Aqrar sığorta üzrə növbəti 100 min manat ödəniş olub
Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta mexanizminin tətbiqi getdikcə genişlənir. Bugünlərdə aqrar sığorta çərçivəsində meyvə bağları və sair əkinlər üzrə növbəti böyük məbləğdə ödənişlər həyata keçirilib. Ödənişlər Xaçmaz və Quba rayonlarında müxtəlif hadisələr nəticəsində zərər çəkmiş fermer və təsərrüfatları əhatə edib.
Aqrar Sığorta Fondunun məlumatına görə, Xaçmaz rayonunda yerləşən “TREK SERVİCE ENGİNEERİNG” MMC şirkətinə badam bağına dəymiş zərər üzrə ödəniş edilib. Rayonun Cığatay kəndində yerləşən şirkətin badam bağına donvurma nəticəsində böyük zərər dəyib. Bu barədə məlumat aldıqdan sonra Aqrar Sığorta Fondu tərəfindən təsərrüfata ezam edilən ekspertlər zərəri hesablayıblar. Nəticədə, badam bağlarına dəymiş zərər üzrə rekord məbləğdə – 73 min 768 manat ödəniş həyata keçirilib. Bu, indiyədək Azərbaycanda badam bağına dəymiş zərər üzrə ən böyük sığorta ödənişidir. Bundan əlavə, Xaçmaz rayonunda yerləşən digər təsərrüfatda alça bağına quşların vurduğu zərər üzrə “vəhşi heyvanların hücumu” riski nəticəsində 2 min 551 manat sığorta ödənişi edilib.
Quba rayonunda isə taxıl sahəsini dolu vurması nəticəsində təsərrüfata dəymiş zərər üzrə sahibkara 15 min 420 manat ödənilib. Eyni zamanda, taxıl sahəsinə vəhşi çöl donuzlarının hücumu nəticəsində “vəhşi heyvanların hücumu” riski üzrə 1546 manat ödəniş həyata keçirilib. Bununla yanaşı, rayonda yoluxucu xəstəlikdən tələf olmuş mal-qaraya görə kiçik təsərrüfata 4 min 680 manat məbləğində sığorta ödənişi edilib.
Fonddan bildiriblər ki, sığorta ödənişlərinin təqdim olunması mərasimində aqrar sığorta mexanizminin əkin sahələrini və heyvandarlıq təsərrüfatlarını dolu, fırtına, qasırğa, sel-subasma, şaxtavurma (donvurma), leysan, normadan artıq qar yağıntıları, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri və sair çoxsaylı risklərdən qoruduğu fermerlərin diqqətinə çatdırılıb. Onlara bir daha izah olunub ki, təsərrüfatları belə risklərdən qorumaq üçün ən yaxşı üsul dövlətin dəstəyi ilə sərfəli şərtlərlə təqdim edilən aqrar sığorta mexanizmindən faydalanmaqdır. Mövcud mexanizmə əsasən, sığorta haqqının 50 faizini fermerə dəstək üçün dövlət ödəyir, nəticədə fermerlər cüzi ödəniş müqabilində təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilərlər.
Yeri gəlmişkən, Aqrar Sığorta Fondunun zərər görmüş fermerlərə ödənişləri sürətlə artır.Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin 10 ayında fermer və təsərrüfatlara 4 milyon manat sığorta ödənişi edilib. İlin sonunadək isə bu məbləğin 6 milyon manatı keçəcəyi gözlənilir. Ümumilikdə isə, indiyədək Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 11 milyondan artıq sığorta ödənişi edilib.
Xatırladaq ki, aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər, həmçinin fondun 1651 çağrı mərkəzinə zəng etməklə aqrar sığorta barədə məlumat ala və təsərrüfatlarını sığortalaya bilərlər.