Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Kanadanın “Gran Tierra Energy Inc.” şirkəti arasında ölkəmizin Quba–Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü sazişi imzalanıb. Sənədə SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Gran Tierra Energy Inc.” şirkətinin prezidenti və baş icraçı direktoru Gary Guidry imza atıblar.
Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək Kanada şirkəti 65 faiz iştirak payına malik olacaq. Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.
Yeri gəlmişkən, “Gran Tierra Energy Inc.” Kanadanın, əsasən, Cənubi Amerikada (Kolumbiya və Ekvador) fəaliyyət göstərən, neft və qaz kəşfiyyatı və hasilatı ilə məşğul olan müstəqil enerji şirkətidir. Şirkət 2025-2026-cı illərdə Azərbaycanın Quba–Xəzəryanı regionunda, xüsusən dəniz və quruda karbohidrogen potensialının öyrənilməsi və işlənməsi layihələrində iştirak etmək üçün SOCAR ilə əməkdaşlığa başlayıb.
Qeyd edək ki, Quba–Xəzəryanı perspektiv neft-qaz zonası Azərbaycanın şimal-şərqində, Böyük Qafqazın şimal-şərq yamacından Xəzər dənizinə qədər uzanan, Mezokaynozoy yaşlı çöküntülərdə yüksək neft-qaz potensialına malik tektonik ərazidir. Siyəzən-Xızı zonası da daxil olmaqla, buradakı Yura və Təbaşir dövrü süxurları neft-qaz toplanma obyektlərinin zənginliyi ilə seçilir. Elə tektonik quruluşun mürəkkəbliyi ilə seçilən bu ərazidə aparılmış tədqiqatların nəticələrinə əsasən, bölgədə, xüsusilə Siyəzən monoklinalında və ona bitişik ərazilərdə qazılmış bir neçə struktur-kəşfiyyat quyusunda neft və qaz əlamətlərinin aşkar edilməsi də bunu təsdiqləyir. Eyni zamanda, yeni seysmik kəşfiyyat məlumatları bu zonanın dərinlik quruluşunun və neft-qazlılıq potensialının daha dəqiq müəyyənləşdirilməsinə imkan verir.
XQ

