Türk dövlətlərinin 9 aylıq iqtisadi uğurları

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2024-cü ilin 9 ayı üzrə buraxılışı nəşr edilib.

Mərkəzin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırma Mərkəzinin hazırladığı 3 rüblük hesabatda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin və müşahidəçi üzvlərin iqtisadi göstəriciləri geniş təhlil edilir. Nəşrdə son iqtisadi inkişaf göstəricilərinə əsaslanaraq TDT üzvlərinin iqtisadi potensialı və qlobal iqtisadiyyata təsiri qiymətləndirilir.

Bildirilir ki, 2024-cü ilin 3rübü ərzində TDT üzvlərinin birgə ÜDM-i, təxminən, 1,456 trilyon ABŞ dolları təşkil edib. Bu da eyni dövrdə proqnozlaşdırı faizinə bərabərdir. Üzv dövlətlər orta hesabla 4,5 faiz ÜDM artımı nümayiş etdirərək qlobal 3 gaiz artımı üstələyiblər. 9 ayda qlobal ticarət həcmi, təxminən, 24,75 trilyon ABŞ dolları qiymətləndirilir. İlin sonuna bu göstəricinin 33 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır.

Hesabat dövründə Azərbaycan 4,7 faiz ÜDM artımı əldə edib. Sənaye sektorunda artım 1,3 faiz olub. Eyni zamanda, 4,89 milyard ABŞ dolları həcmində müsbət ticarət balansı qeydə alınıb. Azərbaycan enerji sektoruna, xüsusən bərpa olunan enerji layihələrinə investisiya yatırmaqla iqtisadiyyatını şaxələndirməyi və neft ixracından asılılığı azaltmağı hədəfə alıb.

Hesabatın sonynda qeyd edilir ki, Türk dövlətləri arasında ticarət dövriyyəsinin 2024-cü ildə 45 milyard ABŞ dollarını keçəcəyi proqnozlaşdırılır ki, bu da iqtisadi əlaqələrin dərinləşdiyini və regiondaxili ticarətin inkişaf etdirilməsi istiqamətində uğurlu səyləri göstərir. TDT üzv dövlətləri qlobal orta göstəricilərlə müqayisədə yüksək iqtisadi artım tempi nümayiş etdirir, kollektiv potensialdan istifadə etməklə innovasiyaları təşviq edir, iqtisadi təsirlərini artırmağı və uzunmüddətli, dayanıqlı rifah əldə etməyi hədəfə alır.

XQ

İqtisadiyyat