AYİB-in ölkəmizə kredit yatırımı 1 milyard avronu keçib

post-img

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) respublikamızdakı mövcud kredit portfeli bu il yanvarın 1-nə 1,052 milyard avro (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz və yaxud 22 milyon avro çox) olub. Həmin tarixə 32 layihəni əhatə edən portfel 1,03 milyard avro məbləğində qiymətləndirilib. 

AYİB-in məlumatına əsasən, portfelin əsas hissəsi – 92  faizi (964 milyon avro) dayanıqlı infrastrukturun inkişafına, 5 faizi (54 milyon avro) korporativ sektora, 3 faizi (34 milyon avro) isə maliyyə institutlarına yönəldilib. Ümumilikdə, AYİB tərəfindən ölkəmizə 195 layihə çərçivəsində 4,04 milyard avrodan çox investisiya yatırılıb.

Bildirilib ki, 2024-cü il dekabrın 31-nə bankın ölkədəki  əməliyyat vəsaitlərinin məbləği ötən il 31 oktyabr tarixinə olan göstərici ilə müqayisədə 13,2  faiz (88 milyon avro) artaraq 754 milyon avro təşkil edib.

Qeyd edək ki, AYİB-in  məlumatına görə, bu maliyyə qurumu  keçən il respublikamızda  8 layihənin icrasına 196 milyon avro investisiya yatırıb. Bank bu investisiyanın 82 faizini “yaşıl” iqtisadiyyata – enerji və nəqliyyat sektorları, maliyyə institutları, kiçik və orta biznes (KOB) sub­yektləri kimi müxtəlif sahələrə yönəldib.

Bank ölkənin karbonsuzlaşdırma hədəflərini dəstəkləyən əsas tərəfdaşlardan biri olub. Paytaxtımızda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) zamanı AYİB  Qafqazda ən böyük kommunal miqyaslı günəş elektrik stansiyalarının tikintisini birgə maliyyələşdirib və hazırda Azərbaycanda maliyyələşdirilən bərpaolunan enerjinin həcmi 1,2 giqavatı ötüb. Maliyyə qurumu respublikamıza ilk dəfə bərpa olunan enerji auksionunun keçirilməsində dəstək göstərib və yekun  COP29-da elan edilib. Nəticədə Qaradağ rayonunda 100 meqavatlıq günəş elektrik stansiyasının istismara verilməsi istiqamətində işə başlanılıb.    

Bank, eyni zamanda, Azərbaycanın ticarət donanmasının fəaliyyətinin genişləndirilməsi üçün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə  42 milyon ABŞ dolları (38,71 milyon avro) kredit ayıraraq ölkənin nəqliyyat potensialına investisiya yatırıb. 2024-cü ildə AYİB Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq edərək, ticarətin maliyyələşdirilməsi limitini 50 milyon ABŞ dollarına (46,7 milyon avro) qədər təsdiqləyib. Bu mexanizm  maliyyə qurumunun Ticarətin Asanlaşdırılması Proqramı vasitəsilə Azərbaycan şirkətlərinin ixrac və idxal əməliyyatlarını dəstəkləmək və onların qlobal bazarlara inteqrasiyasına kömək etmək məqsədi daşıyıb.

Azərbaycanda fəaliyyət göstərən KOB-lar da AYİB-in fəal fəaliyyətinin əhəmiyyətli benefisiarları olub. İl ərzində və Avropa İttifaqının donor dəstəyi ilə bank yerli bizneslərə kredit üçün “AccessBank”  və “Bank Respublika”ya böyük məbləğdə kredit verib. AYİB, eyni zamanda, “AccessBank” ilə imzaladığı 15 milyon avro dəyərində yeni vəsaitlə Azərbaycanda Risk Bölüşdürmə Mexanizmini yenidən işə salıb.

Qeyd edək ki, AYİB indiyədək Azərbaycana 194 layihə çərçivəsində 3,962 milyard avro həcmində investisiya yatırıb. Həmin məbləğin 81 faizi (3,212 milyard avro) borcgötürənlər tərəfindən real iqtisadiyyata yönəldilib. Ümumi investisiyalarda özəl sektorun payı 26 faizdən 37 faizə yüksəlib.

Maliyyə qurumu Azərbaycanda bərpaolunan enerji layihələrinin icrasında fəal iştirak edən və bu istiqamətdə yüksək nəticələrə imza atan yeganə çoxtərəfli inkişaf bankı olmaqdan qürur duyur. Bankın bununla bağlı açıqlamasında deyilir: “2022-ci ildə biz ilk özəl kommunal miqyaslı 240 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasını maliyyələşdirənlərdən biri olduq. Bunun ardınca 2023-cü ildə ölkənin ilk kommunal miqyaslı 240 MVt gücündə Xızı–Abşeron külək elektrik stansiyasının maliyyələşdirilməsi reallaşdı. Bu uğurlu investisiyalar iqlim maliyyələşdirməsinin daha da səfərbər edilməsinə yol açdı və bu il Biləsuvar və Neftçalada sazişin imzalanması ilə yekunlaşdı. Qafqazda bu günə qədər ən böyük olan bu günəş elektrik stansiyalarının ildə 600 min tondan çox CO2 qənaət edəcəyi təxmin edilir. 300 minə qədər evi “yaşıl” enerji ilə təchiz etməklə yanaşı, bu əhəmiyyətli investisiya regionun bütün bərpa olunan enerji bazarı üçün yeni bir mərhələdir”.

Qeyd edək ki, AYİB  1991-ci ildən fəaliyyətə başlayıb. Ötən müddət ərzində əsasən, keçmiş sosialist ölkələri və Mərkəzi Asiya dövlətlərinə bazar iqtisadiyyatına keçid məqsədilə kredit və texniki yardım üçün kredit, həmçinin ianələr ayırıb. 
Böyük Britaniyanın paytaxtı London şəhərində 2019-cu ildə keçirilən ­AYİB-in Şərq Tərəfdaşlığı İnvestisiya Sammiti çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə bu maliyyə institutu arasında ölkəmizin Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Regional Tərəfdaşlıq Fondunda iştirakı ilə əlaqədar ianə haqqında, həmçinin respublikamızın AYİB-in donorları icmasına qoşulması ilə bağlı sazişlər imzalanıb.

İqtisadiyyat