Energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib ki, bu ilin ilk rübündə Azərbaycanda elektrik enerjisinin istehsalı 7 milyard 171,8 milyon kVt-saat, ixracı 385 milyon kVt-saat, idxalı isə 35,7 milyon kVt-saat olub.
Bu dövrdə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 243,9 milyon kVt-saat artımla (40 faiz) 853,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Yeri gəlmişkən, Energetika Nazirliyinin məlumatına əsasən, hesabat dövründə istilik elektrik stansiyalarında (İES) 6 milyard
318 milyon kVt-saat, su elektrik stansiyalarında (SES) isə 669,6 milyon kVt-saat elektrik enerjisi istehsal olunub. Digər mənbələr üzrə istehsal 183,9 milyon kVt-saat, o cümlədən külək elektrik stansiyalarında 9,5 milyon-kVt saat, günəş elektrik stansiyalarında 112,5 milyon kVt-saat olub. Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 61,9 milyon kVt-saat elektrik enerjisi istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında 243,9 milyon kVt-saat artım qeydə alınıb.
Rüb ərzində elektrik enerjisinin istehsalı “AzərEnerji” ASC üzrə 6 milyard 385 milyon kVt-saat (İES-lərdə 5 milyard 739,9 milyon kVt-saat, SES-lərdə 645,1 milyon kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 91,2 milyon kVt saat (İES-lərdə 55,7 milyon kVt-saat, SES-lərdə 21,7 milyon kVt-saat, GES-də 13,8 milyon kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,3 milyon kVt-saat, müstəqil elektrik stansiyaları üzrə isə 689,3 milyon kVt-saat təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 385,0 milyon kVt-saat, idxalı isə 35,7 milyon kVt-saat olub. Qeyd edək ki, bu ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 319 milyon kVt-saat olub. Bu dövrdə elektrik enerjisinin ixracı 85,6 milyon kVt-saat, idxalı isə 16,1 milyon kVt-saat təşkil edib.