İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC tərəfindən inşa edilən “Mühəndis Soltan Kazımov” gəmisi üzən tərsanə vasitəsilə suya salınıb. Yeni gəmidən dənizdə dibdərinləşdirmə işləri həyata keçiriləcək.
Xatırladaq ki, ölkəmizin tarixində ilk dəfə inşa edilən dibdərinləşdirmə gəmisinin layihələndirilməsi işləri Niderlandın “Damen Shipyards Gorinchem B.V.” şirkətinin təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilib. Sonrakı mərhələdə Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə gəminin sınaq işləri görüləcək.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının sifarişi ilə hazırlanan dibdərinləşdirən gəminin ümumi uzunluğu 61,20 metr, gövdənin uzunluğu 49,30 metr, ümumi eni 10,50 metr, suya oturumu 1,65 metr, qazma dərinliyi isə 18 metr təşkil edir. Dənizdə dibdərinləşdirmə işləri həyata keçirəcək gəminin inşasının tam yekunlaşıb təhvil verilməsi cari ilin may ayına nəzərdə tutulub.