TAP-ın hidrogen nəqli imkanları

post-img

Transadriatik Boru Kəməri Konsorsiumu (TAP AG) boru kəmərinin hidrogen inteqrasiyasına hazırlığını qiymətləndirmək məqsədilə infrastrukturda baş verə biləcək qırılmaların təhlili xidmətlərinin göstərilməsi üzrə “Penspen” şirkəti ilə müqavilə imzalayıb. Bu barədə “Penspen” şirkəti açıqlama yayıb. 
Bildirilib ki, “Penspen”in Böyük Britaniyadan olan mühəndis komandası TAP-ın yerüstü obyektlərinin, xətti bağlama klapanlarının və kompressor stansiyalarının sahə qiymətləndirilməsini və məlumatların hərtərəfli təhlilini aparacaq. “Bu tədqiqat, hidrogen qarışıqlarının mövcud qaz infrastrukturuna yeridilməsinin mümkünlüyünü qiymətləndirəcək, TAP-ın regionda uzunmüddətli dayanıqlığa və dekarbonizasiyaya töhfə vermək üçün yeni hidrogen həcmləri və digər bərpa olunan qazlar üçün güc artırma strategiyasını dəstəkləyəcək”, – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, “Penspen” hidrogenin təhlükəsizlik və davamlı qarışdırılımasını və bununla da sözügedən boru kəmərinin Avropadakı mövcud qaz nəqli infrastrukturunun təhlükəsizliyini və etibarlılığını qoruyub saxlamaqla TAP-a dəstək göstərəcək. 
Xatırladaq ki, TAP maraqlı tərəflərə Avropanın müxtəlif ölkələrinə qaz tədarükünü həyata keçirmək imkanı verməklə təbii qazın Yunanıstan – Türkiyə sərhədindən İtaliyanın cənub bölgəsinə kimi nəqlini həyata keçirir. Boru kəməri Cənub Qaz Dəhlizi çərçivəsində birbaşa və iqtisadi cəhətdən səmərəli marşrut – Xəzər dənizindən Avropaya qədər uzanan 3500 kilometrlik qaz zənciri təklif edir.

XQ

İqtisadiyyat