Türkiyənin Qars Ticarət və Sənaye Palatasının üzvləri ölkəmizə səfəri çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində olublar.
Burada keçirilən görüş zamanı mərkəzin icraçı direktorunun müavini Ramil Hüseyn Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrinin artırılmasının yolları haqqında danışıb. Eyni zamanda, o, işğaldan azad olunmuş ərazilərdə mövcud olan investisiya imkanları və dövlətin iqtisadi təşviq alətləri haqqında geniş təqdimatla çıxış edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov isə Azərbaycan məhsullarının ixracı və xarici ticarət tərəfdaşları ilə əlaqələrin qurulmasında portalın rolu barədə qonaqlara məlumat verib. O, “azexport.az” saytında təqdim olunan xidmətlər, xarici bazarlara çıxış üçün sahibkarlara göstərilən dəstək barədə danışıb.
Türkiyənin Qars Ticarət və Sənaye Palatası İdarə Heyətinin sədri Kadir Bozan və nümayəndə heyətinin digər üzvləri Qars vilayətində təmsil etdikləri biznes qurumları barədə məlumat veriblər. Türkiyəli qonaqlar ölkəmizlə biznes və ticarət əlaqələrinin inkişafında maraqlı olduqlarını ifadə ediblər.