Azərbaycan İƏİT-lə əməkdaşlığı genişləndirir

post-img

Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə əməkdaşlığının yeni istiqamətlər üzrə inkişafı müzakirə olunub. Bu barədə XQ-yə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının dövlət mülkiyyəti və özəlləşdirmə üzrə işçi qrupunun sədri, Böyük Britaniyanın dövlət investisiyaları üzrə qurumunun baş icraçı direktoru Çarlz Donaldın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Söhbət zamanı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə uğurlu tərəfdaşlıq qeyd olunub, müxtəlif sahələrdə birgə səylərin əhəmiyyəti vurğulanıb. Görüşdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, dövlətə məxsus müəssisələrdə dövlətin iştirakının azaldılması, iqtisadi səmərəliliyin yüksəldilməsi, maliyyə dayanıqlılığının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəzərə çatdırılıb.

Nümayəndə heyətinin üzvləri Azərbaycanla birgə layihələrin icrasından məmnunluqlarını ifadə edib, təşkilata üzv ölkələrin dövlət müəssisələrində idarəetmə prinsipləri barədə təcrübələrini bölüşüblər.

Görüşdə, həmçinin ölkəmizlə İƏİT arasında əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı, həmçinin Azərbaycan İnvestisiya Holdinqi və onun portfel şirkətlərinin dayanıqlı fəaliyyəti, korporativ idarəetmə prinsiplərinə uyğun idarə olunması istiqamətində prioritet məsələlər müzakirə edilib.

İqtisadiyyat