64-cü gün: Təbii sərvətlərimizin qanunsuz istismarına qarşı dinc aksiya davam edir

post-img

Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda etiraz aksiyası 64 gündür davam edir.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, aksiya yüksək əhval-ruhiyyədə davam edir. Səhər saatlarında havanın şaxtalı olmasına baxmayaraq aksiya iştirakçılarının fəallığı müşahidə olunur. Ekofəallar hər gün olduğu kimi, bu səhər də Dövlət Himnini səsləndiriblər.

Aksiyanın məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarının dərhal dayandırılmasını tələb edirlər. Fəallar Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı olduqlarını bildirir, haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Aksiya iştirakçıları qaldırdıqları plakatlarda üzərində rus və ingilis dilində yazılmış “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Təbiətin milləti yoxdur!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.







Son xəbərlər