Yanvarda ABŞ-ın büdcə kəsiri keçən ilin eyni ayında 118,7 milyard dollar profisitlə müqayisədə 38,784 milyard dollar təşkil edib.
AZƏRTAC “Interfax” agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, ABŞ-da büdcə gəlirləri 3,8 faiz azalaraq 447,288 milyard dollar təşkil edib.
Xərclər 40,3 faiz artaraq 486,072 milyard dollara çatıb. Bu, əsasən Mərkəzi Ştatların Pensiya Fonduna birdəfəlik ödənişlər hesabına baş verib. Bundan əlavə, sosial müavinətlər üçün xərclər 12 faiz, dövlət borcu üzrə faiz ödənişləri 18 faiz artıb.
Oktyabrın 1-dən başlayan 2023-cü maliyyə ilinin dörd ayı ərzində ABŞ büdcəsinin mənfi saldosu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,8 dəfə (77,7 faiz) artaraq 460,2 milyard dollara çatıb. Cari maliyyə ilinin əvvəlindən büdcəyə daxilolmaların həcmi 2,9 faiz azalaraq 1,473 trilyon dollar təşkil edib. Xərclər 8,8 faiz artaraq 1,933 trilyon dollara çatıb.
Xəbər verildiyi kimi, 2022-ci maliyyə ilinin sonunda ABŞ dövlət büdcəsinin mənfi saldosu iki dəfə azalaraq 1,375 trilyon dollar təşkil edib.
2020-ci maliyyə ilinin sonunda ölkədə 3,1 trilyon dollarlıq rekord kəsir qeydə alınıb. Sonuncu dəfə büdcə profisiti 2001-ci maliyyə ilində olub.