Türk dövlətlərinin qlobal həmrəyliyi

post-img

Birgə ÜDM 1,5 trilyon dollara çatıb

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Türk Dünyasının nüfuzunu, artan iqtisadi-siyasi qüdrətini bir daha diqqətə çatdıraraq Türk Dövlətləri Təşkilatının (TDT) dünya miqyasında ciddi güc mərkəzinə çevrilə biləcəyini bildirib. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri 
Vüsalə Cəfərova bu fikirlə bağlı şərhində hazırda türk dövlətlərinin iqtisadi əlaqələrinin möhkəmləndiyini, qlobal səhnədə daha təsirli mövqe əldə etməyə istiqamətlənən birgə fəaliyyət göstərildiyini vurğulayıb.

O, eyni zamanda, dövlət başçısının bəyanatının türk dünyasının potensialını tam şəkildə üzə çıxarmaq və iqtisadi inteqrasiyanı sürətləndirmək məqsədi daşıdığını diqqətə çatdırıb.  

V. Cəfərovanın sözlərinə görə, Şərq–Qərb, Şimal–Cənub nəqliyyat və kommunikasiya xətlərinin qovşağında yerləşən, Avrasiyanın mərkəzində geniş coğrafiyaya, zəngin təbii sərvətlərə malik olan və eyni etnik mənsubiyyətin şərtləndirdiyi bu təşkilat türk dövlətlərinin qlobal proseslərə təsirini möhkəmləndirir. TDT dövlətlərində ötən ilin 9 ayı ərzində orta hesabla 4,5 faiz iqtisadi artımın qeydə alınması və bu artımın qlobal orta  ümümi daxili məhsul (ÜDM) artımını, təxminən,  2 dəfə üstələməsi regionun iqtisadi gücünün möhkəmləndiyini bir daha sübut edir. 

Həmin dövrdə TDT üzv ölkələrinin birgə ÜDM-i, təxminən, 1,456 trilyon ABŞ dolları təşkil edib ki, bu, qlobal ÜDM-in 2,7 faizini təşkil edir. Bununla yanaşı, sözügedən  müddətdə  TDT üzv dövlətlərinin ümumi ticarət dövriyyəsi 868 milyard ABŞ dollarına çatmaqla qlobal ticarət həcminin 3,37 faizi  həcmində qiymətləndirilir ki, bu da regiondaxili iqtisadi əlaqələrin gücləndiyini və ticarət dinamikasında artımı  göstərir.  

Mərkəz rəhbəri əlavə edib ki, 2021-ci ildə qəbul olunan “Türk Dünyası 2040 Vizyonu”  və xüsusilə “TDT-nin 2022-2026 illər üzrə Strateji Yol Xəritəsi” iqtisadi inteqrasiyanın dərinləşdirilməsini, ticarət maneələrinin aradan qaldırılmasını və infrastruktur layihələrinin inkişafını əsas məqsəd kimi qarşıya qoyur. Nəqliyyat və enerji sektorlarında əməkdaşlıq bu sənədin prioritet sahələrindəndir və həm regional, həm də beynəlxalq ticarətin artırılmasına xidmət edir. 

Bişkek şəhərində TDT  Dövlət Başçılarının “Türk Dünyasının gücləndirilməsi: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” şüarı altında keçirilən 11-ci Zirvə görüşündə “Birləşmiş Dayanıqlı Gələcək” qətnaməsinin qəbul edilməsi Türk Dünyasının birliyini gücləndirmək və qarşılıqlı əməkdaşlığı artırmaq baxımından mühüm mərhələ idi. 

Türk dövlətləri arasında xüsusilə bərpa olunan enerji sahəsində əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Bakıda COP29 tədbirində “yaşıl” enerji sahəsində bağlanmış strateji tərəfdaşlıq sazişi, Xəzər dənizinin altından keçirilməsi planlaşdırılan bərpa olunan enerji kabeli layihəsinin icrası Türk Dünyası ölkələrinin qlobal enerji bazarlarında önəmli yer tutmasını gerçəkləşdirə bilər. Prezident İlham Əliyev bu əməkdaşlığın təkcə bu 3 ölkə üçün deyil, həm də Avropa və digər regionlar üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələr Türk Dünyasının inteqrasiyası üçün əsas təməl daşıdır. 2023-cü ildə ticarət dövriyyəsi 8 milyard ABŞ dolları olub, Azərbaycanın Türkiyəyə etdiyi yatırımlar isə 20 milyard dolları keçib. Bu əməkdaşlıq Cənub Qaz Dəhlizinin inkişafı ilə regionun qlobal ticarət şəbəkələrinə inteqrasiyasını sürətləndirir.

V. Cəfərova daha sonra qeyd edib ki, Türk dövlətləri arasında kapital axını da artmaqdadır. Azərbaycan son 20 ildə, xüsusən neft və qaz sahələrində əhəmiyyətli xarici sərmayə cəlb edib. G20 üzvü olan Türkiyə isə Avropa və Asiya bazarlarından kapital cəlb edərək regional iqtisadiyyata töhfə verib. Mərkəzi Asiya ölkələri, xüsusən Qazaxıstan, Özbəkistan və Türkmənistan bazar islahatları və sənayeləşmə ilə bu prosesdə önə çıxıb.

Turan Xüsusi İqtisadi Zonası (XİZ) layihəsi Türk dövlətləri arasında ticarət və sərmayə əlaqələrini gücləndirəcək və regionda yeni inkişaf perspektivləri açacaq. Bu zonada yüksək texnologiya, logistika və istehsalat sahələrinə sərmayə cəlb edilməsi iqtisadi diversifikasiya strategiyaları ilə uyğunlaşır.

Türk Dünyasının iqtisadi inteqrasiyasında Orta Dəhlizin əhəmiyyətini vurğulayan V. Cəfərova bildirib ki,  bu dəhliz region ölkələrinin qlobal ticarət şəbəkələrinə qoşulmasını sürətləndirir və yeni ticarət yollarının açılmasına şərait yaradır. Dünya Bankının hesablamalarına görə, növbəti onillikdə Orta Dəhlizin inkişaf potensialı əhəmiyyətli dərəcədə artacaq və 2030-cu ilə qədər Çinin qərb sərhədindən Avropaya qədər olan səyahət vaxtı 2 dəfə azalacaq, yük daşımalarının həcmi 3 dəfə artaraq 11 milyon tona çatacaq. Bu baxımdan Zəngəzur dəhlizinin açılması Orta Dəhliz üçün əlavə strateji önəm kəsb edir. Çünki bu dəhliz ən qısa məsafə ilə əlaqəni təmin edərək həm regional, həm də beynəlxalq ticarətin daha da inkişafını sürətləndirəcək. 

Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının Türk Dünyasında iqtisadi əlaqələri daha da möhkəmləndirəcəyini qeyd edib. Bu dəhliz təkcə region ölkələrinin deyil, həm də Avropaya və daha geniş bazarlara çıxışı asanlaşdıracaq Orta Dəhlizin əhəmiyyətli “hub”ına çevrilmək potensialına malikdir. Dövlətimizin başçısının vurğuladığı kimi,  Türk Dünyasını geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat–kommunikasiya xətləri və birlik birləşdirir ki, bu faktorlar ümumi iqtisadi inkişafı sürətləndirəcək və qarşılıqlı faydalı əməkdaşlığı artıracaq.

Qeyd edək ki, TDT-nin 2009-cu ildə  Naxçıvan şəhərində keçirilən Zirvə görüşündən indiyədək qurum səmərəli bir inkişaf yolu keçib. Ötən müddətdə TDT 160 milyona yaxın insanın yaşadığı böyük bir coğrafiyada və qlobal miqyasda güclü təşkilat kimi tanınıb. Prezident İlham Əliyevin TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib. Dövlətimizin başçısı ötən il fevralın 14-də yenidən ölkə Prezidenti seçilməsi münasibətilə keçirilən andiçmə mərasimindəki çıxışında bu quruma  üzv bütün ölkələrlə qardaşlıq münasibətləri olduğunu və dövlət siyasətimizin bu təşkilatı gücləndirmək məqsədi daşıdığını bildirib. 

Prezident İlham Əliyev daha sonra vurğulayıb: “İslam Əməkdaşlıq Təşkilatı da həmişə – həm işğal dövründə, həm işğaldan sonra, həm də İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı və ondan sonra Azərbaycanın yanında olub. Azərbaycan bu təşkilatın dəyərli üzvüdür”. Bu, Prezident İlham Əliyevin türk dünyasına verdiyi xüsusi önəmin, türk dövlətləri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olmasının, eləcə də türk birliyi və həmrəyliyinin, TDT-nin bundan sonra da inkişaf edərək möhkəmləndirilməsinə əminliyin parlaq ifadəsidir.

Vətən müharibəsindən dərhal sonra qarşıya düşməndən təmizlənən torpaqlarda yaşayış məntəqələri salmaq, kənd təsərrüfatına yararlı sahələri minalardan təmizləyərək rəqəmsal və ən müasir təcrübə və texnologiyalara əsaslanan dayanıqlı kənd təsərrüfatı sistemi qurmaq kimi önəmli bir vəzifə qoyulub. TDT ölkələrinin iş adamlarında dost təəssübkeşliyinə əsaslanaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya imkanları ilə tanış olmaq və bu coğrafiyada ən yaxşı təcrübə və texnologiyaları tətbiq etmək marağı da buradan irəli gəlib. 

Hazırda Azərbaycan dövlətinin gələcəyə yönələn əsas hədəfi işğaldan azad olunan əraziləri bərpa edərək həmin torpaqların dəyər zəncirinə inteqrasiyasını təmin etməkdir. Bu gün düşməndən təmizlənən yaşayış sahələrində böyük miqyasda bərpa-quruculuq işləri aparılır, minalar təmizlənir, yeni yollar, “ağıllı şəhər” və “ağıllı kənd”lər salınır. TDT-yə üzv ölkələr, xüsusilə, qardaş Türkiyə tərəfindən bu prosesdə fəal iştirak etmək diqqətdə saxlanılır. 

TDT-nin Azərbaycana etimadı, diqqəti həm də respublikamızın dünya ölkələri üçün hazırda prioritetə çevrilən iqlim dəyişikliyi, su və torpaq ehtiyatlarının azalması, yüksək səviyyəli urbanizasiya kimi problemlərlə üzləşdiyi bir vaxtda respublikamızın bu çağırışlara biganə qalmaması ilə əlaqədardır. Çünki TDT üzv ölkələrdə, eləcə də Azərbaycanda yeni texnologiya və həllərin tətbiqi istiqamətində təcrübə mübadiləsi aparmaqla dayanıqlı inkişafa maraqlıdır.

Vaqif BAYRAMOV,
 Mirbağır YAQUBZADƏ 
XQ

 

İqtisadiyyat