Son illər Azərbaycanın qeyri-neft sektorunun inkişafı və ixracın şaxələndirilməsi istiqamətində görülən tədbirlər məhsulların xarici bazarlarda tanınmasına və rəqabət qabiliyyətinin yüksəlməsinə mühüm töhfə verib. Bu prosesdə “Made in Azerbaijan” brendinin təşviqi və ixracın stimullaşdırılması üzrə mexanizmlər xüsusi rol oynayır.
2019-2024-cü illərdə qeyri-neft ixracı 72 faiz artaraq 2024-cü ildə 3,4 milyard dollara çatıb və tarixi rekord müəyyənləşdirib. Təkcə yanvar-iyul aylarında 2 milyard dollardan çox ixrac reallaşıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur. Əsas bazarlar sırasında Rusiya, Türkiyə, ABŞ və Gürcüstan önə çıxır.
Qeyri-neft ixracının təşviqi məqsədilə 10 dəstək mexanizmi tətbiq edilir. Bunlara ixrac missiyaları, beynəlxalq sərgilərdə iştirak, xarici bazarlarda “Made in Azerbaijan” rəflərinin təşkili, reklam kampaniyaları və beynəlxalq sertifikatların alınmasına dəstək daxildir.
Gələcəkdə isə yeni mexanizmlərin – elektron ticarət platformalarında satış, əqli mülkiyyət hüquqlarının qorunması və daşımaların təşviqi kimi tədbirlərin tətbiqi planlaşdırılır.
Bu nəticələr ölkənin sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, 2026-cı ilə qədər qeyri-neft ixracını 4 milyard dollara çatdırmaq hədəfinə xidmət edir.
XQ