2025-ci il fevral ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 29 milyard 325,3 milyon manat təşkil edib. Bu isə ilin əvvəlinə nisbətən 37,1 milyon manat çoxdur. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2024-cü ilin fevral ayının 1-i ilə müqayisədə ölkə iqtisadiyyatına kredit qoyuluşları 4 milyard 962,8 milyon manat və ya 20,4 faiz artıb. Xatırladaq ki, ötən ilin fevral ayının 1-nə kredit qoyuluşlarının həcmi 24 milyard 362,5 milyon manat təşkil edib.
Kredit təşkilatları tərəfindən verilən vəsairlərin 21 milyard manatı və ya 76,5 faizi Bakı şəhərinin payına düşüb. Hesabat dövrü ərzində kredit qoyuluşunun ən az orta faiz dərəcəsi Bakı şəhəri (12,04 faiz), ən çox isə Qarabağ iqtisadi rayonu (19,16 faiz) üzrə qeydə alınıb. Yeri gəlmişkən, fevralın 1-nə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlaı üzrə kredit qoyuluşu müvafiq olaraq 474,7 milyon manat və 9,8 milyon manat təşkil edib.
Ümumi kredit qoyuluşunun 1,1 milyard manatı Abşeron–Xızı, 821,1 milyon manatı Gəncə–Daşkəsən, 652,4 milyon manatı Lənkəran–Astara, 552,5 milyon manatı Mərkəzi Aran, 526 milyon manatı Şəki–Zaqatala, 524,6 milyon manatı Qazax–Tovuz, 467,6 milyon manatı Quba–Xaçmaz, 431,7 milyon manatı Şirvan-Salyan, 420,9 milyon manatı Naxçıvan, 300,2 milyon manatı Mil–Muğan, 186,05 milyon manatı isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.