Fındıq ixracı – 129 milyon dollar gəlir

post-img

2024-cü ildə Azərbaycandan dünya bazarına 128,9 milyon ABŞ dolları dəyərində 20,2 min ton meşə fındığı ixrac edilib. Dövlət Gömrük Komitəsindən aldığımız məlumata görə, bu göstərici həcm baxımından əvvəlki illə müqayisədə 3,2 min ton və ya 13,8 faiz az olsa da, dəyər baxımından 5,7 milyon dollar və 4,6 faiz çoxdur.

Ümumilikdə, ötən il meşə fındığı ixracı ölkənin ümumi ixracının 0,49 faizini, qeyri-neft sektoru üzrə ixracının isə 3,84 faizini təşkil edib. 2024-cü il ərzində Azərbaycandan 707,8 milyon ABŞ dolları dəyərində 686,2 min ton meyvə və tərəvəz ixrac olunub. Hesabat dövründə meyvə və tərəvəzin ümumi ixracdakı payı 2,67 faiz, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21,09 faizə bərabər olub.

Eyni zamanda, ötən il Azərbaycana ümumi dəyəri 281,8 milyon ABŞ dolları olan 375 min ton meyvə və tərəvəz idxal edilib. Bu növ məhsulların idxalının dəyəri əvvəlki ilə nisbətən 51,9 milyon ABŞ dolları (22,6 faiz), həcmi isə 22,2 min ton (6,3 faiz) artıb. Hesabat dövründə meyvə və tərəvəzin ümumi idxaldakı payı 1,34 faiz təşkil edib.

İqtisadiyyat