rix əhd-peymanı pozanları nifrətlə yad edəcəkdir. Azərbaycanın mərd oğulları mənim qanımı yerdə qoymayacaqlar”. 

Həmin söz indiyədək gəncliyin, azadlıq uğrunda döyüşənlərin andı­na çevrilib. Şahsevən qızı Səriyyənin (1890 – 1946) məzarı bu gün də Gü­neydə and yerlərimizdən biridir. 22 Bəhmən (1979) inqilabından sonra bir qanlı rejimi digəri – molla libaslı zalım­lar əvəzləyib. Səriyyənin ruhu hələ ki, narahatdır. 

 

Hüseyn RƏHİMZADƏ

Sosial həyat