“Odlar yurdu” qaz ixracında dünya lideridir

post-img

Son illər Azərbaycan enerji sahəsində atdığı uğurlu addımlar sayəsində regionda və dünya miqyasında etibarlı qaz ixracatçısına çevrilib. Xəzər dənizinin zəngin təbii qaz ehtiyatları üzərində qurulmuş ixrac strategiyası milli iqtisadiyyata böyük töhfə verməklə yanaşı, ölkəmizin beynəlxalq nüfuzunu xeyli artırıb. Heç şübhəsiz, bu uğurun əsasında düşünülmüş enerji siyasəti, strateji tərəfdaşlıqlar və müasir infrastruktur layihələri dayanır. Elə ölkəmizin qaz ixracında əldə etdiyi göstəricilər də bunu əyani şəkildə sübut edir.

Hazırda planetimiz “yaşıl keçid” platformasına yön alsa da reallıq bir daha sübut edir ki, ənənəvi yanacaq növləri hələ uzun illər enerji təhlükəsizliyinin vacib aktoru rolunda çıxışını davam etdirəcək. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bu mühüm məqama toxunaraq bildirib ki, dünya bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməz. Bu amil bir daha onu göstərir ki, ölkəmiz zəngin qaz ehtiyatları hesabına hələ uzun illər Avropanın, eləcə də regionun enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verəcək.

Yeri gəlmişkən, dövlətimizin başçısı BMT-nin yüksək səviyyəli məclisindəki çıxışında enerji təhlükəsizliyinin sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olduğunu vurğulayaraq Azərbaycanın bu məqsədlərin qlobal səviyyədə irəlilədilməsində fəal rol oynamaqda davam etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləməkdə davam edir, şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayır.

Xatırladaq ki, 2007-ci ilin əvvəllərindən etibarən Cənubi Qafqaz boru kəməri (Bakı – Tbilisi – Ərzurum) ilə Gürcüstan və Türkiyəyə qaz nəqlinə başlayan Azərbaycan növbəti illərdə ixrac marşrutunu şaxələndirməyə nail olmaqla Bakıdan Avropanın dərinliyinədək uzanan 3 min 500 kilometrlik Cənub Qaz Dəhlizi kimi nəhəng infrastruktura sahib olub. İndi bu dəhliz, eləcə də birləşdirici boru kəmərləri (interkonnektorlar) Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə misilsiz töhfələr verir. Ümumilikdə isə Cənub Qaz Dəhlizi Avropa İttifaqının enerji şaxələndirmə strategiyasında mühüm yer tutur və Rusiyadan asılılığı azaltmaq məqsədi daşıyır.

Rəsmi statistikaya əsasən, 2024-cü ildə Azərbaycan şaxələndirilmiş boru kəmərləri sistemi ilə ümumilikdə, 25,7 milyard kubmetr təbii qaz ixrac edərək 8,4 milyard ABŞ dolları həcmində gəlir əldə edib. Bu göstəricilər əvvəlki illərlə müqayisədə artım dinamikasının qorunduğunu göstərib. Cari ilin 7 ayı ərzində isə ölkəmizin ixrac etdiyi 14,4 milyard kubmetr “mavi yanacaq”dan qazancı 5,99 milyard dollara çatıb. Bir məqamı da qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında qaz ixracı ölkəmizin ümumi xarici ticarət dövriyyəsinin 34,6 faizini təşkil edib ki, bu da sektorun iqtisadi əhəmiyyətini bir daha təsdiqləyir.

Son illər iqtisadiyyatın şaxələndirilməsini əsas hədəf kimi müəyyənləşdirən Azərbaycan qaz nəqlində də bu strategiyaya daha çox üstünlük verir. Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, ölkəmiz qaz nəqlinə başladığı vaxtdan ixracın coğrafiyasını ildən-ilə genişləndirir. Prezident İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının məlum sessiyasındakı çıxışı zamanı deyib: “Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur. Bu, Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizat marşrutlarının şaxələndirilməsində bizim strateji rolumuzu əks etdirir”. Dövlətimizin başçısı bu ilin avqust ayından Azərbaycanın Türkiyə ərazisindən Suriyaya təbii qaz tədarük etməyə başlamasını xatırladaraq bunun adı çəkilən ölkənin elektrik enerjisi çatışmazlığını əhəmiyyətli dərəcədə azaltdığını bildirib.

Heç şübhəsiz, Azərbaycanın qaz ixrac strategiyası yalnız mövcud bazarlarla məhdudlaşmır. 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq Memorandumuna əsasən, 2027-ci ilə qədər Avropa İttifaqına qaz ixracının illik 20 milyard kubmetr həcmində artırılması planlaşdırılır. Bunun nəticəsi olaraq hazırda Azərbaycan qazının Macarıstan, Serbiya, Rumıniya və digər Mərkəzi-Şərqi Avropa ölkələrinə ixracı ilə bağlı danışıqlar aparılır.

Göründüyü kimi, Azərbaycanın qaz ixracı yalnız iqtisadi amil deyil, həm də enerji təhlükəsizliyi və geosiyasi sabitlik baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanın etibarlı tərəfdaş imici, infrastrukturun çevikliyi və hasilat potensialı ölkəni Avropa və region üçün əvəzsiz enerji təchizatçısına çevirir. Artan ixrac həcmləri, genişlənən bazarlar və davamlı infrastruktur inkişafı ölkəmizin bu sahədəki liderlik mövqeyini daha da möhkəmləndirir. Bu strategiyanın uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq rolunu artırmaqla yanaşı, ölkənin dayanıqlı iqtisadi inkişafını da təmin edəcək.

İlham ŞABAN
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Prezident İlham Əliyevin sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı Azərbaycanın qaz liderliyini bəyan etməsi tarixi baxımdan unikal məqamdır. Dövlətimizin başçısı ali tribunadan ölkəmizin dünya üzrə enerji təhlükəsizliyi sahəsində önə çıxmasını bir daha vurğuladı.

Qeyd etmək istəyirəm ki, qaz ixracında “ölkə sayı” üzrə şəriksiz liderlik uzun illər Rusiyaya məxsus olub. Şimal qonşumuz 2025-ci ildə boru kəmərləri ilə faktiki olaraq 13 ölkəyə qaz ixrac edib. Bunlar: Şərq istiqaməti üzrə Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Çin, Avropa istiqaməti üzrə Slovakiya, Macarıstan, Avstriya, Serbiya, Moldova və Türkiyə, Cənubi Qafqaz istiqaməti üzrə isə Gürcüstan, Ermənistan və Azərbaycanı (apreldən ixrac dayanıb) əhatə edib.

Mühüm qaz ixracatçılarından olan Norveç isə hazırda boru kəməri ilə Avropanın 6 ölkəsini təbii qazla təmin edir. Azərbaycana gəldikdə isə son illər Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verən ölkəmizin bu ilin yayından etibarən Suriyaya qaz nəqlinə başlaması ixracın coğrafiyasını bir qədər də genişləndirib. Artıq qaz alıcılarımızın sayı 14-ə yüksəlib. Beləliklə, Azərbaycan boru kəmərləri şəbəkəsi ilə daha çox alıcı ölkəni əhatə edir.

Yeri gəlmişkən, Azərbaycanın boru kəməri ilə qaz ixracına görə dünyada ilk yerə yüksəlməsi istehlakçıların ona inamından gəlir. Bu, həm də ölkəmizin bütövlükdə regionun və Avropanın enerji təhlükəsizliyində oynadığı rolun bariz göstəricisidir.

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat