Ölkəmiz “yaşıl” hərəkatı da qlobal “dəmir yumruğ”a çevirdi

post-img

Prezident İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında qlobal çağırışlarla bağlı fikir bildirərkən cavab tədbirlərinin inklüziv, ədalətli və ümumbəşəri olmasının zəruriliyini də diqqətə çatdırıb. Dövlətimizin başçısı Azərbaycanın bir çox təşəbbüslərlə dayanıqlı həll variantlarının təşviqinə sadiqlik nümayiş etdirdiyini də vurğuladı. Ölkə rəhbəri daha sonra bəyan etdi: “Ötən il iqlim fəaliyyəti, “yaşıl” keçid və maliyyəyə ədalətli çıxış məsələlərində mühüm nəticələr əldə olunmuş COP29-a ev sahibliyi etməkdən qürur duyduq. COP29-un ev sahibi kimi bütün tərəflərin, xüsusən də inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməklə, iddialı və balanslı nəticələrə yönəlmiş danışıqlara rəhbərlik etdik”.

Dövlətimizin başçısı bu fikirləri ilə Azərbaycanın qlobal iqlim diplomatiyasındakı tarixi nailiyyətlərinin və enerji təhlükəsizliyi sahəsində oynadığı aparıcı rolun mühüm önəm daşıdığını bir daha beynəlxalq aləmə xatırlatdı. Ölkə rəhbərinin nitqi bir tərəfdən iqlim dəyişikliyi ilə mübarizədə yeni mərhələnin başlanğıcını, digər tərəfdən isə enerji reallıqları ilə qlobal təhlükəsizlik arasında tarazlığı əks etdirdi.

Prezident İlham Əliyevin bildirdiyi kimi, COP29-un nəticəsi olaraq qəbul edilən Bakı Maliyyə Hədəfi – Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) beynəlxalq iqlim maliyyələşdirməsi tarixində dönüş nöqtəsi oldu. Bu sənədlə inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər hər il inkişaf etməkdə olan dövlətlərə ən azı 300 milyard ABŞ dolları məbləğində iqlim dəstəyi göstərməsi qırara alındı. Əvvəllər isə uzun illər ərzində müzakirə olunan və icrası çətin görünən bu hədəf Azərbaycanın vasitəçilik və təşəbbüskarlıq missiyası nəticəsində real beynəlxalq öhdəliyə çevrildi.

Beləliklə, COP29-un səmərəli fəaliyyəti ilə qlobal iqlim maliyyələşdirməsində yeni bir uğurlu səhifə açıldı. Bu, iqlim böhranı ilə mübarizənin təkcə siyasi bəyanatlarla deyil, eyni zamanda, ciddi maliyyə öhdəlikləri ilə mümkünlüyünü göstərdi. Bakı Maliyyə Hədəfi bu mənada inqilabi addım kimi qiymətləndirildi. Belə ki, əgər 2009-cu ildə qəbul edilən əvvəlki qərarlarda inkişaf etməkdə olan ölkələr üçün illik 100 milyard dollarlıq vəsait öhdəlik olaraq göstərilmişdisə, indi bu məbləğin ən azı üç dəfə artırılması beynəlxalq birliyin məsuliyyətini daha aydın şəkildə ortaya qoydu.

Bu hədəfin formalaşdırılmasında Azərbaycanın rolu təsadüfi deyil. Çünki son illərdə ölkəmiz həm regionda, həm də beynəlxalq müstəvidə iqlim diplomatiyasında etibarlı vasitəçi imicini möhkəmləndirib. Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq karbon bazarlarının işə salınması üçün çərçivənin qəbul edilməsi də COP29-un mühüm nailiyyətlərindən biridir. Bu, Paris razılaşmasının qəbulundan doqquz il sonra ilk dəfə olaraq onun tam icrasına zəmin yaratdı və gələcəkdə ölkələr arasında karbon ticarətinin genişlənməsinə əlverişli bir yol açdı.

Digər bir mühüm qərarın – İtki və Zərərlərə Cavab Fondunun tam fəaliyyətə başlaması ilə bağlı əldə olunmuş razılıq da mühüm önəm daşıyır. Bu fond COP29 iştirakçıları tərəfindən iqlim dəyişikliyindən ən çox zərər çəkən kiçik ada dövlətlərinə, sahilboyu ərazilərə və digər həssas icmalara həyati dəstək verəcək amil kimi dəyərləndirildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, COP29 yalnız deklarativ bəyanatların deyil, real öhdəliklərin qəbul edildiyi zirvə oldu.

İtki və Zərər Fondunun fəaliyyətə başlamasını təmin edən tarixi qərar inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi tarixi bir sənəd idi. Əslində, bu, Prezident İlham Əliyevin iqlim dəyişmələrinin fəsadlarının kiçik ada ölkələrinə törətdiyi çətinliklərin həlli məsələsinin COP29 Sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğunlaşdırılması idi.

Xatırladaq ki, İtki və Zərər Fondunun yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınıb. Əsas məqsəd isə bu maliyyə qurumunun iqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək olub. Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28 zamanı fondun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul edilib. COP29 Sədrliyi tərəfindən isə İtki və Zərər Fondunun fəaliyyətinin gerçəkləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, bu istiqamətdə İdarə Heyəti və Dünya Bankı ilə sıx əməkdaşlığa başlanılıb.

Xatırladaq ki, Azərbaycanın iqlim gündəliyindəki təşəbbüsləri respublikamızın enerji siyasəti ilə sıx bağlıdır. Dövlətimizin başçısı çıxışında haqlı olaraq qeyd etdi ki, “yaşıl” keçidə sadiqlik real hədəflərlə müşayiət olunmalıdır. Dünya iqtisadiyyatı hələ yaxın onilliklərdə mədən yanacaqlarından tamamilə imtina edə bilməz. Buna görə də bərpa olunan enerji ilə yanaşı, neft və qaz resurslarının rasional istifadəsi də qlobal sabitliyin əsas şərtlərindən biri olaraq qalır.

Azərbaycan bu balansı qoruyan azsaylı ölkələrdən biridir. Çünki bir tərəfdən respublikamız külək və günəş enerjisi layihələri ilə Cənubi Qafqazın “yaşıl” enerji mərkəzinə çevrilir, digər tərəfdən isə neft – qaz infrastrukturu şaxələndirilərək, beynəlxalq bazarlara etibarlı enerji tədarükü gerçəkləşdirilir. Bu, həm regional iqtisadi inkişafı, həm də qlobal enerji təhlükəsizliyini dəstəkləyən unikal model kimi dəyərləndirilir.

Prezident İlham Əliyevin Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışının digər mühüm bir xətti isə enerji təhlükəsizliyi ilə bağlı idi. Dövlət başçısı bununla əlaqədar enerji təhlükəsizliyinin iqtisadi məsələ kimi diqqət çəkilməsi ilə bərabər, həm də sülh, regional əməkdaşlıq və davamlı inkişafın əsas təminatı olduğunu bildirdi.

Azərbaycan son illərdə həyata keçirdiyi beynəlxalq enerji layihələri ilə bu reallığı praktik müstəvidə təsdiq edib. Bakı – Tbilisi – Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və digər strateji layihələr Xəzər regionunu dünya bazarları ilə birləşdirərək, Avropanın və qonşu regionların enerji təhlükəsizliyində əvəzsiz rol oynayıb. Azərbaycan, eyni zamanda, ötən illər ərzində yalnız enerji ixracatçısı deyil, həm də qlobal enerji əməkdaşlığının mərkəzi kimi çıxış edib. Bu missiya, həmçinin Azərbaycanın beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş imicini möhkəmləndirib. Respublikamız istər iqlim diplomatiyasında, istərsə də enerji əməkdaşlığında konsensus yaradıcı və qarşılıqlı faydalı əməkdaşlıq tərəfdarı kimi tanınıb.

Nyu – Yorkdakı çıxış bir daha göstərdi ki, Azərbaycan həm regional, həm də qlobal səviyyədə məsuliyyətli oyunçu kimi çıxış edir. İqlim maliyyələşdirilməsində tarixi qərarların qəbul edilməsinə töhfə verməsi, enerji təhlükəsizliyi ilə bağlı layihələri gerçəkləşdirməsi həssas icmalara dəstək mexanizmlərinin işə salınmasında vasitəçi rolu ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirir. Azərbaycanın bu fəaliyyətləri yalnız cari dövr üçün deyil, eyni zamanda, gələcək nəsillər üçün mühüm əhəmiyyət daşıyır. COP29-un uğurları və Bakı Maliyyə Hədəfinin qəbulu respublikamızın qlobal liderlik rolunu təsdiqləyən amillərdən biridir.

Azərbaycan COP29 kimi beynəlxalq konfransa uğurla ev sahibliyi etdiyi kimi, planetimizi təhdid edən iqlim dəyişikliləri ilə mübarizə yolunda da mühüm qərarların qəbuluna nail oldu. Bununla da ölkəmizdə keçirilən bu mühüm iqlim sessiyasına şübhə ilə yanaşanlara, onun əhəmiyyətini heçə endirməyə cəhd edənlərə, bir növ, tutarlı cavab verildi.

Beləliklə, dövlətimizin başçısının BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın qlobal iqlim diplomatiyasında və enerji təhlükəsizliyi gündəliyində oynadığı əhəmiyyətli rolu aydın şəkildə ortaya qoydu. Bakı Maliyyə Hədəfi beynəlxalq iqlim maliyyələşdirilməsində yeni səhifə açaraq, inkişaf etməkdə olan ölkələr üçün böyük imkanlar yaratdı. Həmçinin, enerji təhlükəsizliyi ilə bağlı strateji baxış respublikamızın dünya miqyasında etibarlı tərəfdaş mövqeyini daha da gücləndirdi, eləcə də Azərbaycanın təşəbbüskarlığı və balanslı siyasəti həm qlobal iqlim böhranının aradan qaldırılmasına, həm də sabit və təhlükəsiz enerji gələcəyinin qurulmasına real töhfə verdi.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat