Vergi sistemində rəqəmsal hədəflər

post-img

Ötən il büdcəyə 16,4 milyard manata yaxın vergi gəliri daxil olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda forum keçirib. Məclisdə ölkənin iqtisadi idarəetmə sistemində vergi siyasətinin rolu, rəqəmsal transformasiya və gələcək inkişaf prioritetləri müzakirə olunub.

Baş nazirin müavini Samir Şərifov çıxışında bildirib ki, müasir dövrdə iqtisadi qərarların qəbulu əvvəlki mərhələlərlə müqayisədə daha mürəkkəb xarakter daşıyır. Qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərin artması, geosiyasi risklər, enerji bazarlarında dəyişkənlik və maliyyə axınlarının transformasiyası dövlətlər qarşısında yeni çağırışlar yaradır. Bu şəraitdə əsas məqsəd qısamüddətli reaksiyalar vermək deyil, dayanıqlı iqtisadi idarəetmə modelini qorumaqdır.

Forumda iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov isə son illərdə ölkə iqtisadiyyatında özəl sektorun rolunun əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Nazir qeyd edib ki, 2019-cu ilin əvvəli ilə müqayisədə 2025-ci ildə qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin payı 38,5 faizdən 54,4 faizə yüksəlib. Bu sektorda əmək müqavilələrinin sayı 1,9 dəfə artaraq 1 milyonu keçib və dövlət sektorunun göstəricisini üstələyib. Qeyri-neft-qaz özəl sektorunun iqtisadiyyatda çəkisi sürətlə artır. Ötən il bu sahədən daxilolmalar sektor üzrə ümumi daxilolmaların 76 faizinə çatıb. 2021-2025-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in orta illik 5,9 faizlik real artımı iqtisadi genişlənmənin əsas mənbələrindən biri olub.

Bu prosesdə özəl sektorun rolu xüsusi əhəmiyyət daşıyır və dövlət tərəfindən tətbiq olunan vergi və gömrük güzəştləri bu inkişafın mühüm stimullaşdırıcı alətlərindən sayılır. Nəticədə, ölkə iqtisadiyyatında struktur dəyişiklikləri dərinləşir, özəl sektorun vergi daxilolmalarında payı ardıcıl şəkildə artır. 2025-ci ildə qeyri-neft-qaz özəl sektoruna yönəlmiş əsas kapitala investisiyalar 11,1 faiz, xarici mənbələr hesabına yatırımlar isə 24 faiz artıb.

Qeyri-neft-qaz sənayesində investisiya artımı 26 faizə yaxın olub. 2021-2025-ci illərdə bu sahədə əlavə dəyər orta hesabla hər il 8 faiz yüksəlib və nəticədə, qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2018-ci ildəki 58,3 faizdən 2025-ci ildə 71,5 faizə çatıb.

Bununla yanaşı, Azərbaycanda süni intellekt texnologiyalarının tətbiqini təşviq edən vergi stimullarının genişləndirilməsi prioritet istiqamətlərdən biri olması da vurğulanıb. Qeyd edilib ki, bu addımlar yüksək texnologiyalara əsaslanan iqtisadi modelə keçidi sürətləndirməyə xidmət edir. Artıq ölkədə superkompüter mərkəzi fəaliyyət göstərir, rəqəmsallaşma sahəsində mühüm layihələr həyata keçirilir və insan kapitalının inkişafına xüsusi diqqət ayrılır. Bu məqsədlə İKT sektoru, startap ekosistemi və yüksəkixtisaslı mütəxəssislər üçün daha çevik və rəqabətqabiliyyətli vergi mühitinin formalaşdırılması nəzərdə tutulur.

Ölkədə makroiqtisadi sabitliyin qorunması və əlverişli biznes mühitinin yaradılması investorlar üçün uzunmüddətli etimad mühiti formalaşdırır. Azərbaycanın strateji coğrafi mövqeyi, geniş nəqliyyat-logistika imkanları, iqtisadi zonalarda yaradılmış müasir infrastruktur, vergi və gömrük güzəştləri, eləcə də dövlət-özəl tərəfdaşlığı mexanizmləri sərmayədarlar üçün geniş imkanlar açır. Qlobal tərəfdaşlarla yaradılmış birgə investisiya fondları isə yeni texnologiya və kapital axınının ölkəyə cəlb edilməsini gücləndirir. Bu müsbət iqtisadi dinamika fonunda ölkənin suveren kredit reytinqi də yüksəlib – Fitch Ratings və Moody's agentlikləri Azərbaycanın reytinqini investisiya səviyyəsinə qaldıraraq gələcək dövr üzrə proqnozu müvafiq olaraq “stabil” və “müsbət” kimi qiymətləndiriblər.

Forumda çıxış edən Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli isə bildirib ki, 2025-ci ildə qlobal siyasi və iqtisadi qeyri-müəyyənliklərə baxmayaraq, ölkə iqtisadiyyatı sabitlik və çevik uyğunlaşma qabiliyyəti nümayiş etdirib. Onun sözlərinə görə, ötən il dövlət büdcəsinə, təxminən, 16,4 milyard manat vergi daxil olub. Bunun 12 milyard manatdan çoxu qeyri-neft-qaz sektorunun payına düşüb.

Ümumilikdə, Dövlət Vergi Xidmətinin xətti ilə fiskal daxilolmaların həcmi 24,2 milyard manata yaxınlaşaraq ümumi fiskal yığımların 79,1 faizini təşkil edib. 2025-ci ildə vergi daxilolmaları proqnoza münasibətdə 105,5 faiz, qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 102,9 faiz səviyyəsində icra olunub.

Orxan Nəzərli vurğulayıb ki, ölkədə vergi sistemində aparılan islahatlar iqtisadi fəallığın artmasına da müsbət təsir göstərir. 2025-ci ildə vergi ödəyicilərinin sayı 6,5 faiz artaraq 860 minə yaxınlaşıb ki, bu da 2019-cu illə müqayisədə 73,2 faiz çoxdur. Könüllü əməletmə göstəricisi 92,6 faizə çatıb və son illərdə bu sahədə ciddi irəliləyiş qeydə alınıb.

Xidmət rəisinin sözlərinə görə, əldə olunan nəticələr yalnız inzibati nəzarətin gücləndirilməsi ilə bağlı deyil, həm də iqtisadi fəaliyyətin leqallaşdırılması və vergi ödəyiciləri ilə dövlət arasında qarşılıqlı etimadın artması ilə bağlıdır. Bu yanaşma “kölgə iqtisadiyyatı”nın miqyaslarının azalmasına və vergi sisteminin daha şəffaf və effektiv fəaliyyətinə şərait yaradır.

Azərbaycanda iqtisadi siyasətin formalaşdırılması qlobal proseslərin real təsirlərini nəzərə alan yanaşma üzərində qurulur. Məhz forum da vergi sisteminin müasir çağırışlara uyğun yenilənməsi, rəqəmsal həllərin tətbiqi və data əsaslı idarəetmə modelinin formalaşdırılması istiqamətində həyata keçirilən islahatların ölkənin iqtisadi dayanıqlığının möhkəmləndirilməsinə və daha rəqabətqabiliyyətli biznes mühitinin inkişafına xidmət etdiyini bir daha nümayiş etdirdi.

N.ABDALOV
XQ

İqtisadiyyat