Xankəndi gözəlləşir, Ağdərə yeniləşir, Xocalı dirçəlir

post-img

Bu şəhərlərə 45,5 milyon manat investisiya qoyulub

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında sahibkarların səmərəli fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Həmin şəhər və rayonlardakı 474 tikili müraciətlər əsasında qanunvericiliyə uyğun olaraq sahibkarlara icarəyə verilib. Obyektlərə isə investorlar tərəfindən 45,5 milyon manat investisiya yönəldilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu çıxışında həmin yaşayış sahələrində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov deyib.

S.Qəhrəmanovun sözlərinə görə, fəaliyyətə başlamış obyektlər üzrə 2 minə yaxın şəxs işlə təmin olunub. Mövcud müqavilələr üzrə digər obyektlər fəaliyyətə başladıqdan sonra iş yerlərinin sayının 5 minə çatacağı nəzərdə tutulub.

Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, işğaldan azad olunmuş ərazinin rezidentləri 2023-cü ilin yanvarın 1-dən etibarən 10 il müddətinə gəlir və əmlak, torpaq və sadələşdirilmiş vergidən azad ediliblər. Bu təşviq mexanizmləri Qarabağın iqtisadiyyatının bərpası prosesinə yerli investorlarla yanaşı, xarici investorların da cəlb edilməsinə şərait yaradır

 

İqtisadiyyat