Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi çərçivəsində inşa edilən “Azəri Mərkəzi Şərqi” (ACE) platformasından neft hasilatına başlanılmasından 2 il ötür. Cari il aprelin 15-dək sözügedən platformadan 2,1 milyon ton neft çıxarılıb. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, ACE texnoloji və rəqəmsal baxımdan ən qabaqcıl platformalardan biridir. Onun innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verir. Bu da əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir.
Yeri gəlmişkən, 2017-ci il sentyabrın 14-də AÇG-nin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişə düzəliş edilib. Bununla bağlı əldə olunmuş razılaşmaya əsasən, AÇG yataqlar blokunun işlənməsi 2050-ci ilədək uzadılıb.
XQ

