2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınan mallara görə, ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm hazırda uğurla tətbiq edilir. Biznes ictimaiyyəti və vətəndaşlar tərəfindən rəğbətlə qarşılanan bu layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir.
Adıçəkilən layihə, eləcə də iqtisadi inkişaf, institusional islahatlar və digər tədbirlər istehlakçı hüquqlarının müdafiəsində önəmli rol oynayır. Dövlət qurumları tərəfindən istehlakçılara göstərilən xidmətin keyfiyyəti ketdikcə əhəmiyyətli dərəcədə yaxşılaşdırılır. İsltehlakçı hüquqlarının müdafiəsi çərçivəsində çox geniş tədbirlər həyata keçirilir. Bu baxımdan “ƏDV geri al” mexanizmi də istehlakçı hüquqlarının qorunması istiqamətində əsas vasitələrdən biridir.
ƏDV-nin bir hissəsinin qaytarılması ilə layihənin gerçəkləşdirildiyi üç ilə yaxın bir dövrdə istehlakçı hüquqlarının qorunmasına əhəmiyyətli təsir göstərib. Bu, eyni zamanda, ticarət, ictimai-iaşə, xidmətlər kimi sektorlarda “kölgə iqtisadiyyatı”nın həcminin, yəni dövriyyənin yayındırılmasının qarşısının alınmasında mühüm rol oynayıb. Başqa sözlə, tətbiq edilən pərakəndə ticarət və iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm nəticəsində ödənilmiş məbləğin bir hissəsinin istehlakçılara qaytarılması kassa çeklərinin tələb edilməsinə və kassa dövriyyələrinin şəffaflaşmasına gətirib çıxarıb.
Həyata keçirilən tədbirlər nəticəsində bir tərəfdən sahibkarlar üçün ağrısız keçən müddətdə və alternativli, rəqabətli bazarda seçim imkanları ilə, digər tərəfdən böyük məmnuniyyətlə iştirak etdiyi həmin “ƏDV geri al” layihəsinin nəticəsində bu gün ticarət, xidmət, iaşə sahələrində dövriyyə şəffaflaşdırılması, rəqabətin bərqərar olması özünü qabarıq büruzə verir.
Bütün bunların nəticəsidir ki, Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sonuna qədər istehlakçılara ümumilikdə 361,5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, həmin göstəricinin 190 milyon manatdan çox hissəsi 2022-ci ilin payına düşüb ki, bu da 2021-ci illə müqayisədə 36,9 faiz çoxdur.
Ötən il nağdsız qaydada alınan mallara və yaxud əldə edilən xidmətlərə görə istehlakçılara 64,3 milyon manatdan çox ƏDV geri qaytarılıb ki, bu da əvvəlki illə müqayisədə 77,5 faiz çoxdur.
Xatırladaq ki, Vergi Məcəlləsində edilən son dəyişikliklərə əsasən, nağdsız ödənişlərə keçidin daha da stimullaşdırılması məqsədilə nağdsız ödənişlər üzrə geri qaytarılan ƏDV məbləğinin faiz dərəcəsi 15 faizdən 17,5 faizə qədər artırılıb. Eyni zamanda, nağd şəkildə ödəniş edən şəxs ƏDV-nin 10.0 deyil, 5.0 faizini geri ala biləcək. İşğaldan azad olunan ərazilərimizdə nağdsız ödəniş edən vətəndaşlarımız üçün isə ƏDV-nin 30.0 faizi geri qaytarılacaq.
Bu isə o deməkdir ki, plastik kartdan istifadə edərək ödəniş edən vətəndaşlarımıza bu ildən etibarən daha çox vəsait geri qaytarılacaq. Bu baxımdan nağdlı deyil, nağdsız ödəniş daha məqsədəuyğun və eləcə də iqtisadiyyatın leqallaşması baxımdan çox vacibdir.
Yeri gəlmişkən, Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən biri də tibb müəssisələrində göstərilən xidmətlərə görə ödənilən vəsaitlərdən ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlıdır.
Vergi mütəxəssisi İlqar Əsədovun sözlərinə görə, dəyişikliyin mahiyyəti tibbi xidmətlər üçün ödənilmiş ƏDV-nin “ƏDV geri al” mexanizminə qoşulmasıdır.
Beləliklə, 2022-ci il yanvarın 1-dən tibb müəssisələrinin göstərdiyi tibbi xidmətlərə əsasən, ödənilən ƏDV məbləğinin nağd ödənişlər zamanı 10 faizinin, nağdsız ödənişlər zamanı 15 faizinin geri qaytarılması Vergi Məcəlləsinin 165.5-ci maddəsi ilə təsbit olunub. Məcəlləyə edilən son dəyişikliklərə görə, nağdsız qaydada ödənilmiş ƏDV məbləğinin 17,5 faizinin geri qaytarılmasına başlanılıb.
2022-ci ildə “Nağdsız hesablaşmalar haqqında” Qanuna edilən dəyişikliyə əsasən, tibb müəssisələrinin göstərdiyi tibbi xidmətlərin dəyəri 500 manatdan artıq olduqda ödəniş nağdsız edilməlidir.
Cərrahiyyə əməliyyatlarının tibbi xidmətlərə aid olduğunu, habelə formalaşmış qiymətlərə əsasən, belə xidmətin dəyərinin, adətən 500 manatdan artıq olduğunu nəzərə alsaq, hazırkı hüquqi şərtlərə görə, bu cür xidmətlər üçün nağdsız ödənilmiş ƏDV-nin 17,5 faizinin geri qaytarılması mümkündür.
ƏDV-ni geri al mexanizmində əsas məqsəd də məhz vətəndaşlarda plastik kartlardan istifadə vərdişlərinin genişləndirilməsi və institutsional olaraq nağdlı hesablaşmaların minimumlaşdırılmasıdır. Bu iqtisadiyyatın ağardılması və islahatlarının dərinləşdirilməsi baxımdan vacib idi. Bütövlükdə, bu ildə də “Vergi Məcəlləsi”nə edilən dəyişikliklər stimullaşdırıcı xarakter daşıyır və real sektorun da bu imkanlardan faydalanmasına imkan yaradacaq.
“ƏDV geri al” layihəsinin gerçəkləşməsində əsas yer alan Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir. Hazırda respublika üzrə tətbiq olunan onlayn NKA-ların sayı 85 mindən çoxdur. Keçən il ərzində yeni nəsil kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 19,5 milyard manatdan artıq olub ki, bu da 2021-ciillə müqayisədə 26,6 faiz yüksəkdir.
Göründüyü kimi, “ƏDV geri al” nağdsız ödəmələrin genişlənməsinə mühüm təkan verən layihələrdən biridir. Belə ki, vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələr aparmasına stimullaşdıran həmin layihənin reallaşdırılması nəticəsində sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə getdikcə yüksəlir. Belə ki, “ƏDV geri al” layihəsi çərçivəsində, 2022-ci il ərzində nağdsız qaydada alınan mallara və ya əldə edilən xidmətlərə görə istehlakçılara 50 milyon manatdan çox ƏDV geri qaytarılıb ki, bu da 2022-ci illə müqayisədə təqribən 90 faiz çoxdur.
Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir. Hazırda ölkə üzrə tətbiq edilən onlayn nəzarət-kassa aparatlarının (NKA) sayı 100 minə yaxınlaşır.
Beləliklə, pərakəndə ticarət və iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm nəticəsində ödənilmiş məbləğin bir hissəsinin istehlakçılara qaytarılması kassa qəbzlərinin tələb edilməsinə və kassa dövriyyələrinin şəffaflaşmasına gətirib çıxarıb.
Nəticə etibarilə kölgə iqtisadiyyatı ilə səmərəli mübarizə üsullarından olan “ƏDV geri al” mexanizmi birbaşa istehlakçı hüquqlarının müdafiəsinə yönəldilib. Ölkəmizdə istehlakçıların hüquqlarının qorunması daim dövlətin diqqət mərkəzindədir.
Xatırladaq ki, bu il martın 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə bir faiz artaraq 719 min olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, aktiv ƏDV ödəyicilərinin sayı 2,9 faiz artıb və 41,1 min təşkil edib.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ötən illə müqayisədə 0,6 faiz artaraq 190,4 minə çatıb.
V.BAYRAMOV, “Xalq qəzeti”