Ağdamdan Xankəndiyə geniş yol çəkilir

post-img

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması davam etdirilir. Bildirilir ki, başlanğıcı Bərdə-Ağdam avtomobil yolundan başlayan yolun ümumi uzunluğu 33,6 kilometrdir.

Sözügedən yolun ilk 11,7 kilometrlik hissəsi layihə üzrə II texniki dərəcəyə uyğun, qalan 21,9 kilometrlik hissəsi isə I texniki dərəcəyə uyğun yenidən qurulur. Torpaq yatağının eni müvafiq olaraq 15 və 26,5 metr təşkil edir.

Hazırda layihə boyu torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilməklə magistralın tikintisi aparılır. Bundan başqa yol boyu müxtəlif diametrlərə malik düzbucaqlı və dairəvi suötürücü boruların, eləcə də keçidlərin tikintisi işləri görülür. Qeyd edilən işlərə paralel olaraq 1 və 3 aşırımlı 5 körpünün inşası da sürətlə davam etdirilir.

Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu bölgədə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək.

Magistral Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlərin Ağdam şəhərinə daxil olmadan bu yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam etdirmələrinə imkan verəcək.

İqtisadiyyat