“Vecon Consultıng” Qiymətləndirmə şirkəti ötən ili uğurla başa vurub

post-img

Ölkənin aparıcı qiymətləndirmə şirkətlərindən olan “Vecon Consulting” bu dəfə də, ənənəsinə sadiq qalaraq fəaliyyəti barədə 2024-cü ilin nəticələrini əks etdirən illik hesabatını açıqlayıb.

Belə ki, 2024-cü ildə şirkətin iş portfeli ötən il ilə müqayisədə 17,2% artıb. Qiymətləndirilən mənzillərin sayı 613-dən 806-a, fərdi yaşayış evlərinin sayı 336-dan 389-a, torpaq sahələri 149-dan 226-a, texnika və digər daşınar əmlak 88-dən 147-ə, biznes və müəssisə 3-dən 15-ə yüksəlib. Mal qalıqları və əsas vasitələrin sayında 100% artım qeydə alınıb. Qeyri-yaşayış binaları və əmlak komplekslərinin sayı 388-dən 262-ə enib. Ümumilikdə qiymətləndirmə obyektlərinin sayı 1581-dən 1853-ə yüksəlib. Şirkətin dövriyyəsi 5,6% artıb. Müvafiq olaraq şirkətin xərcləri 7,9%, mənfəəti isə 9,6% artıb.

Yola saldığımız ildə idarənin işçilərinin sayında da artım olub ki, bu da öz növbəsində 20% təşkil edib. İşçilər arasında keyfiyyət şəhadətnaməsinin yüksəldilməsi istiqamətində ciddi nəticə qeydə alınıb:  şirkətin 6 mütəxəssisi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ixtisas imtahanlarında uğurlu nəticə göstərərək 4 istiqamət üzrə Şəhadətnaməyə layiq görülüb, peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən kurslarda isə 8 işçi 15 sertifikatla təltif edilib.

Şirkətin partnyorlarının sayında da ciddi artım qeydə alınıb. 2023-cü ilə nisbətən bu il şirkətin yeni müştərilərinin sayı 24 % artıb.  Ölkədə fəaliyyət göstərən bankların  17-si, faiz nisbəti ilə 74 %-i şirkətin partnyorudur. Şirkətin qiymətləndirmə hesabatları isə bütün banklar tərəfindən qəbul edilir. Xarici partnyorların sayı isə 3-ə yüksəlib. Rusiyanın Beynəlxalq Qiymətləndirmə Mərkəzi, Türkiyənin tanınmış EVA Gayrimenkul Degerleme şirkətindən sonra Ukraynanın UVEKON şirkəti ilə əməkdaşlığa start verilib.

Şirkətin müvəkkil təşkilatı olduğu Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə müraciətlərin sayı 35% artıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə müraciətlərin sayında isə ötən ildə olduğu kimi azalma baş verib – 4,7%.

Şirkətin regionlar nümayəndəliklərinin sırasına daha 2 nümayəndəlik əlavə olunaraq sayı 13-dən 15-ə çatdırılıb. “Vecon Consulting” Azərbaycanın demək olar ki, bütün bölgələrində təmsilçilik hüququnu qoruyub saxlaya bilib. Hazırda,  digər qiymətləndirmə şirkətləri də bu nümayəndələrin xidmətindən yararlanır. Bu isə ölkəmizin qiymətləndirmə sektorunda yüksək göstəricidir.

Qiymətləndirmə şirkətləri içərisində, həmçinin peşə riskinin sığortalanmasını həyata keçirən “Vecon Consulting” 2024-cü ildə sığorta təminatını 1,5 milyon manata yüksəldib. 

Şirkət daşınar və daşınmaz əmlak və inşaat materialların qiymətinin təhlili sahəsində də fərqlənməyi  bacarıb. Bu il ərzində 12 analitik qiymətləndirmə təhlili ictimaiyyətə təqdim olunub. Bunlardan 10-u ödənişli əsaslarla istifadə edilmə şərti ilə tanınmış iqtisadi portallarda yayınlanıb. 

Xatırladaq ki, şirkət tanınmış "JSC International Valuation Centre",  EVA Gayrimenkul Degerleme və Uvekon şirkətlərinin ölkəmizdəki partnyorudur.  Həmçinin, Mərkəzi Bank, Aqrar Kredit və İnkişaf Agentliyi, eləcə də Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatı, Azərbaycan Milli Sahibkarlar Konfederasiyası və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin kollektiv üzvüdür.

 



İqtisadiyyat