Azərbaycan Dövlət Neft Şirkətindən “XQ”yə bildirilib ki, cari il Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) “Avro-5” standartına uyğun
1,7 milyon ton avtomobil benzininin istehsalı proqnozlaşdırılır.
Qeyd edilib ki, 2024-cü ildə müəssisədə 1,4 milyon ton avtomobil benzini istehsal edilib ki, bunun 0,6 milyon tonu “Avro-
5” standartına uyğun məhsul olub. Zavodun planlı əsaslı təmiri dövründə isə ölkədaxili tələbat idxal hesabına təmin edilib.
Xatırladaq ki, NEZ benzin, aviasiya kerosini, dizel yanacağı, neft koksu, mazut və digər neft məhsulları istehsal edərək daxili bazarın tələbatının əsas hissəsini ödəyir. Zavodun istehsal etdiyi məhsulun 45 faizi xarici bazarlara satılır.
Daxili və xarici bazarın artan tələbatı ilə əlaqədar NEZ-in istehsal gücünün artırılması, bazarın “Avro-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin xammala olan tələbatının ödənilməsi, eləcə də neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədilə zavodun yenidən qurulması və moderniləşdirilməsi layihəsi həyata keçirilir.
Layihənin həyata keçirilməsi başa çatdıqdan sonra NEZ-in illik emal gücü 6 milyon tondan 7,5 milyona tona, əsas qurğulardan olan katalitik krekinq qurğusunun istehsal gücü isə ildə 2 milyon tondan 2,5 milyon tona qədər artırılacaq.