Azərbaycan və Rusiyanın Zəngilan mesajı

post-img

Bərpa, əməkdaşlıq və yeni iqtisadi gerçəklik

Dünən Zəngilan şəhəri mühüm beynəlxalq iqtisadi dialoqa ev sahibliyi etdi. Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Dövlət Komissiyasının 24-cü iclasının keçirilməsi əlaqələrin yeni başlanğıc nöqtəsi kimi tarixə düşdü. Rusiya tərəfindən hökumət sədrinin müavini Aleksey Overçukun idarə etdiyi iclasda iki ölkənin dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak etdilər.

Qeyd edək ki, iclası, sadəcə, növbəti texniki görüş kimi qiymətləndirmək düzgün olmaz. Çünki uzun müddətli “pauza”dan sonra regional siyasətin, həm də iqtisadi maraqların kəsişdiyi strateji bir xətt kimi Zəngilanın seçilməsi gələcəkdə görüləcək işlərin miqyasından da xəbər verir.

Ümumiyyətlə, Azərbaycan ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq ticarət münasibətlərindən daha geniş məzmun qazanıb. Burada əsas məsələ iqtisadi qarşılıqlı asılılığın siyasi sabitlik alətinə çevrilməsidir. Rəsmi Bakı uzun müddətdir ki, çoxvektorlu xarici siyasət yürüdür və bu siyasətin əsas elementlərindən biri böyük güclər arasında tarazlığı qorumaqdır. Rəsmi Moskva ilə iqtisadi əlaqələrin dərinləşdirilməsi bu balansın mühüm sütunlarından biri kimi çıxış edir. Xüsusilə Qərb-Rusiya münasibətlərinin gərgin olduğu bir dövrdə Azərbaycanın neytral, lakin praqmatik mövqeyi ona əlavə strateji manevr imkanları qazandırır. Bu baxımdan, 2022-ci ildə imzalanmış müttəfiqlik sənədi və yüksək səviyyəli təmaslar iki ölkə arasında münasibətlərin real iqtisadi-siyasi məzmun daşıdığını göstərir.

Geosiyasətdən geoiqtisadiyyata keçid

Rusiya tərəfdən çıxış edən Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya əməkdaşlığının strateji xarakterini dilə gətirərək nəqliyyat-logistika, sənaye və aqrar sahələrinin əsas prioritetlər olduğunu bildirdi və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafının regional və beynəlxalq ticarət əlaqələrinin genişlənməsində mühüm rol oynadığını vurğuladı. Həmçinin Zəngilanda aparılan bərpa işlərini yüksək qiymətləndirərək, bu ərazilərin birgə layihələr üçün yeni imkanlar yaratdığını qeyd etdi.

Əlbəttə, yeni dünya nizamında Rusiyaya qarşı tətbiq olunan sanksiyalar və iqtisadi blokadanı nəzərə alsaq, Azərbaycanın geosiyasi və iqtisadi neytrallığı, “qazan-qazan” prinsipi, etibarlı əməkdaşlıq ünvanı olması Overçukun nitqini əsaslandırır. Məlumdur ki, “Şimal–Cənub” nəqliyyat marşrutu regional güc balansını dəyişən faktordur. Bu dəhliz vasitəsilə Cənubi Qafqaz qlobal ticarət xəritəsində alternativ tranzit mərkəzinə çevrilir. Məlumdur ki, ənənəvi Şərq-Qərb xəttindən fərqli olaraq, Şimal–Cənub xətti Hind okeanından Rusiyaya və Avropaya çıxış verir. Rusiya üçün bu dəhliz Qərb bazarlarına alternativ çıxış yolları yaradır, Azərbaycan isə tranzit ölkə kimi strateji çəkisini artırır. Təsadüfi deyil ki, 2026-cı ilin ilk 2 ayında “Şimal–Cənub” dəhlizi üzrə tranzit daşımalar 23 faiz artıb. Bu dövrdə dəmir yolu daşımalarında 61 faiz, avtomobil daşımalarında isə 13 faiz artım qeydə alınıb. Bununla yanaşı, 2028-ci ildən etibarən Azərbaycan ərazisindən illik daşımaların həcmi azı 5 milyon ton, sonrakı mərhələdə isə 15 milyon ton səviyyəsinə çatdırılacaq.

Bir məqamı da vurğulayaq ki, bu layihə təkcə Azərbaycan və Rusiyanı deyil, İran və digər ölkələri də vahid iqtisadi platformada birləşdirir. Nəticə etibarilə, nəqliyyat infrastrukturu artıq sadəcə iqtisadi deyil, həm də siyasi təsir vasitəsinə çevrilir. Bu isə Azərbaycanın regionda “logistika mərkəzi” statusunu gücləndirir.

Azad edilmiş ərazilərə qonşu köməyi

İclasda komissiyanın Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev çıxış edərək azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə də ətraflı məlumat verib. O bildirib ki, işğal dövründə tamamilə dağıdılmış infrastruktur hazırda müasir standartlara uyğun şəkildə bərpa olunur, yollar, körpülər, tunellər, inşa edilir, yaşayış və sosial obyektlər yaradılır. Həmçinin iclasda qeyd olundu ki, Araz vadisi iqtisadi zonasında “KamAZ” servis mərkəzinin və Qubadlının Mahruzlu kəndində Həştərxan qubernatorluğu tərəfindən uşaq bağçasının tikintisi gedir.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr çərçivəsində 1400 kilometrdən artıq avtomobil yolu çəkilib, 120 kilometrdən çox dəmir yolu xətti inşa olunub, 7 tunel istifadəyə verilib, daha 31 tuneldə qazma işləri tamamlanıb, 392 körpü tikilib. Eyni zamanda, 3 beynəlxalq hava limanı artıq istismara verilib. Hazırda 75 mindən çox insan doğma torpaqlarda yaşayır, işləyir və təhsil alır.

İqtisadiyyatın “statistika” üzü

Məlumdur ki, iki ölkə arasında ötən il ticarət dövriyyəsi 4,9 milyard ABŞ dollarına çatıb. Burada Rusiyanın Azərbaycana yatırdığı ümumi investisiyaların həcmi da xüsusi diqqət çəkir. 10,5 milyard ABŞ dollarlıq maliyə portfeli və qeyri-neft sektoruna 2,9 milyard dollarlıq investisiya müsbət dinamikanı nümayiş etdirir. Həmçinin ölkəmizdə 1400-dən çox Rusiya şirkəti fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan investisiyalarının da Rusiya iqtisadiyyatında mövqelərinin möhkəmləndiyi, sanatoriya, sənaye və istehsal layihələrinin uğurla icra olunduğu bildirilib.

Rusiya Baş nazirinin müavini Aleksey Overçukun da diqqətə çatdırdığı kimi, hazırkı iclas Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunda keçirilir və bu, regionda əməkdaşlığın yeni mərhələsini əks etdirir. Rusiya tərəfi Azərbaycan ərazisində həyata keçirilən investisiya və inkişaf layihələrində yerli biznesin daha fəal iştirakını dəstəkləyir. İki ölkə arasında hesablaşmaların əsas hissəsi milli valyutalarla aparılır ki, bu da iqtisadi inteqrasiyanı daha da gücləndirir.

Digər tərəfdən, turist axını məsələsi də iclasın gündəliyində idi. Qeyd olundu ki, 2025-ci ildə qarşılıqlı turist axını 701,5 min nəfər təşkil edib ki, bunlardan təxminən 500 min Rusiya vətəndaşı Azərbaycana, 200 minə yaxın Azərbaycan vətəndaşı isə Rusiyaya səfər edib.

Sonda isə deyə bilərik ki, Azərbaycan–Rusiya iqtisadi münasibətləri geoiqtisadi sistemin mühüm tərkib hissəsinə çevrilir. Bu proses ölkəmizin tranzit, enerji və investisiya mərkəzi kimi rolunu gücləndirir, eyni zamanda, regionda sabitlik və iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir.

Zahid MƏMMƏDOV,
İqtisad Universiteti İqtisadi Araşdırmalar İnstitutunun direktor müavini, professor

Zəngilanda keçirilən iclas yeni mərhələdə iki ölkə arasındakı iqtisadiyyatın başlanğıc nöqtəsidir. Azərbaycan ilə Rusiya Federasiyası arasında iqtisadi münasibətlər əsasən qarşılıqlı maraqlar, regional nəqliyyat-logistika inteqrasiyası və müxtəlif sektorların paralel inkişafı üzərində qurulub. İki ölkə arasında ticarət dövriyyəsi ildən-ilə artan dinamika nümayiş etdirir. Azərbaycan Rusiyaya əsasən kənd təsərrüfatı məhsulları — meyvə-tərəvəz, eləcə də neft məhsulları ixrac edir. Rusiyadan isə taxıl, ərzaq məhsulları, metallurgiya və maşınqayırma məhsulları, həmçinin sənaye avadanlıqları idxal olunur.

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri kimi qeyri-neft ixracında xüsusi yer tutur. Ən mühüm birgə layihələrdən biri nəqliyyat sahəsində “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizidir. Bu marşrut Azərbaycanın strateji tranzit ölkə kimi rolunu daha da gücləndirir.

Enerji sahəsində əməkdaşlıq daha çox koordinasiya xarakteri daşıyır. Neft bazarında qiymət sabitliyinin qorunması, qaz tədarükü və regional enerji təhlükəsizliyi məsələləri üzrə qarşılıqlı fəaliyyət davam edir. Bu kontekstdə “SOCAR” ilə “Qazprom” arasında əlaqələrin inkişafı xüsusi əhəmiyyət kəsb edir.

Rusiya bazarı Azərbaycan kənd təsərrüfatı məhsulları üçün əsas ixrac istiqamətlərindən biri olaraq qalır. Eyni zamanda, Rusiya şirkətləri Azərbaycanda sənaye, tikinti və bank sektorlarında aktiv fəaliyyət göstərir. Azərbaycan sərmayələri də Rusiyada əsasən ticarət və xidmət sahələrinə, eləcə də, sənaye layihələrinin inkişafına yönəldilir.

Bununla yanaşı, mövcud əməkdaşlıq müəyyən çətinliklərdən də xali deyil. Valyuta dalğalanmaları, gömrük prosedurları və logistika məsələləri, həmçinin bazarların şaxələndirilməsi zərurəti qarşıda duran əsas çağırışlar kimi qiymətləndirilir. Perspektiv baxımdan, gələcəkdə qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi, rəqəmsal iqtisadiyyat və logistika texnologiyalarının inkişafı, eləcə də regional ticarət inteqrasiyasının dərinləşdirilməsi prioritet istiqamətlər kimi nəzərdə tutulur. Bu çərçivədə Azərbaycanın Şimali Qafqaz regionları və Həştərxan vilayəti ilə iqtisadi əlaqələrinin daha da gücləndirilməsi xüsusi önəm daşıyır.

Nurlan ABDALOV
XQ



İqtisadiyyat