Ulu öndərin bütöv millət arzusu

post-img

Rafael HÜSEYNOV,
Milli Məclisin sədr müavini, akademik

Ölkə-ölkə, qitə-qitə yayılmış bütün soydaşlarımızın ortaq bayramı – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilayrıcına, bitən illə başlanacaq yeni ilin sərhədinə təsadüf edir və bu, çox rəmzidir. Sərhəd həm ayırandır və əslində həm də birləşdirəndir. Bu dövlətlə o dövləti, bu ərazi ilə digər ərazini ayıran sərhədlər həm də o dövlətlərin və ərazilərin bir-biri ilə təmas nöqtələridir. Tarixin və taleyin hökmü ilə dünya xəritəsinin hər nöqtəsinə səpilmiş azərbaycanlıların sayı indi altmış milyon civarındadır və soydaşlarımızı bir-birindən uzaq salan sərhədlər ildən-ilə sanki daha artıq yox olur, millətimizin sıra nəfərləri bir-birinə ruhən, qəlbən daha artıq yaxınlaşdıqca həm xalqımız bir az da bütövləşir, bu yovuqlaşmanın çevrəsi genişləndikcə elə ortaq yuvamız – dünyamız da yığcamlaşır, daha ahəngdar olmağa doğru gedir.

Vətəni – bu gözəl Azərbaycanı ən çox kim sevir? Dünyada nə elə bir cihaz ixtira olunub, nə elə bir qurğu var ki, sevginin həddini, dərəcəsini ölçə bilsin. Amma hər halda həqiqətin yaratdığı bir meyar var. Həmin ülgü də budur ki, vətəni və milləti ən çox və ən səmimiyyətlə sevənlər adətən bu yurdu və xalqı böyük edəcək işlər görmüş olanlardır. Vətəni və milləti böyük edəcək işlər görmək üçünsə gərək ən əvvəl özün böyük olasan.

XX yüzilin son çərəyindəki millətimizi indinin azərbaycanlıları ilə tutuşduranda etiraf edilməli ən bariz həqiqət budur ki, keçən əsrin sonuna nisbətən biz bu gün daha bütövük, daha vəhdətdəyik və durmadan artan birliyimizin təməllərini 1990-cı illərin əvvəllərindən başlayaraq unudulmaz Heydər Əliyev yaradıb. Bunu sadəcə tarixi araşdıran, həmin yaxınlaşma və bütövləşməni mərhələ-mərhələ sənəd və qaynaqlardan öyrənmiş bir insan kimi deyil, o illərdə Ulu Öndəri bir çox xarici səfərlərdə bilavasitə müşahidə etmiş, onun millət quruculuğu, bütöv millət yaradıcılığı səmtindəki fədakar çalışmalarına arxalanaraq təsdiqləyirəm.

Heydər Əliyev elə qadir şəxsiyyət idi ki, onun uca boyu Azərbaycanın çağdaş tarixinin bütün yüksəkliklərindən görünür və hər zaman da görünəcək.

Böyük azərbaycanlı Heydər Əliyev ömrü boyu qüdrətli, möhtəşəm Azərbaycan dövlətini qurmaq yolunda çalışdı. Müasir Azərbaycan, müstəqil Azərbaycan, qüdrətli Azərbaycan dövləti onun ömrünün mənası, şah əsəri idi. Bu müdrik insan bir gerçəyi bütün varlığı ilə dərk etmişdi ki, sarsılmaz, möhtəşəm Azərbaycan dövləti qurmağın yolu millət quruculuğundan, sözündə, düşüncəsində, əməlində birlik olan millətdən başlayır və Heydər Əliyev üçün Azərbaycan əslində bütün dünya idi. Harada bir azərbaycanlı vardısa, orada Heydər Əliyev üçün Azərbaycan vardı. O, sevgi dolu ürəyi ilə bütün dünya boyu dolaşırdı, səhər-şəhər, məmləkət-məmləkət gəzərək hər bir azərbaycanlıya üz tuturdu. O çalışırdı ki, ən əvvəl azərbaycanlılar özlərini tanısınlar, özlərini bir millət olaraq dərk etsinlər. Ona görə ölkə-ölkə gəzirdi və hər bir azərbaycanlıya üz tutaraq özünü, torpağını, millətini, yurdunu, müstəqil dövlətini tanı və sev deyirdi: “Azərbaycandan kənarda yaşayan azərbaycanlıların ürəkləri gərək daim Azərbaycanın ürəyi ilə vursun. Hər bir kəsin nəbzi gərək Azərbaycanın nəbzi ilə vursun. Gərək hər bir kəs harada yaşamağından asılı olmayaraq, şəxsi vəziyyətinin ağır, ya çətin, yüngül, yaxud da yaxşı olmasından asılı olmayaraq öz ana vətəni haqqında düşünsün. İndi azərbaycanlılar artıq bilirlər və daha da artıq bilməlidirlər ki, azərbaycanlıların, nəhayət, müstəqil dövləti var – Azərbaycan Respublikası. Azərbaycanlılar üçün ana vətən var. Bu, müqəddəs Azərbaycan torpağıdır. Harada yaşayırsan-yaşa, amma Azərbaycan haqqında düşünməlisən, Azərbaycanın müstəqilliyi haqqında düşünməlisən, Azərbaycanın ərazi bütövlüyü haqqında düşünməlisən, Azərbaycan xalqının bugünü, gələcəyi haqqında düşünməlisən”.

Heydər Əliyevin sözü kəsərli və qətiyyətli söz idi. Onun sözündə və səsində içərisinin hüdudsuz gücü cəmlənirdi. Ona görə bu səsi eşidənlər, bu sözləri dinləyənlər ona inanır, iman gətirir, ardınca getməyə hazır olurdular.

Söyləyirlər ki, Heydər Əliyevin siyasi rəqiblərinə tövsiyə edirlərmiş ki, çalışın onunla beş dəqiqədən artıq bir otaqda tək qalmayın. Çünki bu şəxsiyyətlə beş dəqiqədən artıq yalqız qalsanız, istər-istəməz onun təsirinə düşəcək, hansı səmti göstərsə, o yolla getməyə vadar qalacaq, hansı təklifi irəli sürsə, icra etməyə məcbur olacaqsınız. Həqiqətdirmi, ya Heydər Əliyevə heyranlıqdan yaranmış rəvayətdir? 1990-cı illərdə Heydər Əliyevin Prezident kimi xarici səfərlərində onun müxtəlif dünya şəhərlərində fərqli yaş nəsillərinə mənsub soydaşlarımızla görüşlərini izləyərkən görürdüm ki, onlar yarım saat, bir saat, bəzənsə daha uzun çəkən görüşlərdən sonra artıq dəyişiblər, başqa adamdırlar, Heydər Əliyev cazibəsi onların hər birinin varlığına sirayət edib.

Heydər Əliyev dünya boyu səpələnmiş azərbaycanlılarla, Azərbaycan Respublikasında yaşayan vətəndaşlarla ömrü boyu üz-üzə, ürək-ürəyə, göz-gözə oldu, içərisinin bütün sevgisi ilə onlarla təkbətək qaldı. Əlbəttə ki, bu millət onun cazibəsində olmalı idi. Əlbəttə, bu millət onun ardınca getməli idi. Əlbəttə, bu millət onu sevməli idi!

Heydər Əliyev dünya boyu hər azərbaycanlıya ata və millət öndəri kimi üz tuturdu, “Mən səninliyəm”, “Azərbaycan səninlədir”, “Biz sənə hayanıq, dayağıq”, –  deyirdi. Bunları söyləyirdi ki, dünyanın hər guşəsindəki hər bir azərbaycanlı özünü inamlı, qətiyyətli, arxalı hiss etsin. Amma Heydər Əliyev onu da söyləyirdi və hər bir azərbaycanlıya bununla da əlavə güc verirdi ki, “Biz sənsiz bütöv deyilik, Azərbaycan sənsiz tam deyil”. Heydər Əliyev hər bir azərbaycanlıya üz tutaraq onları ilhamlandırırdı, hər birinə millət quruculuğunda vəzifə daşıdığını aşılayırdı, “Biz sənə güvənirik”, – deyirdi.

Heydər Əliyev mahir dirijora bənzəyirdi. Əslində şəkillənmiş, tarixdə özünü təsdiqləmiş hər bir millət də böyük bir orkestri xatırladır. Heydər Əliyev bu Azərbaycan orkestrini, dünya azərbaycanlılarının hamısının birgə yaratdığı möhtəşəm millət orkestrini ömrü boyu ustalıqla idarə edə bilən dirijor kimi düşüncələrdə hər zaman yaşayacaq və daim misilsiz örnək olaraq qalacaq: “Adətən keçmiş zamanlardan insanlar öz ölkəsindən gedib başqa ölkədə yaşayanda deyirlər ki, onlar qürbətdədirlər. “Qürbət” sözü də bir az qəmgin sözdür. İnsanlar bəzən qürbətdə olanda vətənin həsrətini çəkirlər. Hər bir xalq yalnız öz çərçivəsinə qapılaraq öz içində yaşasa, dünyanı görməsə, dünya ilə əlaqəsi olmasa, çox inkişaf edə bilməz. Dünyanın indi həyatı belədir ki, hər bir ölkədən nəsə götürmək olar. Hər bir ölkənin təcrübəsindən nəsə əldə etmək olar. Bunları deməklə mən onu əsaslandırmıram ki, siz niyə, məsələn, Azərbaycandan, yaxud da ki, Türkiyədən gəlib Avropada yaşayırsınız, Belçikada yaşayırsınız, Almaniyada yaşayırsınız. Hərənizin bura gəlməyə bir səbəbi var. Vətənə görə də ürəyiniz də darıxır. Mən bilirəm, bu da təbiidir. Amma eyni zamanda mən yenə də qeyd edirəm, burada, Brüsseldə mən bir-iki saat bundan öncə gəlmişəm, indi gəlib burada azərbaycanlılarla görüşəndə özümü bir az da yaxşı hiss edirəm ki, demək, burada bizim öz soydaşlarımız, öz həmvətənlərimiz var. Bunlar burada Azərbaycan haqqında həqiqəti Avropada, ayrı-ayrı ölkələrdə yaymağa qadirdirlər. Ona görə də Azərbaycanın xeyrinə, yəni Azərbaycanın müstəqilliyinin, Azərbaycanın bugünkü həyatının və gələcəyinin naminə sizin hər birinizin burada gördüyünüz kiçik, ya böyük iş Azərbaycan üçün qiymətlidir. Şübhəsiz ki, hər bir insan öz vətəninə bağlı olur və insan öz vətəninə, millətinə, dininə, dilinə nə qədər bağlı olsa, o, mənəviyyatca o qədər də yüksək olur. Güman edirəm ki, siz Avropada yaşayaraq eyni zamanda vətəninizə bağlısınız, dədələrinizin, babalarınızın, ulu babalarınızın ruhuna bağlısınız, onların verdiyi nəsihətlərə bağlısınız və indi kim harada işləyir, kim harada yaşayırsa, Azərbaycanı unutmur və Azərbaycanı yad edir, Azərbaycanı təbliğ edir”.

Bir insanın həyatı da, bir millətin taleyi də pillələrə bənzəyir. İnsan da ömrü boyu pillə-pillə qalxır. Ancaq bəzən hər qalxmağın günlərin birində qaçılmaz enişi də insanı haqlayır. Millətin taleyinin də yüksəlişləri ilə bərabər yoxuşları da, büdrəmələri də qarşıya çıxır.

Heydər Əliyev – bu mətin öndər ömrü boyu yüksəkliyə doğru can atdı və millətini də yüksəltməyə çalışdı. Amma bilgin öndər millətinin bölünmüş olmasının tarixi təfərrüatlarından başqalarından da artıq agah idi. O, bir yandan ixtisasca tarixçi, digər tərfdən də fəaliyyətdə olan tarix qurucusu idi. Millətinin dünya boyu dağılmasının bütün mərhələlərinin üst qatdakı və batindəki gizlinclərinə bir sıra hallarda alimlərdən də çox bələd idi. Çünki o, hamının əli çatan mənbələrdən savayı xüsusi xidmət orqanlarında 25 illik çalışmağı sayəsində hər kəsin əli yetməyən xeyli qapalı məxəzlərdən də məlumatlı idi. Yaxşı bilirdi ki, 1920-ci ildə ilk Azərbaycan Cümhuriyyəti devriləndən sonra siyasi mühacirlərimiz İrana, Türkiyəyə, Fransaya, digər məmləkətlərə, irili-xırdalı şəhərlərə pənah aparıblar. Keçmiş Dövlət Təhlükəsizlik Komitəsində Heydər Əliyevlə bağlı arxiv materiallarını, bilavasitə onun apardığı işləri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi olarkən açıq mətbuata çıxmamış və birbaşa Azərbaycan mühacirətinə aid sənədləri ard-arda öyrənərkən buna da yəqin kəsilmişəm ki, Azərbaycan mühacirətini onun qədər dərindən bilən ikinci şəxs olmayıb. Nə bir dövlət adamı, nə bir tədqiqatçı alim, nə bir kəşfiyyatçı! Heydər Əliyev Azərbaycan mühacirlərinin əksərinin taleyindən xəbərdar idi və bir çoxu ilə şəxsən tanışdı. Azərbaycan dövlətinə rəhbərlik etməyə başlayanda Sovetlər İttifaqından, olsun ki, müəyyən mənada Azərbaycanın özündən də incik düşmüş bir çox qərib soydaşımızı yurdumuza təzədən qaytarmağa, millətimizə yenidən qovuşdurmağa səylər qoymuşdu. Bilirdi ki, İkinci Dünya müharibəsi dövründə azərbaycanlıların neçəsi ən müxtəlif ölkələrdə qalıb, talelərini o yerlərlə bağlayıblar. Sovet İttifaqında belələrinə düşmən kimi yanaşırdılar. Ancaq Heydər Əliyev əbədilik qürbətə məhkum o qəbil azərbaycanlıların da neçəsinin ayağının vətənə açılmasına xeyirxah köməklərini əsirgəmədi.

Cənubi Azərbaycandan çıxmış və bir neçə qitədə həyatını davam etdirən on minlərlə soydaşımız də hələ sovet dövründən onun diqqət mərkəzində idi və gününə görə o, SSRİ-nin ali rəhbərliyi üçün də bu istiqamətdə ən üstün ekspert mərtəbəsində qavranılırdı.

Düşüncə, yaş nəsli, siyasi baxışları sarıdan xeyli fərqli olan tam müxtəlif təbəqələrə aid insanları qovuşdurmaq üçün təkcə Azərbaycan ideyası yetərli deyildi. O ideyanı beyinlərə yeridə, ürəklərdə oturda bilən müstəsna lider gərəkdi. Heydər Əliyevin bu millətə və Azərbaycana bağışladığı ən başlıca sərvətlərdən biri də bu oldu ki, o öz müqtədir varlığıyla Millət Atası surətini, sözdə deyil, əməldə Ulu öndər obrazını hər kəsin hafizəsinə həkk etməyi bacardı.

Millət, ardınca getməyə layiq olan bir böyük öndərin varlığını duydu, onun böyüklüyünü dərk etdi və ardınca getməyə qərar verdi.

Heydər Əliyev də dünyanın sıra-sıra ölkələrindəki azərbaycanlılara üz tutanda heç də onların hamısını Azərbaycana çağırmırdı. Gəlin, öz yurdunuzdur, öz torpağınızdır, öz millətinizdir, bir yerdə quraq-yaradaq deməyinə deyirdi, lakin bunu söyləyirdi ki, qaldığınız, yaşadığınız, həyatınızı qurduğunuz ölkələrdə da ucalın, yüksəlin, amma başqa millətlərin içərisində əriyib itməyin, azərbaycanlılığınızı hifz edin, öz milli qürurunuzu qoruyun, azərbaycanlı olaraq qalın: “Biz Azərbaycanda müstəqil dövlət olaraq yaşayaraq dünyadakı bütün azərbaycanlılar haqqında düşünürük. Bizim bütün türklər haqqında düşünürük. Hamımız bir millətik, hamımız bir kökdən gəlmiş xalqıq. Azərbaycanda yaşayanlar da, Azərbaycandan kənarda yaşayanlar da, başqa ölkədə yaşayanlar da, İranda yaşayanlar da, Türkiyədə yaşayanlar da, Amerikada yaşayanlar, İngiltərədə yaşayanlar – hamımız birik. Və biz Azərbaycanda, bilirsiniz ki, ağır bir dövr yaşayırıq. Keçid dövrünü yaşayırıq. Özümüzün problemlərimiz çoxdur. Ancaq buna baxmayaraq, Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımız haqqında daim düşünürük. Daim onların həyatıyla maraqlanmağa çalışırıq və onlara öz qayğımızı, öz hörmətimizi göstərmək istəyirik.

Azərbaycanda gedən proseslər sizə məlumdur. Azərbaycan demokratiya yolu ilə gedir. Siz Amerikada yaşayırsınız. Deyirsiniz ki, Cəbrayıl qəzasındansınız, Sisyanda böyümüsünüz. Nə Cəbrayılda demokratiya olubdur, nə Sisyanda demokratiya, nə də Azərbaycanda demokratiya olub. Amerika 200 il bundan öncə öz müstəqilliyini əldə edəndən sonra addım-addım demokratiya yolu ilə gedib. Fransada 300 il bundan öncə demokratiya başlayıb, amma indi də çarpışırlar ki, demokratiya var, ya yoxdur. O birisi Avropa dövlətləri də. Azərbaycan indi bu qovğada, bu davada çapalaya-çapalaya eyni zamanda demokratiyanı tətbiq edir. Siz təsəvvür edin, o yol ki inkişaf etmiş ölkələr, millətlər yüz ilə gediblər, iki yüz ilə gediblər, siz istəyirsiniz ki, Azərbaycan beş ilə getsin, – gedə bilməyəcək. Əsas onda deyil. Əsas ondadır ki, hansı yolu tutmusan, o yolla gedirsən, yoxsa getmirsən? Azərbaycanda biz demokratiya yolunu tutmuşuq və bu demokratiya yolu ilə gedəcəyik”.

Milləti millət edən ən vacib keyfiyyətlərdən biri onun parlaq övladlarıdır. Böyük vətənpərvər Heydər Əliyev başqalarının uğurlarına sevinməyi, vətən balalarının nailiyyətləri ilə iftixar etməyi bacarırdı. O, dünyanın harasına gedirdisə, belə işıqlı yurddaşları axtarırdı. Çünki diaspor quruculuğu onun həyatının ən vacib məqsədlərindən biri idi. Diaspor quruculuğunda isə o, Azərbaycanın zəkalı övladlarına çox ümid bəsləyirdi. Dünyanın hansı ölkəsinə səfərə çıxırdısa, oradakı soydaşları toplayırdı, öyüd verirdi, tarix danışırdı, yol göstərirdi, anladırdı və bu əsnada içərisindəki gücü də onlara ötürür, onları da fikirlərinin daşıyıcısına çevirirdi. Həmin görüşlərdən sonra həmsöhbətlərinin hər biri diaspor quruculuğu, xaricdəki soydaşlarımızın bir-birinə yaxınlaşdırılması işində yaşadıqları məmləkətdə sanki Heydər Əliyevin elçisinə dönürdülər.

1997-ci ildə Ulu öndərin soydaşlarımızla Londondakı hərarətli görüşlərini xatırlayıram. O görüşlərin hər biri ustad dərsi idi. Bütün başqa məziyyətlərindən əlavə, o təhər fövqəladə millətsevərlik, vətənə bağlılıq dərslərini verə bilməkçün gərək Heydər Əliyev kimi ömür yaşayıb o cür yol keçmiş olaydın.

London Universitetinin professoru, dünya türkologiyasının azmanlarından sayılan ağsaçlı, müdrik Turxan Gəncəyi Heydər Əliyevin qarşısında çıxış edirdi. Almaniyada, İtaliyada, İranda, Türkiyədə, Böyük Britaniyada ən aparıcı universitetlərdə, ən sanballı elm mərkəzlərində, ən məşhur alimlər qarşısında saysız mühazirələr söyləmiş, dünya şərqşünaslığında öz məktəbini ayartmış, neçə-neçə şöhrətli avropalı alimin müəllimi olan Turxan bəy sanki ustad qarşısında imtahan verən şagird idi. Atası Zeynal Məmmədov XX yüzilin əvvəllərində millətimizin yüksəlişləri yolunda çalışanlardan, xalqımızın istiqlal içərisində yaşamasının bünövrələrini yaradanlardan olmuşdu və ona qanla keçən millətpərvərlik, vətənsevərlik əqidəsini Turxan Gəncəyi də həyatı uzunu şərəflə davam etdirmişdi. Turxan bəy danışırdı və onun həyəcanlı nitqi iftixar duyğusu ilə dolu idi. Həyatının mənası Azərbaycan və azərbaycançılıq olan bu görkəmli elm adamı kövrələrək deyirdi ki, mən indi, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinə rəhbərliyi dönəmində yurdumuzun və xalqımızın gələcəyindən arxayınam. Arxayınam, ona görə ki, Azərbaycan istiqlalı, Azərbaycanın üçrəngli bayrağı Heydər Əliyevin qadir əllərindədir və o, Azərbaycanı çox uzaq və xoşbəxt sabahlara aparacaq.

Həmin görüşədək Turxan Gəncəyi Azərbaycan naminə çox işlər görmüşdü, amma Heydər Əliyevlə bu təmasdan sonra artıq o da Ulu öndərin ideyalarının İngiltərədə, Avropada məskunlaşmış intellektual Azərbaycan auditoriyasındakı mötəbər daşıyıcısına və ötürücüsünə çevrilirdi.

2001-ci ilin yanvarında Heydər Əliyev Avropanın rəmzi paytaxtlarından olan Strasburqda, Avropa Evi qarşısında Azərbaycan bayrağını ucaltdı, ölkəmiz qırxdan artıq dövləti birləşdirən Avropa Şurası Parlament Assambleyasında daimi üzv kimi sözünü deməyə başladı. 2000-ci illərdə Strasburqa səfərlərimiz mütəmadiləşdi, Parlament Assambleyası həqiqətlərimizi dünyaya çatdırmaq üçün daha bir əlverişli kürsüyə döndü. Oralara hər yolumuz düşəndə isə elə Turxan Gəncəyi kimi dünya türkologiyasında imzası ən üstünlərdən hesab edilən, bir-birindən qiymətli əsərləri və elmi-ictimai fəaliyyətləri ilə canlı tarix olan, Strasburqda yaşayıb-yaradan professor İren Melikofla hökmən görüşə can atardıq. Heydər Əliyevin İren xanımla bir neçə görüşü, son dərəcə maraqlı söhbətləri olmuşdu. Sözün bütün mənalarında dünyagörmüş, o çağlar yaşı 90-ı adlamış İren xanım Heydər Əliyevlə fikir mübadilələrini heç cür unuda bilmirdi və üstündən aylar və illər keçəndən sonra da hər dəfə biz onunla görüşə gedəndə istər-istəməz söhbəti dolandıraraq mütləq Ulu öndərin üstünə, onun söylədiklərinə gətirib çıxarırdı. Heydər Əliyevdən söhbət açanda o, sanki gəncləşir, içərisindəki şəfqət üzünə çıxırdı. Təsdiqləyirdi ki, Heydər Əliyevin aqil, uzaqgörən, çox səriştəli dövlət başçısı, canıyanan millət öndəri olması bir yana, türkoloji ilə bağlı söhbətlərimizdə elə incə məqamlara diqqət yönəldirdi ki, mən belə bəsirətliliyi heç bu sahənin alimləri ilə müzakirələrimizdə müşahidə etməmişəm. İren xanım bunu xüsusi məmnunluqla vurğulayırdı ki, Heydər Əliyev bir ardıcıl türkçüdür, amma türkçülüyündə də həmişə Azərbaycanın daha qabaq sıralarda olmasına çalışır. İren xanım söyləyirdi ki, məhz bizim türkologiya, şərqşünaslıq sahəsinə ömür həsr edən alimlərimizin də yol xəritəsi gərək elə Heydər Əliyevin işarələdiyi həmin xətt – Azərbaycanı daim iri planda, ön cərgədə göstərə bilmək inadcıllığı ola. İren xanımın qızı, yenə Fransada və dünyada tanınmış şərqşünas alimlərdən olan Şirin xanım yaşadığı Strasburqdan Heydər Əliyevin ziyarətinə o hələ Azərbaycan rəhbərliyinə gəlməzdən qabaq təşrif gətirmişdi, Naxçıvana uçmuşdu.

Çünki o da, anası da Heydər Əliyevin böyüklüyünü, Azərbaycan üçün əvəzedilməzliyini alimanə həssasiyyətlə anlayırdılar, Azərbaycanın gələcəyinin, diaspor quruculuğumuzun sabahının da bu şanlı adla, bu əzəmətli şəxsiyyətlə bağlı olduğunu dərk edirdilər.

Mənzilinin qapısını Fransanın, Almaniyanın, Avstriyanın tanınmış alimlərinin, elmə yeni gələn qabiliyyətli, ümid verən cavanlarının üzünə həmişə açıq saxlayan, Avropadakı azərbaycanlıları da bir-birinə yaxınlaşdıran əhəmiyyətli simalardan olan İren xanım ixtiyar çağında azərbaycanlıları bütövləşdirmək naminə Heydər Əliyev xəttinin və çağırışlarının Strasburqdakı könüllü əlaqələndiricisinə dönmüşdü.

Beləcə, Heydər Əliyev düşüncəsinin işığı, ondan saçan qığılcımlar ayrı-ayrı dəyərli Azərbaycan övladlarının beynində və könlündə alova çevrilir, onların vasitəsilə dalğa-dalğa yayılırdı.

“Bizim üçün tarixi bir amil var: azərbaycançılıq. Ermənilər çalışırlar sübut eləsinlər ki, heç Azərbaycan milləti yoxdur, köçəri olublar. Amma bizim millətin azərbaycanlı kimi böyük, qədim tarixi var. Bizim dilimiz Azərbaycan dilidir. Azərbaycanda 1992-ci ildə bir böyük səhvə yol vermişdilər. Götürüb bizim dilimizi türk dili kimi yazmışdılar. Bəli, biz türkdilli millətlərə daxilik. Bizim, bəli, əcdadlarımız hamısı türkdillidir. Ancaq türkdilli xalqlar sonra şaxələniblər, hərəsi bir millətə çevrilibdir. Özbək də türkdillidi, qırğız da, qazax da. Tatarca da türk dilidir, türkməncə də, başqırdca da, uyğurca da türk dilidir. Hamısı türkdillidir, amma hərəsi bir millətdir, hərəsinin də öz dili var. Mən özbək dilini, ola bilər ki, müəyyən faizdə başa düşə bilərəm, ondan artıq anlamaram. Ancaq dilimizin əsli, özümüz biz bir kökdənik. Biz millət kimi bir kökdənik, dil kimi bir kökdənik. Amma əsrlər boyu bir kökün budağı olaraq, biz də ayrıca şaxə kimi inkişaf etmişik.

Özümüzün adımız var – Azərbaycan. Özümüzün dilimiz var – Azərbaycan dili. Və çox da gözəl dilimiz var. Çox belə ləzzətli dilimiz var. Siz bilirsiniz ki, mənim təhsilim ümumiyyətlə rus dilində gedib və gənc vaxtından bütün həyatım da rus dilində olub. Rus dilində oxumuşam, rus dilində işləmişəm. Moskvada böyük işlərdə işləmişəm. Rus dili mənim üçün ana dili kimi bir dildir. Amma nə qədər o dildən istifadə etmiş olsam da, Azərbaycan dili mənim üçün hər şeydən əzizdir. Çünki millətin milliliyini saxlayan onun dilidir”.

...Tarixin səhifələrində sıra dağlar kimi Azərbaycanın dahi insanlarının boyu ucalır. Tale və zaman heç vaxt Azərbaycandan seçkin və ötkəm dühaları əsirgəməyib. Orta əsrlərdən üzü bu yana həmişə Azərbaycanın nurlu qafaları bol olub – kamil filosoflarımız, mahir şairlərimiz, qızıl əlli memarlarımız, əfsanəvi musiqiçilərimiz... Amma sanki böyük dövlət xadimləri sarıdan yetərincə yarımamışıq. Yalnız Şah İsmayıl Xətai və Nadir şah deyilsə, Heydər Əliyev keçmiş zamanlardakı heç kəslə müqayisəyə sığmır. Onun miqyasları, hamılıqla etiraf edilən milli rəhbər səviyyəsinə ucalması tariximizin nadir rast düşülən fenomenlərindəndir. Orta əsrlərdə ömür sürmüş, Azərbaycanı ucaltmış ulularımızın hər birinin adının yanında klassik dövrdə “nisbə” deyilən söz işlənib – həmin böyüyümüzün doğulduğu, boya-başa çatdığı, yaxud şöhrətə yetişdiyi kəndin, şəhərin, bölgənin, vilayətin, ya da içərisindən çıxdığı qəbilənin, tayfanın adı. Biri Təbrizi olub, biri Şirvani, biri Naxçıvani, biri Gəncəvi, biri Bakuvi, biri Marağalı, biri Beyləqanlı... Yalnız bir ulu soydaşımız var ki, o, tarixin doqquz əsr uzağından yüksəlir və adının yanında nə şəhərinin, nə kəndinin, nə bölgəsinin adını işlədib. O, risalələrində sabit imzası kimi hamımız üçün əziz olan bir kəlməni yerləşdirib: “Azərbaycan” sözünü. Bu, XI əsrin təkrarsız alimi, filosoflar qafiləsinin sarbanı Bəhmənyar Azərbaycanidir.

Azərbaycan tarixinin bütün dövrlərini göz önündən keçirərkən böyük soydaşımız Heydər Əliyevin adının yanında da işlənməyə ən yaraşan sözün “Azərbaycan” kəlməsi sözü olduğu qənaətinə gəlirsən.

“Heydər Əliyev” kəlmələri “Azərbaycan” sözünü, “Azərbaycan” sözü “Heydər Əliyev” kəlmələrini tamamlayırdı. Hətta Heydər Əliyevin tələffüzündə də “Azərbaycan” sözü heç bir Azərbaycan rəhbərinin dilində o gözəllikdə, o doluluqda, o şirinlikdə səslənməmişdi. Bunu gəlişigözəl söz kimi yazmırıq. Hamısının həm audio, həm video çıxışları qalıb. Biz müqayisə etmişik və qeyd etdiyimiz fikri həmin tutuşdurmaların nəticəsi kimi ifadə edirik. Kimin şəkki varsa, qaldırsın səs və görüntü arxivlərimizi, bir-bir dinləsin. Bəlkə də gözlənilməz olan bir nəticə ilə qarşılaşacaqsınız – şahid olacaqsınız ki, hətta bəziləri nəinki cazibəli “Azərbaycan” kəlməsini sevdirəcək tərzdə ifadə etmirlər, hətta sözü təhrif edərək dilə gətirirlər. Adları sadalamıram – 1920-1930-cu illərdən başlayaraq Heydər Əliyevəqədərki dövrəcən olanların hamısının nitqində bircə “Azərbaycan” kəlməsinə diqqət yönəldərək dinləyin. Heyrətlənəcəksiniz və növbəti dəfə Heydər Əliyevin əlçatmaz zirvə olması düşüncəsi ilə razılaşacaqsınız.

Sözlərimizin ən sevimlisi olan “Azərbaycan” Heydər Əliyevin nitqində sanki əlavə tutum qazanırdı.

1990-cı illərin əvvəllərində, Azərbaycanın müstəqilliyin aşırımlı yolları ilə irəlilədiyi ilk çətin illərdə dünyanın bir qisim ölkələrində istiqlalını təzəcə bərpa etmiş Azərbaycanı kifayət qədər tanımayanlar az deyildi. Ancaq Sovet İttifaqının liderlərindən olmuş Heydər Əliyevin adı dünyaca məşhur idi. Heydər Əliyevə görə Azərbaycanı tanıyırdılar və Heydər Əliyevlə Azərbaycan olduğundan da böyük görünürdü. Beynəlxalq aləmdə şəxsiyyətinə olan rəğbət, maraq və diqqət bahasına Heydər Əliyev vətəninə və dövlətinə hələ az olan diqqəti, marağı, rəğbəti də artırmağı bacardı: “Bir müstəqil dövlət kimi Azərbaycanın indi Avropada, Asiyada, Amerikada, digər ölkələrdə də təbliğ olunmağa çox ehtiyacı var. Təəssüflər olsun ki, keçmiş vaxtlarda Azərbaycandan kənarda bizi az tanıyırdılar. Hətta, məsələn, mən sizə deyə bilərəm, 30-40 il bundan öncə Azərbaycan Sovetlər İttifaqının tərkibində idi. Rusiyanın başqa şəhərlərində Azərbaycanı bəziləri o qədər də tanımırdılar. Bəzən deyəndə ki, “mən azərbaycanlıyam”, soruşurdular ki, gürcüsən, yaxud ermənisən? Yəni belə təsəvvürləri vardı ki, Qafqazda ancaq gürcülər, ermənilər yaşayır. Mən özüm də bununla rastlaşmışam. Təxminən 1948-ci ildə mən Leninqradda təhsil alırdım, orada görüşüb danışırdıq. Sual verirdilər: “Hansı millətdənsən?” “Mən azərbaycanlıyam” deyirdim. “Gürcüsən?” Deyirdim, “yox, gürcü deyiləm, azərbaycanlıyam”. Ermənisən? Deyirdim, “yox, erməni deyiləm, azərbaycanlıyam”. Bunlar mənim özümün gördüyüm şeylərdir. Ancaq bu, bir mənim müşahidələrim deyil, belə hallar çox olubdur. O vaxt ola bilər ki, biz Sovetlər İttifaqının tərkibində idik, qapalıydıq. Mümkündür ki, bu, bir tərəfdən azərbaycanlıların özünəməxsus xüsusiyyəti ilə də bağlı idi. Çünki azərbaycanlılarda o xüsusiyyət də var ki, onlar öz evinə, obasına, yurduna, yerinə çox bağlıdır. Gedib kənarda yaşamağa çox da can atmırlar, yaxud da azərbaycanlı kənarda yaşayanda da bir azdan yenə öz yuvasına qayıtmaq istəyir. Ancaq indi müstəqil Azərbaycan dövləti kimi respublikamızın, xalqımızın bütün ölkələrdə, dünyada təbliğ olunmasına ehtiyacımız var və sizlər də, Avropada yaşayan azərbaycanlılar, şübhəsiz ki, Azərbaycanı təbliğ edirsiniz. Azərbaycan haqqında həqiqəti yayırsınız və sizin ürəyiniz Azərbaycanla vurur. Mən bunu belə bilirəm. Bilin ki, Azərbaycanda da biz vətəndən kənarda, uzaqlarda yaşayan hər bir azərbaycanlı haqqında düşünürük, onlara qayğı göstərməyə çalışırıq”.

Böyük Heydər Əliyevin ictimai vicdanımız qarşısında ən əvəzsiz xidmətlərindən biri də bu oldu ki, 41 il Sibir buzlaqlarında tənha qalmış, sovet siyasi repressiyalarının qurbanı olmuş dahi Hüseyn Cavidi vətənə qaytardı.

Hüseyn Cavidin qızı Turan xanım söyləyirdi ki, 1937-ci ilin 4 iyun gecəsində NKVD bayquşları onların evində axtarış apararkən Cavidin bütün kitablarını, əlyazmalarını özləri ilə götürmüşdülər. Hətta Cavid xahiş edibmiş ki, bəzi əsərlərin makina çaplarından, əlyazmalarından nüsxələr var, qoyun, heç olmazsa birisi qalsın, razılaşmamışdılar. Cavidin vəfalı ömür-gün yoldaşı Mişkinaz xanım illər keçəndən sonra dost-tanış arasındakı söhbətlərlə bu gümanını da bölüşürmüş ki, bəlkə də həmin axşam axtarışa gələnlər arasında azərbaycanlılar olsaydı, rəhmə gələrdilər, Cavidin böyüklüyünə hörmət göstərər, bunca insafsız davranmazdılar, şairin son xahişinə əməl edərək hələ çap olunmamış əsərlərinin artıq makina nüsxələrindən birinin qalmasına rüsxət verərdilər. O axşam Cavidgilə gələnlər bir neçə nəfərmişsə də, aparılmış axtarışın protokolunda iki soyad əks olunub: Pavlov və Parşin.

Əslində o zaman NKVD-də, sonrakı Dövlət Təhlükəsizlik Komitəsində çalışanların əksəriyyəti ermənilər idi, qeyri-millətdən olanlar da az deyildi, azərbaycanlılarsa tək-tük, həm də sən deyən səlahiyyəti olmayan daha aşağı, erməni əməkdaşlara tabe vəzifələrdə. Qılıncı sağa-sola kəsib-doğrayan bu quruma daraşmış ermənilərin kirli əlləri ilə sovet rejimi Azərbaycan ziyalılığına müdhiş divan tutmuşdu.

Zaman elə gətirdi ki, sovet dönəmində həmin təşkilata Heydər Əliyev də rəhbərlik edəsi oldu və onun Dövlət Təhlükəsizlik Komitəsinə başçılıq etdiyi dönəmdə bu qapalı təşkilat sürətlə milliləşdirilməyə başlandı. Heydər Əliyev qısa bir zamanda DTK-nın sıralarını azərbaycanlı cavanlarla, vətənpərvər insanlarla zənginləşdirdi və bununla da respublika rəhbərliyindən daha çox Moskvaya bağlı həmin təşkilatın Azərbaycanazidd subyektiv addımlar ata bilmək fürsətlərini heçə endirdi, bütövlükdə bu qorxunc komitənin qorxunc antimilli xətti neytrallaşdırıldı. Sovet İttifaqında dissident ovu başlanan 1960-cı illərdə Azərbaycan ziyalılarından bir nəfər belə məsuliyyətə cəlb edilmədi, nə qədər alimimiz, şair və yazıçımız, aktyorumuz və rəssamımız ləkələnmək, həbsə atılmaq fəlakətindən məhz Heydər Əliyevin birbaşa səyləri ilə xilas oldu. Xaricdə yaşayan həmvətənlərimizlə siyasət də Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində aparıcı mövqe tutduğu əyyamlarda dəyişdi, sabahkı diaspora quruculuğuna bir çox münbit özülləri elə o çağlar araya-ərsəyə gətirməyə müvəffəq oldu.

...Heydər Əliyevin dünya azərbaycanlıları ilə görüşlərində dilindən əskik olmayan vəsiyyəti və nəsihəti idi ki, hər sahədə görünün, yaşadığınız ölkələrdə həmin cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrilin, çalışın ki, ən üst qatda yer tutun, parlamentlərdə təmsilçilik qazanın, vəzifələrə yiyələnin. İsrarla deyirdi ki, yaşadığınız ölkənin yaxşı vətəndaşına çevrilin. Amma heç zaman unutmayın ki, siz azərbaycanlısınız. “Mən istərdim ki, Avropada yaşayan azərbaycanlılar, bir Avropada yox, bütün dünyanın başqa ölkələrində yaşayan azərbaycanlılar hamısı birinci növbədə yüksək təhsilə malik olsunlar, yüksək mədəniyyətə malik olsunlar, yaxşı sənətə malik olsunlar, özləri üçün bəlkə indikindən də yaxşı şərait yarada bilsinlər. Siz azad, demokratik ölkələrdə yaşayırsınız. Bu azad, demokratik ölkələrdə yaşamaq həm çətindir, həm də asandır. Çətindir, çünki burada rəqabət də böyükdür. Burada hər millətdən adamlar var. Hərə çalışmaq istəyir, hərə özü üçün cəmiyyətdə yer tutmaq istəyir. Hərə özü üçün yaxşı iş yaratmaq istəyir. Ona görə bu, çətindir. Eyni zamanda, bu demokratik ölkələrin, o cümlədən siz yaşadığınız ölkənin demokratik qanunları sərbəstliyə çox imkanlar verir. Yəni insanın istəyi olsa öz potensialını realizə etməyə, burada şərait var, imkanlar çoxdur və ona görə də hər bir insan burada özünə layiq yer tuta bilər. Və mən istəyirəm ki, azərbaycanlılar harada yaşayırlar-yaşasınlar, o əhalinin, cəmiyyətin aşağı təbəqəsində yox, orta təbəqəsində yox, yüksək təbəqəsində olsunlar. Bu, mənim istəyim, arzumdur. Doğrudur, azərbaycanlılar tarixən öz torpaqlarına çox bağlı olublar. Başqa bir ölkələrə getməyə çox meyilləri olmayıb. Hətta xatirimdədir, siz bunu tarixdən bilirsiniz ki, mən 1969-cu ildən 1983-cü ilə qədər – 14 il Azərbaycan Respublikasına rəhbərlik etdim. O vaxt Azərbaycan Respublikası Sovetlər İttifaqının 15 respublikasından biri idi. Mən o vaxt çalışırdım ki, bizim azərbaycanlılar və xüsusən gənclər tək Azərbaycanda qalmasınlar, Sovetlər İttifaqının başqa şəhərlərində, başqa respublikalarında yaşasınlar. Yəni azərbaycanlılar səpələnsinlər, oralarda da yayılsınlar. Öz torpağında onsuz da azərbaycanlı çoxdur və istəyim də bu idi ki, Azərbaycanın diasporu, Azərbaycanın lobbisi olsun. Mən o vaxt hətta Azərbaycan gənclərinin bütün Sovetlər İttifaqının hər yerinə yayılması üçün Moskvadan razılıq almışdım, ildə 800-900 gəncin Sovetlər İttifaqının Moskva, Leninqrad, Kiyev, Sverdlovsk və başqa şəhərlərindəki universitetlərə göndərilib orada təhsil almasına şərait yaradılmışdı. Mən o vaxt elə bir şərait yaratmışdım ki, Azərbaycan gəncləri gedib orada universitetlərə girmək üçün çətinlik çəkmirdilər. Çünki bəziləri rus dilini yaxşı bilmirdi, gedib imtahan verə bilməzdi. Bəziləri gedib imtahan verəndə müsabiqədən keçə bilmirdilər. Ancaq mən bunlara güzəştli şərtlər yaratmışdım və hər il 800-900 azərbaycanlı gənci göndərirdim ki, Sovetlər İttifaqının başqa şəhərləri, xüsusən Moskvada, Leninqradda, Kiyevdə böyük universitetlərdə oxusunlar. Nə üçün? Birinci, bunu mən etiraf etməliyəm ki, məsələn, Moskva universitetində təhsil o vaxt Bakı universitetinin təhsilindən yüksək idi. Mən istəyirdim ki, azərbaycanlılar daha da yüksək təhsil alsın. İkinci ona görə ki, gedib orada Rusiyanın vasitəsilə dünya mədəniyyətinə qoşulsun, dünya elminə qoşulsun, gəlib elə bircə öz evində, öz komasında, öz kəndində, öz şəhərində yaşamasın, dünyanı görsün. Əgər onda İsveçrə, Almaniya, Fransaya getmək imkanı yoxdusa, çalışırdım ki, heç olmasa Sovetlər İttifaqının bütün yerlərində olsunlar. Üçüncüsü də ona görə ki, qoy hər yerdə azərbaycanlı olsun. Hər yerdə azərbaycanlı olanda Azərbaycan Respublikasının dayağı da çoxalır. İndi isə hüdudlar açılıbdır, azərbaycanlı hər yerdə yaşaya bilər. İndi hər bir ölkədə nə qədər çox azərbaycanlı olsa, o qədər də yaxşı olar. Mən bununla onu demək istəmirəm ki, Azərbaycanda yaşayan adamlar çıxsınlar getsinlər başqa ölkələrdə yaşasınlar, yox. Ancaq kimi ki həyat, onun taleyi gətirib bir ölkəyə salıbdır, əgər orada yaxşı yaşayırsa, əgər orada yaxşı təhsil alıbsa, yaxşı işi varsa, bu, Azərbaycanın xeyrinədir. Ancaq bir şərtlə ki, milliyyətini unutmayasan, dinini unutmayasan, torpağı unutmayasan, ana vətəni unutmayasan. Amma onu da bilin ki, indi sizin arxanızda müstəqil Azərbaycan dövləti kimi bir dövlət var”.

...Unudulmaz Heydər Əliyev Bakıdan, Azərbaycandan, hər bir azərbaycanlıdan başlayaraq dünyanın dörd bucağındakı azərbaycanlılara doğru uzanan yollar yaratdı və dünyadan nigaran getmədi. O, arzusunda idi ki, yaratdığı bütün yollar davam etsin və dünyadan arxayın getdi ki, yaratdığı bütün yollar kimi, Bakıdan, Azərbaycandan, hər bir azərbaycanlıdan başlayaraq dünyanın dörd guşəsindəki hər bir azərbaycanlıya doğru uzanan yollar da qırılmayacaq, itməyəcək, hökmən davam edəcək. Əmin idi ona görə ki, dövlət sükanı özü kimi inandığı etibarlı əllərə keçirdi. Arxada qalan son iyirmi ildən artıq müddət də bu həqiqətin əlvan mənzərəsini ortaya qoymaqdadır.

...Füsunkar Bakımızın tən mərkəzindəki “İsmailiyyə” binası memarlıq incisi, bir mütənasiblik abidəsidir. XX yüzilliyin başlanğıcında bolşeviklər gəlirkən o binanın yuxarı qatında orta əsrlər müdrikinin ərəb əlifbası ilə ornament kimi yazılmış iki zərbülməsəl yerində idi, küçədən keçənləri ayaq saxlayaraq bu gözəlliyi seyrə dalmağa, həmin qocalmaz ibarələri oxumağa sövq edirdi.

Bolşeviklər İslamın qalığı deyərək çox yadigarları məhv etdikləri kimi, göz oxşayan naxışdan ibarət o hikmətli cümlələri, göyçək nəqqaşlıq örnəyini də sındırıb dağıtdılar. Həmin atalar sözü qədər dərin hikmətlərdən biri belə idi: “Balalarınızın tərbiyəsini zamanın ixtiyarına buraxın. Çünki onlar sizdən daha əvvəl zamanın övladlarıdır”.

Bu gün Azərbaycan dövlətinə uğurla rəhbərlik edən, Azərbaycanı ildən-ilə daha möhtəşəm zəfərlərə çatdıran Fateh Prezident İlham Əliyev Uca Heydər Əliyevdən irs qalan yolların hər birini ləyaqətlə davam etdirir, öz əlavələri, yenilikçi baxışları və heyrətamiz miqyasları ilə xarüqələr yaradır.

Prezident İlham Əliyev Ulu öndərin canının, varlığının bir parçasıdır, təbii ki, genetik olaraq, qan yaddaşı ilə Heydər Əliyevin bir çox fərasətləri, bacarıqları, istedadları da irsən ona nəsib olub. Amma Prezident İlham Əliyev həm də yeni zamanın, müasir dövrün övladıdır axı və Heydər Əliyevin təməlçisi, açıcısı olduğu bütün yolları davam etdirərkən Ulu Öndərin ülgülərini müəyyənləşdirdiyi azərbaycançılıq xəttini də dəyişən vaxtın tələb və istəklərinə uyğun olaraq cilalayır, yeni çalarla zənginləşdirir, daha geniş üfüqlərə doğru dikəldir.

Diaspor quruculuğunda inkişaf elə həddə yetişib ki, XXI əsrin başlanğıcındakı vəziyyətlə tutuşduranda sanki üçqat artıq zaman sovuşub.

...Unudulmaz Heydər Əliyevin dəmir kimi möhkəm, etibarlı yaddaşı vardı. Çoxlarında heyrət və heyranlıq oyadan bu qüvvətli hafizədə minlərlə insan surəti, rəqəmlər, hadisələr pozulmaz şəkildə həkk olunmuşdu. Amma Heydər Əliyevin hafizəsi bir başqa cəhətdən də seçilən idi. O, milli yaddaşa son dərəcə etibarlı idi. Milli yaddaşın əhatə elədiyi milli-mənəvi dəyərlərə bağlı idi və dünya boyu gəzib dolaşdıqca soydaşlarımıza da həmişə tövsiyə edirdi ki, milli dəyərlərə köklənin, milli rişələrdən aralı düşməyin. Millət müəllimi Heydər Əliyev qanımızda, ruhumuzda, varlığımızda nəbz olub çırpınan milli yaddaşı özlüyümüzü qorumağın zəmanəti adlandırırdı. Vətəndən uzaqlardakı soydaşlarımıza bu həqiqəti aşılayırdı ki, ən qəliz əhatədə, ən mürəkkəb şəraitdə də əriyib itməməyinizin “qızıl açar”ı milli-mənəvi yatırımıza bağlılıqdadır.

1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra Fransaya, Parisə ilk səfərində Heydər Əliyev çevrəsinə Parisdə yaşayan soydaşlarımızı toplamışdı və onlarla birgə Sen-Klu qəbiristanlığına baş almışdı. O məzarlıqda Azərbaycanın and yeri sayılası qiymətli övladları – Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyli və Azərbaycanın ilk Milli Parlamentinin – Məclis-i Məbusanın sədri olmuş Əlimərdan bəy Topçubaşov uyuyur. Heydər Əliyev o məzarları ziyarət etməklə əslində bir yaddaş dərsi, “Unudulmamalılarımızı, şərəfi uca tutulmalılarımızı yaddan çıxarmayın!” tapşırığı vermişdi.

Bütün yönlərdə unudulmaz Heydər Əliyev yolunun ən ardıcıl və sabit davamçısı və irəlilədicisi olan Prezident İlham Əliyev 2006-cı ilin son may günlərində Parisdə idi və o da Əlimərdan bəy Topçubaşovun məzarını ziyarətə gəlmişdi. O şanlı məzarlara ehtiramlı salamını verdi və tövsiyəsini də etdi ki, bu məzar üzərində Əlimərdan bəy Topçubaşovun Azərbaycana və Əlimərdan bəyin özünə yaraşan abidəsi ucaldılsın. Amma verdiyi bir başqa tapşırıq da riqqət oyadandır – dövlət başçımız 1934-cü ildən həmin məzarın üstündə olan, bir zaman Heydər Əliyevin də sığalladığı, daha əvvəlki onillərdə nəsil-nəsil soydaşımızın qarşısında baş əydiyi əski kitabəli başdaşını da Azərbaycana gətirməyi məsləhət bildi.

Həmin daş lap çoxdandır ki, Bakıdadır, indi burada da ziyarət olunur və hər dəfə də Prezident İlham Əliyevin bu nəcib hərəkəti ilə ardıcıllara ötürdüyü mühüm öyüdü yada salır: “Yurdun hər daşını qoruyun. Çünki yurdun hər daşında millətin yaddaşı yaşayır!”

Bunlarsa yenə unudulmaz Heydər Əliyevin qəriblikdəki vətən balalarına ünvanlanmış, onları əmələ, gərəkli işlər görməyə səsləyən köhnəlməz ərkli qınağı, xeyirxah nəsihətlərindəndir: “Mən heç kəsi qınamıram. Ancaq azərbaycanlılar Avropada çox yaşayırlar. Təəssüflər olsun ki, onlarda, mən açıq deyirəm, inciməyin, vətənə münasibət, vətənə qayğı, vətən hissiyyatı zəifdir. Bilirəm, vətəndən ötrü ürəyiniz gedir. Bilirəm, çox istəyirsiniz, bunu bilirəm, amma əməli işdə nə edə bilirsiniz? Heç bir şey. Bəs niyə? Bizim üçün asandırmı orada? Ona görə də mən arzu edirəm ki, bizim həmvətənlərimiz, azərbaycanlılarımız öz azərbaycanlılıqlarını nəinki unutmasınlar, həmişə bu hissiyyatlarla yaşasınlar. Azərbaycan bir müstəqil dövlətdir, bu, tarixi bir hadisədir. Biz bütün dünya beynəlxalq təşkilatlarının üzvüyük. Bizimlə indi bərabərhüquqlu danışırlar.

Azərbaycanı gərək gücləndirək, elə möhkəmləndirək ki, bütün dünyada olan azərbaycanlılar daha da özlərini yaxşı hiss eləsinlər. Amma dünyada olan azərbaycanlılar da hansı ölkədə yaşamağından asılı olmayaraq, gərək Azərbaycan haqqında düşünələr. Müstəqil Azərbaycan Respublikası haqqında düşünsünlər”.

...Orta əsrlərdə babalar qalalar ucaldırdı. Hasarlar, bürclər tikirdilər ki, yurdu, xalqı yadellilərdən, düşmənlərdən mühafizə etsinlər. XX yüzilliyin son çərəyində, XXI əsrin başlanğıcında böyük azərbaycanlı və böyük azərbaycançı Heydər Əliyevin ən ali məqsədi, ən böyük amalı bir Azərbaycan qalası qurmaq idi. Elə bir qala ki, Azərbaycanı da, xalqı da ən yad nəfəslərdən, ən riyakar qüvvələrdən hifz edə bilsin. Heydər Əliyev dərin siyasətçi idi. Anlayırdı ki, tarix səhnəsində bu gün Azərbaycan hansı məkrli düşmənlə üzbəüzdür. O, yaxşı bilirdi ki, Azərbaycanın qarşı-qarşıya dayandığı erməni diasporası, əlləri çox uzun erməni lobbisi hansı imkanlara malikdir. Bunun qarşısına isə yalnız Azərbaycan qalası ilə çıxmaq mümkündür. Heydər Əliyev bunu hələ çox uzaq onillərdən bilirdi və ona görə də tədbiri elə onillər öncədən də görməyə başlamışdı. Hələ sovet dönəmində “Vətən” cəmiyyətinin yaranmasının təşəbbüsçüsü olmuşdu. “Vətən” cəmiyyəti bir körpüyə dönmüş, dünyanın dörd bucağına səpilmiş azərbaycanlılarla yurdumuz arasında rabitələri qurmağa başlamışdı və artıq müstəqillik dönəmində Heydər Əliyev bu işi daha böyük miqyasda həyata keçirməyə başladı. Əvvəlcə özü dünyanı qarış-qarış gəzdi, Azərbaycan icmasının təmsilçiləri ilə görüşdü, onları öz ətrafında cəmlədi, soydaşları sabahkı böyük niyyətləri üçün tənzimlədi. Bunun ardıncasa xəyala belə sığmayan növbəti addımını atdı. 1926-cı ildə Bakıda möcüzə sayılası hadisə baş vermiş – ilk türkoloji qurultay keçirilmişdi. Sovet repressiyaları başlananda həmin Birinci Türkoloji qurultaya toplaşmış parlaq Azərbaycan ziyalılarının hamısı məhv edildi. Heydər Əliyev 70 il sonra bu tarixi ədalətsizliyi də aradan götürdü – Türkoloji qurultayın ildönümünü keçirdi və ardınca da Azərbaycanda bir röya, əfsanə sayılacaq arzunu gerçəkləşdirdi. Ən müxtəlif ölkələrə səpilmiş azərbaycanlıları Bakıya çağırdı, dünya azərbaycanlılarının ilk qurultayını keçirdi. Bu, Heydər Əliyevin

ucaltmaq arzusunda olduğu Azərbaycan qalasının ilk ən mühüm, ən vacib bünövrəsi idi. Ardınca xaricdə yaşayan soydaşlarla daimi əlaqə saxlayacaq bir komitəni təsis etdi. Bu komitə qısa zamanda xaricdə yaşayan, bütün dünya boyu səpilmiş azərbaycanlıların doğmaca evinə döndü. Heydər Əliyev elə bir Azərbaycan qalası yaratdı ki, ona daha heç vaxt zaval olmayacaq: “İndi azərbaycanlıların bir müstəqil dövləti mövcud olduğu halda, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir-biri ilə daha da sıx əlaqə qurması, öz həmrəyliklərini bəyan etməsi və müstəqil Azərbaycan dövləti ilə əlaqələr yaratması indi tarixin bu mərhələsində çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxmışdır. Bizim vəzifəmiz – Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, dünyada bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək indi artıq müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qursunlar. Bunlar hamısı dünyada olan bütün azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir. Biz böyük məmnuniyyətlə indi qeyd edə bilərik ki, dünyanın bir çox ölkələrində, Avropada, Şimali Amerikada artıq böyük Azərbaycan icmaları yaranıbdır. Son illər bu icmalar get-gedə təşkilatlanır, genişlənir və bunlar azərbaycanlıların yaşadıqları ölkələrdə onların birliyini, həmrəyliyini təmin edir. Son illərdə bu proses sürətlə həyata keçirilir və güman edirəm ki, müstəqil Azərbaycanın varlığı məhz bu həmrəyliyin inkişaf etməsinin əsasını təşkil edir. Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar öz ölkələrinin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar, ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı – bütün azərbaycanlıları birləşdirən bizim milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir – ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, bizim xalqa məxsus olan adət-ənənələrdir. İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq gərək öz milliliyini qoruyub saxlasın. Dünyada eyni zamanda assimilyasiya prosesi də var. Gərək insanlar, – mən azərbaycanlılar haqqında danışıram, – yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, öz milli köklərinə sadiq olsunlar”.

Bu, unudulmaz Heydər Əliyevdən bizə saxlanc olan bir düsturdur. Milləti, onun yaddaşını, ruhunu qoruyub yaşatmağın, dünyadakı xalqlar sırasında həmişə öndə qala bilməyin düsturu.

...Yaşı bilinməyən dağlarımızın cərgəsində bir Heydərbaba dağı ucalır. Ustad Şəhriyar o dağa təzim etdi, “Heydərbabaya salam” yazdı. Amma Azərbaycan tarixinin bir başqa “Heydərbaba dağı” da var. Azərbaycan uşaqları, yeniyetmələr sevə-sevə Ulu Öndərə “Heydər baba” deyirlər.

“Heydər Əliyev dağı” Azərbaycan tarixinin bütün gələcəklərində ucalacaq və Azərbaycan xalqı – millətimiz də həmişə o dağa – böyük Heydər Əliyevə salamlar göndərəcək.

Heydər Əliyev ömrü boyu çalışdı ki, ölkəsinin sərhədləri keçilməz olsun, toxunulmaz olsun. Amma Heydər Əliyevin ən böyük arzusu idi ki, milləti sərhədsiz olsun, millətinin sıra nəfərləri arasında sərhəd qalmasın – onlar bir-birinə əl uzatsınlar, yaxın olsunlar, doğmalaşsınlar, qaynayıb-qarışsınlar, can deyib can eşitsinlər. Bu arzusuna yetmək üçün Heydər Əliyev ən möhkəm təməllər yaratdı, o bünövrə üzərində millətimiz ucalır, həmin özüllər üstündə dünya azərbaycanlıları yüksəlir. Bu millət dayaqları üzərində ucalan dünya azərbaycanlılarının – bütün millətimizin Heydər Əliyevin o böyük arzusunu sonadək həyata keçirmək, ən parlaq bir gerçəyə döndərmək vəfa borcudur.

 

Siyasət