Fermerlərə 6,4 milyon manat aqrar sığorta ödənilib

post-img

Qlobal iqlim dəyişikliklərinin mənfi təzahürü olan təbii fəlakətlər kənd təsərrüfatına xeyli ziyan vurur. Müşahidələr göstərir ki, hər il minlərlə hektar əkin sahəsi və meyvə bağları müxtəlif təbiət hadisələrinin: leysan yağışları, dolu, qasırğa, fırtına, sel-subasma kimi halların təsirinə məruz qalır. Nəticədə, əkin-biçin adamının minbir əziyyətlə yetişdirdiyi məhsul bir andaca məhv olur. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ekspertləri bildirirlər ki, təbii fəlakətlər nəticəsində iqtisadi itkilərin 63 faizi məhz kənd təsərrüfatının payına düşür. 

Son illər Azərbaycanda da gözlənilməz təbiət hadisələri getdikcə daha çox hiss olunur. Təbiətin ani şıltaqlığından ən çox ziyan görən isə fermerlər olur. Bu da bəzən onların əlini işdən soyudur, əkin-biçinə maraqlarını azaldır. Ölkəmizdə bir neçə il əvvəl tətbiqinə başlanmış aqrar sığorta mexanizmi isə kəndlini müxtəlif təbiət hadisələrinin vurduğu ziyandan qoruyur, onun sabaha inamını artırır. Artıq Aqrar Sığorta Fondu kimi himayədarı olan fermerlər, əkin-biçin adamları özlərini daha arxayın və güvənli hesab edirlər. Elə aqrar sığorta mexanizmi də hər an, hər yerdə kəndlinin yanındadır. Təbii fəlakətdən ziyan görmüş fermerin bununla bağlı müraciəti daxil olan kimi fondun ekspertləri dərhal təsərrüfatlara baxış keçirərək dəymiş ziyanı yerindəcə müəyyənləşdirir, əkin-biçin adamına veriləcək sığorta ödənişinin məbləğini təyin edirlər. 

Kənd Təsərrüfatıl Nazirliyinin məlumatına görə, 2024-cü ildə  müxtəlif hadisələr nəticəsində zərərlə üzləşən fermer və təsərrüfatlara Aqrar Sığorta Fondu tərəfindən 6,4 milyon manat məbləğində aqrar sığorta ödənişi edilib ki, bu da əvvəlki illə müqayisədə 2 milyon manat və ya 46 faiz çoxdur. Bu göstərici fond fəaliyyətə başlayandan sonra ən böyük illik sığorta ödənişi kimi qeydə alınıb.  

Ötən il fermerlərə 5 milyon 246 min manat (1,7 milyon manat və ya təqribən 50 faiz çox) bitkiçilik sığortası edilib. Xatırladaq ki, 2023-cü ildə bu cür ödənişlər 3,5 milyon manat olub. Hesabat dövründə heyvandarlıq sığortası üzrə ödənişlər isə 267 min manat və ya 29 faiz artıb. Belə ki, 2023-cü ildə sığortalı heyvandarlıq təsərrüfatlarına dəyən zərər üzrə 910 min manat ödənilib.

Nazirliyin məlumatına əsasən, 2024-cü ildə bitkiçilik sahəsində ən çox hadisə və sığorta ödənişləri fırtına-qasırğa, sel-subasma və dolu hadisələri üzrə edilib. Ötən il fermer və təsərrüfatlara ən çox sığorta ödənişləri taxıl, pambıq və qarğıdalı əkinləri ilə yanaşı, üzüm, gilas, alma, badam və ərik bağları, eləcə də çəltik və qarpız sahələri üzrə aparılıb. Heyvandarlıq sığortası üzrə ən çox sığorta ödənişləri isə yoluxucu xəstəliklər, ot və yemdən zəhərlənmə, ilan və həşərat sancmalarına görə həyata keçirilib.

Hazırda meyvə bağlarının şaxtavurma və sair risklərdən sığortası davam edir və Aqrar Sığorta Fondu fermerləri sərfəli şərtlərdən istifadə etməklə öz təsərrüfatlarını sığortalamağa dəvət edir. Meyvə bağlarını, əkin sahələrini, iri və xırdabuynuzlu heyvanları sığortalamaq üçün Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə və fondun bölgələrdəki filiallarına müraciət etmək kifayətdir.

Xatırladaq ki, Azərbaycanda aqrar sığortanın tətbiqi Prezident İlham ­Əliyevin “Aqrar Sığorta Fondunun yaradılması barədə” 19 avqust 2019-cu il tarixli Fərmanı və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, həmin sənədlər kənd təsərrüfatında risklərin sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Aqrar sığorta əkin sahələrini təbiət hadisələri – dolu, qasırğa-fırtına, sel-subasma, şaxtavurma, leysan, normadan artıq qar yağıntıları, 3-cü şəxslərin hərəkətləri və sair risklərdən qoruyur. Sığorta haqqının 50 faizini isə fermerlərə dəstək üçün dövlət ödəyir. Nəticədə, fermerlər cüzi məbləğ ödəməklə meyvə bağlarını və tərəvəz sahələrini sərfəli şərtlərlə sığorta etməklə əkin sahələrini çoxsaylı risklərdən qoruya bilirlər.

İqtisadiyyat