Qazaxıstanın Nəqliyyat Nazirliyinin mediada yayılan məlumatına görə, cari ilin 11 ay ərzində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yük daşımalarının həcmi (ötən ilin eyni dövrü ilə müqayisədə 63 faiz çox) 4,1 milyon tona çatıb. Hesabat dövründə bu marşrutla konteyner daşımaları 50,5 min TEU (1il əvvələ nisbətən 2,6 dəfə çox) təşkil edib.
Məlumatda Orta Dəhlizin davamlı artım göstəriciləri ilə diqqət çəkdiyi, marşrutun buraxılış qabiliyyətinin ildə 6 milyon tona, o cümlədən 100 min TEU konteyner daşımalarına qədər artması ilə təsdiqləndiyi, ötürücülük qabiliyyətinin artırılmasına və xidmət keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş infrastrukturun modernləşdirilməsinə xüsusi önəm verildiyi qeyd olunub.
Xatırladaq ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.