Dünya Bankı Azərbaycanda “Azerigas Gas Leak Detection and Repair Facility” adlı qaz sızmalarının aşkarlanması üzrə layihəyə dəstək olmaq imkanını nəzərdən keçirir. Sözügedən layihənin məqsədi SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən idarə olunan qazpaylayıcı şəbəkədə sızmalar nəticəsində yaranan metan emissiyalarını azaltmaq, həmçinin şirkətin aktivlərin idarə olunması sahəsində potensialını gücləndirməkdir. 2026-cı il aprelin 23-də təsdiq olunması nəzərdə tutulan layihənin maliyyələşdirmə həcmi 15 milyon ABŞ dolları təşkil edir.
Qurumun bununla bağlı açıqlamasına əsasən, layihə çərçivəsində “Azəriqaz”ın qazpaylayıcı sistemində qaz sızmalarının aşkar edilməsi və aradan qaldırılması üçün vəsait alan qurum tərəfindən icra olunacaq maliyyə mexanizminin yaradılması nəzərdə tutulur. Bu mexanizm “Global Flaring and Methane Reduction Partnership” Trest Fondundan ayrılacaq ilkin qrant hesabına işə salınacaq.
Qrantın alıcısı və qrant hesablarının sahibi SOCAR olacaq. “Azəriqaz” İB isə yeganə benefisiar və layihənin gündəlik icrasına və idarə olunmasına cavabdeh icraçı qurum qismində çıxış edəcək. Metan emissiyalarının mərhələli şəkildə ixtisarı məqsədilə qaz sızmalarının aşkarlanması və təmiri üzrə razılaşdırılmış tədbirlər üçün vəsaitlər SOCAR-dan “Azəriqaz”a yönləndiriləcək.
Layihə Bakıda qaz sızmaları üzrə baza səviyyəsinin formalaşdırılmasına dair “Azəriqaz”ın pilot proqramının təcrübəsinə əsaslanacaq. Təmir işləri əvvəlcədən razılaşdırılmış uyğunluq meyarlarına uyğun olaraq “Azəriqaz” tərəfindən təklif ediləcək və icra ediləcək. Tədbirlərin prioritetləşdirilməsi xərc, mürəkkəblik, təsir dərəcəsi və digər müvafiq amillər nəzərə alınmaqla həyata keçiriləcək ki, hər xərclənən ABŞ dollarına maksimum emissiya azaldılması təmin olunsun.
Dünya bankının məlumatına görə, ilkin mərhələdə və sonrakı dövrlərdə “Global Flaring and Methane Reduction Partnership” Trest Fondunun vəsaitləri OGMP 2.0 standartına uyğun olaraq emissiyaların monitorinqi, hesabatlılıq və verifikasiya sahəsində “Azəriqaz”ın potensialının inkişafına yönəldiləcək.
Yeri gəlmişkən, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Həmin vaxtdan bəri qurum ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə, infrastrukturun inkişafına, dövlət idarəçiliyi və sosial təkmilləşdirməyə yönəlmiş investisiya layihələrinə dəstək göstərib. Ümumilikdə isə, bankın kredit vəsaitləri hesabına indiyədək Azərbaycanda ümumi məbləği 5,2 milyard ABŞ dolları olan 54 layihə həyata keçirilib.
Eyni zamanda, ölkəmiz potensialın artırılması və əsas sektorlarda islahatların həyata keçirilməsi üçün Dünya Bankının müxtəlif məsləhət və texniki yardım proqramlarından faydalanıb. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən müddətdə bank tərəfindən ölkəmizdə reallaşdırılan 115-dən artıq texniki yardım və bir çox istiqamətlərdə qrant layihələrinə isə, təxminən, 30 milyon dollardan artıq vəsait ayrılıb. Azərbaycanın uğurlu tərəfdaşlarından olan Dünya Bankının maliyyə dəstəyi ilə nəqliyyat, sosial, su təchizatı və irriqasiya, kənd təsərrüfatı, ətraf mühit, ədliyyə və digər sahələrdə həyata keçirilən layihələr ölkə iqtisadiyyatının inkişafına, iqtisadi islahatların həyata keçirilməsi və dayanıqlı infrastrukturun təmin olunmasına mühüm töhfələr verib.
Bankın Azərbaycanda maliyyələşdirdiyi “Bərpa Olunan Enerji Mənbələrindən İstifadənin Genişləndirilməsi” (AZURE) layihəsi çərçivəsində tikilən günəş və külək elektrik stansiyaları ölkənin enerji sisteminə inteqrasiya olunmaqla dayanıqlı enerji infrastrukturunun inkişafını təmin edir. Bundan əlavə, “Regional yollar və inkişaf” layihəsi isə regionlararası nəqliyyat bağlantılarını gücləndirərək ümumi iqtisadi fəallığın canlanmasına imkan yaradır. Qurumun maliyyəsi hesabına reallaşdırılan “Məşğulluğa dəstək” layihəsi və onun əlavə maliyyələşdirilməsi təşəbbüsləri isə işsiz əhalinin məşğulluq imkanlarının genişləndirilməsini və işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanı dəstəkləyir.
2025–2029-cu illər üzrə yeni Ölkə Əməkdaşlıq Strategiyası çərçivəsində tərəfdaşlıq ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsallaşma, enerji səmərəliliyi, su təchizatı və işğaldan azad edilmiş ərazilərin bərpası kimi strateji sahələri əhatə edir. Göründüyü kimi, Dünya Bankı ilə əməkdaşlıq ölkəmizin dayanıqlı iqtisadi inkişaf hədəflərinə nail olmasına və infrastrukturunun yenilənməsinə mühüm töhfələr verir.
Mirbağır YAQUBZADƏ
XQ

